Son xəbərlər
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

İvanişvili onu arzulayan baş nazirini necə bitirdi?

<b>İvanişvili onu arzulayan baş nazirini necə bitirdi?</b>

Gürcüstanda siyasi böhran dərinləşməyə başlayıb

Dünən Baş nazir Georgi Kvirikaşvilinin istefaya getməsindən sonra faktiki olaraq hökumət də səlahiyyətlərini dayandırıb. Kvirikaşvilinin gözlənilməz addımına səbəb isə onun Bidzina İvanişvili ilə münasibətlərinin kəskinləşməsi olub. Belə ki, partiyanın iclasında çıxış edən İvanişvili Kvirikaşvilini sərt tənqid edərək, onu dövləti parçalamaqda ittiham edib.
Dünən xalqa müraciətində də Kvirikaşvili bu faktı dolayısı yolla təsdiq edib. O, hökumət rəhbərliyindən hakim partiya ilə fikirlərinin üst-üstə düşməməsi ucbatından getdiyini deyib.
Kvirikaşvilinin dünənki istefasından “Rustavi 2” televiziyasına müsahibəsində danışan Mixail Saakaşvili Marneuli hadisələrini Bidzina İvanişvilinin təşkil etdiyini, bununla da Georgi Kvirikaşvilini öz vəzifəsini tərk etməyə məcbur etdiyini bildirib. Onun sözlərinə görə, Kvirikaşvili həm də yaxınlaşan prezident seçkisi üçün istefaya göndərilib:
“İvanişvili prezident olmaqla öz biznes maraqlarını gerçəkləşdirmək istəyir. İvanişvilnin artıq Qərb ölkələri ilə bir sıra hüquqi problemləri var və prezident seçkisi ona toxunulmazlıq qazandıracaq”.
Maraqlı məqam isə Kvirikaşvilinin istefasının mərhələli şəkildə hazırlanması oldu. Belə ki, 12 mayda Bidzina İvanişvili yenidən siyasətə qayıtdığını elan etdi. O, dönüşündə baş nazir olmağı hədəfləmədiyini dedi. Üstəlik, milyarder Kvirikaşvili ilə fikir ayrılığının olmadığını da söylədi.
Kvirikaşvili də mətbuat qarşısına keçərək, sevinclə milyarderin geri döndüyünü dedi. O, İvanişvili bir neçə dəfə geri səslədiyini, amma İvanişvilinin özünün bundan imtina etdiyini etiraf etdi.
Kvirikaşviliyə “quyu qazılması” məhz İvanişvilinin geri dönüşündən bir neçə gün sonra başladı. Belə ki, əvvəlcə Tiflisdəki gecə klublarında narkotacirlərə qarşı genişmiqyaslı reyd keçirildi. Bu, gəncləri küçələrə axın etməyə məcbur etdi. Hətta Tiflisdə narkotikdən istifadənin liberallaşdırılmasının tərəfdarları ilə əleyhdarları arasında toqquşma da yaşandı. İvanişvilinin reper oğlu Bera da “Legalize” mahnısıyla narkotikin leqallaşdırılmasını müdafiə etdi. Məhz bu aksiyalarda ilk dəfə Kvirikaşvilinin istefası səsləndirildi.
Bundan iki həftə sonra isə Tiflisdə daha bir aksiya başladı. Bu dəfə aksiya iki yeniyetmənin qətlinin doğru araşdırılmaması və günahkarlara həbs cəzasının az verilməsinə görə keçirildi. Etirazçılar əvvəlcə ədliyyə, daxili işlər nazirlərinin istefasını, daha sonra hökumətin istefasını səsləndirdilər. Kvirikaşvilinin etirazçılar qarşısına çıxmaq cəhdi isə uğursuzluqla nəticələndi. Hətta etirazçılar onu butulka atəşinə belə tutdular.
Proseslər bununla bitmədi. Tiflisdə metro maşinistlərinin də tətilləri başladı. İki gün davam edən tətil Tiflisdə nəqliyyat kollapsına səbəb oldu. Proses iki gün sonra hakimiyyətin faktiki olaraq etirazçıların tələblərini qəbul etməsiylə başa çatdı.
Kvirikaşvilinin getməsində həlledici məqam Marneuli hadisələri oldu. Marneuli meri Temur Abazovun İvanişvili və merin özünü təhqir edən Vahid Milli Hərəkat Partiyasının üzvünü döydürməsi, onu üzr istəməyə, daha sonra isə üzünü öz nəcisinin qarışdığı su ilə yumağa məcbur edilməsi hökumətə qarşı etirazlara sürətləndirdi. Bu həm hökumət daxilində İvanişvilinin Kvirikaşviliyə qarşı daha sərt mövqe tutub, hakimiyyətə geri qayıtması üçün yolu açmış oldu.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv