Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək - Ekspert

<b>Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək - Ekspert</b>

Bundan qabaq da belə fikirlər səslənirdi ki, Rusiya Ermənistandan uzaqlaşır. Mən təkidlə o fikrimdə qalıram ki, artıq bu proses başlayıb

Bu sözləri Paşinyan-Putin görüşü və İrəvan-Moskva münasibətlərini şərh edən sabiq nazir, tanınmış politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında deyib. Politoloq bildirib ki, proses əlbəttə ki. bir günün içində, gözə çarpacaq şəkildə olmayacaq:
“Bu proses nəyə görə baş verəcək, niyə qaçılmazdır? Birincisi, bəllidir ki, Ermənistan cəmiyyəti, son hadisələr də bunu göstərir, daha çox Qərb həyat tərzini seçir. Onlar iqtisadi-siyasi, humanitar, bəşəri sivilizasiya deyilən seçimi Qərb tərəfə edirlər, bu qaçılmazdır. Çünki bu, təbii proseslərin nəticəsidir. Uzun müddət Ermənistanda belə fikirlər formalaşıb ki, Rusiya bunları istifadə edir, inkişaf üçün yol vermir, imkanlar mövcud deyil, iqtisadiyyat böhran içindədir, demoqrafik problemlər var”.
Diplomat qeyd edib ki, burada ikinci mühüm bir məsələ də var: “Qabaq ermənilər iddia edirdilər ki, onlara ruslar kömək etmir, Qarabağı da öz gücləri hesabına ələ keçiriblər və s. Yəni ”biz Rusiyasız da Azərbaycanla bacararıq". İndi Ermənistan cəmiyyətində birmənalı fikir formalaşıb ki, yox, Ermənistan Rusiyasız qalsa, təhlükəsizlik zəmanəti olmasa, Azərbaycan qısa müddətdə işğal altındakı torpaqlarını geri qaytara bilər. İndi bunların qarşısında bir problem durur. Yəni istəyirlər onların təhlükəsizliyini Rusiya təmin etsin, digər istəkləri odur ki, gələcəklərinin təminatçısı Qərb olsun. Yəni bu, daxili, bir-birinə zidd olan məsələlərdir. Bu məsələləri həm də Rusiya başa düşür. Odur ki, əsas sual bundan ibarətdir: Rusiya bu yükü daşımağa hazırdır, ya yox? Elə bil, sən kimisə qoruyursan, amma o, digər tərəfə baxır. Dəfələrlə belə ritorika səslənib ki, qadını kimsə saxlayır, amma həmin qadın başqasına baxır. Hətta Ermənistanla bağlı belə bir fikir Rusiya efirində də səsləndi. Hesab edirəm ki, Rusiya bu şərtlər daxilində Ermənistanın təhlükəsizliyini müdafiə etməyə hazır deyil və etməyəcək də. Bu, birmənalı prosesdir".
T.Zülfüqarov İrəvanın Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlara əl atmasını da təsadüfi saymadığını bildirib: “Onlar bu vəziyyəti anlayaraq istəyirlər ki, bu və ya digər şəkildə iki dövlət arasındakı hüdudda gərginliyi artırsınlar və Rusiyanı sınağa çəksinlər. Bununla Rusiyaya demək istəyirlər ki, ya sən bizi qoruyursan, ya da qorumadığını birmənalı şəkildə deyirsən, onda biz öz işimizi biləcəyik. Yəni bu, Paşinyanın arxasında duran adamların məntiqidir. Bu gərginliyin məhz Naxçıvanla sərhəddə, uzun müddətdir sakitliyin hökm sürdüyü yerdə artmasının səbəbi budur. Digər məqsəd də var. Naxçıvan xüsusi statusa malik olan ərazidir və onun təhlükəsizliyinin təminatçıları həm Rusiya, həm də Türkiyədir. Yəni bu faktor da mövcuddur. Ermənilər birmənalı şəkildə istəyirlər ki, məhz bu yerdə rusların uzun illər verdiyi vədləri sınaqdan keçirsinlər. Bilmək istəyirlər ki, Rusiya onları qoruyacaq, ya yox? Qorusalar, yaxşıdır, qorumasalar, onda açıq deyəsəklər ki, siz bizi qorumursunuz, gedirik Qərbə tərəf. Ümumiləşdirəndə bu, Rusiya üçün təzyiq, onu şantajdır”.
Sabiq nazirin fikrincə, indiki situasiyanın necə olmasından asılı olmayaraq, Rusiya sonda Ermənistandan gedəcək: “Çünki Rusiyanın Ermənistanda gələcəyi yoxdur”.
Ekspert bununla yanaşı, Kremlin Bakını təhdid altında saxlamaqdan ötrü vaxtaşırı Ermənistana silah-sursat göndərməsini də unutmamağı vacib sayır.
T.Zülfüqarov Putin-Paşinyan görüşündə mühüm müzakirələrin olması barədə ermənilərin iddialarını ciddi saymır: “Bu barədə açıqlamalar təkcə erməni tərəfdən verilir. İstisna etmirəm ki, Paşinyanın əsas məqsədi daxili auditoriyaya xitab etməkdir. O, hamıya sübut etmək istəyirdi ki, təhlükəsizlik çətiri Rusiyanın əlindədir, Rusiya Ermənistanda qalır və Putinlə görüş də bunu təmin etmək üçün vacibdir. Eyni zamanda, özünü qorumaq üçün bu addımı atdı. Bu baxımdan onun dediklərinə ciddi yanaşmağı məsləhət görməzdim. Çünki yuxarıda dediyimiz problem ortada qalıb. Yəni təhlükəsizliyi Rusiya təmin etsin, biz Qərbə üz çevirəcəyik və iqtisadi əlaqələr quracağıq. Əslində bu problem hələ Sərkisyanın vaxtında yaranıb və bunun davamını Paşinyan yaşayır”.
Eks-nazir istisna etmir ki, Soşi görüşü Paşinyana daha çox Putinin sürpriz qərarlarından və qəzəbindən sığortalanmaqdan ötrü lazım idi:
“Amma artıq Moskva özü üçün gələcək siyasətinin cizgilərini müəyyənləşdirib. Bunlar o problemi görürlər və yeganə çıxış yolu ondan ibarətdir ki, yaxşı, istəyirsiniz, Qərbə üz çevirin, elə isə biz niyə sizin təhlükəsizliyinizi havayı təmin etməliyik?"









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv