Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
QHT XƏBƏR

Sumqayıtda sosial şəbəkələr müzakirə edilib

<b>Sumqayıtda sosial şəbəkələr müzakirə edilib</b>

Rəfail Becanov: “İşğalçı Ermənistanda sosial şəbəkə istifadəçiləri Azərbaycan əleyhinə xüsusi kampaniyalar təşkil edirlər”

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Sosial şəbəkələrdə milli maraqların effektiv təbliği üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsi çərçivəsində növbəti ictimai müzakirəni Sumqayıt şəhərində keçirib.
İctimai müzakirə Sumqayıt şəhər Tarix Muzeyində baş tutub. Tədbirdə ictimaiyyətin və QHT-lərin nümayəndələri, fəal gənclər, KİV təmsilçiləri, bloggerlər iştirak edib.
İctimai müzakirədə sosial mediada əxlaqi, milli-mənəvi dəyərlərin pozulması, virtual şəbəkələrin yaratdığı geniş imkanlar və bunlardan istifadə qaydalarında söz açılıb.
Təşkilatın sədri Rəfail Becanov tədbiri açaraq müzakirəyə çıxarılan məsələlərin aktuallığında danışıb. R.Becanov vurğulayıb ki, bu gün sosial şəbəkələrin verdiyi imkanlardan çox hallarda yanlış məqsədlər üçün istifadə olunur:
“Sosial şəbəkələr böyük bir kəsimin gündəlik həyat tərzinə çevrilib. Bu özü özlüyündə çox yaxşı haldır. Təbii ki, əgər sosial şəbəkələrin verdiyi imkanlardan doğru istifadə olunarsa, o zaman bir çox nailiyyətlə əldə etmək mümkündür. Bu gün dünyada ciddi şəkildə informasiya müharibəsi gedir. Azərbaycan 25 ildən artıqdır ki, müharibə şəraitində yaşayır. İşğalçı Ermənistanda sosial şəbəkə istifadəçiləri Azərbaycan əleyhinə xüsusi kampaniyalar təşkil edirlər. Biz adekvat cavab verməliyik. Gəncləri fəallığı artırılmalıdır. Doğrudur, bu sahədə müəyyən işlər görülür, ancaq Azərbaycanda 1.5 milyona yaxın facebook istifadəçisi var. Bu isə o deməkdir ki, bu sahədə daha uğurlu fəaliyyət göstərə bilərik”.
Layihənin eksperti, jurnalist Vilayət Muxtar isə çıxışında sosial şəbəkələrin verdiyi imkanlar doğru istifadə edilməməsindən danışıb. V.Muxtar qeyd edib ki, sosial şəbəkələr geniş imkanlar açsa da, bunlardan tam şəkildə istifadə edilmir:
“Sosial şəbəkələr böyük dünyanı kiçik məkanda birləşdirən vasitədir. Biz isə çox vaxt bu böyük imkanlardan yanlış məqsədlər üçün istifadə edirik. Zərərli vərdişlər, qeyri-ənənəvi dinlərin yayılmasında da sosial şəbəkələrin “böyük” rolu var. Məhz bu cür zərərli təbliğatların qurbanına çevrilməmək üçün sosial şəbəkələrdən düzgün istifadə etmək vacibdir. Bunun üçün maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinə böyük ehtiyac var”.
Layihənin eksperti, AMEA-nın əməkdaşı Mehriban Sadıqova da çıxışında bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb: “Xüsusilə azyaşlıların bu cür layihələrə cəlb olunması vacibdir. Çünki onlar sosial şəbəkələrdə daha tez aldana, kimlərinsə təsirinə düşə bilirlər. Düşünürəm ki, maarifləndirmə bunun qarşısını almaq üçün ilkin və vacib vasitələrdən biridir”.
Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova isə çıxışında sosial şəbəkələrin təhlükələri barədə müəllimlərin xüsusilə fəal olmasının vacib olduğunu deyib: “Gələcəyimiz olan uşaqları bu təhlükədən qorumağın başlıca yollarından biri məhz budur. Məktəblərdə bu cür maarifləndirmə işlərini müəllimlər aparmalıdır. Gənclər sosial şəbəkələrə qoşularkən artıq nələrin təhlükə vəd etdiyini bilməlidir”.
İctimai müzakirədə iştirak edən Sumqayıt İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov da bu gün sosial şəbəkə istifadəçilərinin yaratdığı problemlərə toxunub. F.Kazımov sosial şəbəkələrdə qanunazidd fəaliyyət göstərənlər üçün nəzərdə tutulan cəza tədbirlərinin çox yüngül olduğunu və bu problemin aradan qaldırılması üçün cəza tədbirlərini daha da sərtləşdirməyin zəruriliyini vurğulayıb.
"Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB-nin sədri Səbinə Kərimova, 19 nömrəli orta məktəbin müəlliməsi Sevinc Mustafayeva və 26 nömrəli məktəbin müəlliməsi Fərqanə Zahidova çıxış edərək öz fikirlərini bölüşüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv