Son xəbərlər
22 İYUL
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
MEDİA

İşıq gələn tərəf...

<font color=red><b>İşıq gələn tərəf...</b></font>



...Uşaqlığımın ən sevimli nağılı “Cırtdanın nağılı” idi. Çox kiçik yaşlarımda bu nağılı sadəcə dinləyir, nənəsinin yağlı fətirinin qarşılığında odun şələsini dostlarına yükləyən, “işıq gələn tərəf”lə “it hürən tərəf” arasında birincinin xeyrinə seçim edən bu balaca “qəhrəman”ın nəhəng divi necə aldatdığından həzz alırdım. Suallar sonra, azacıq böyüdükdən sonra yaranmağa başladı. Və necə başladı: “Ay ana, cırtdan niyə çörəyə görə dostlarının boynuna minnət qoyur, öz şələsini də onların boynuna yükləyir?”, “Ay ana, Cırtdan niyə it hürən tərəfə getmədi?”, ay ana..., niyə?...
Bizim nağıllarımızda işıq gələn tərəfdə mütləq bir div olmalıydı, su gələn tərəfdə isə üçbaşlı əjdaja... Amma it hürən tərəfdə kimin, yaxud nəyin olduğunu bilmirdik. Bilmək üçün getmək lazım idi, getmək üçün isə cəsarət...
İşıqlar kəsiləndə nədənsə ağlımdan ilk keçən “Cırtdanın nağılı” oldu. Mən hansını seçərdim görəsən, “işıq gələn”, yoxsa “it hürən” tərəfi... Hər tərəf qaranlığa bürünmüşdü. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Deyəsən onlar da gedəcəkləri tərəfi seçmək üçün işıq axtarırdılar... Mən “Cırtdanın nağılı”nın qəhrəmanı olsaydım çox güman ki, “it hürən” tərəfi seçərdim. “İt hürən tərəf”də insanlarla qarşılaşacağımı bildiyimə görə... Amma gerçək həyatda həmişə işıq gələn tərəfi seçmişəm. Hətta orda “div”in, “üçbaşlı əşdaha”nın olduğunu bilsəm də...
...O axşam bütün ölkədə işıqlar söndü və ağlımızın, səbrimizin, vətənə olan sevgimizin işığına doğru yürüməkdən başqa yolumuz qalmadı.
İşıqsız günlər bizə çox şeyi anlatdı... Kim nə deyir, desin, həm millət, həm də dövlət olaraq bu sınaqdan ləyaqətlə çıxmağı bacardıq. Adi günlərdə bir-biri ilə nəinki “it hürən”, yaxud “işıq gələn” tərəfə, ümumiyyətlə yola getməyənlərin necə yardımlaşdıqlarının şahidi oldum.
Redaksiyamızın qarşısında su növbəsinə dayanan insanlara təsadüfən bu ərazidən keçən polis əməkdaşının necə məyus-məyus, utanaraq baxdığını gördüm, diqqət kəsildim. Həmin anda əvvəllər heç yerdə qarşılaşmadığım o sıravi polis əməkdaşının dövlətinə, Vətəninə və onun insanlarına olan sevgisi üzünün cizgilərinə hopmuşdu... Sevgiqarışıq bir utancaqlıq süzülürdü baxışlarından. Utanırdı, həm də öz yerinə yox, işığı qoruya bilməyən fərasətsiz “div”in – Etibar Piriverdiyevin yerinə...
...Bu ekstrimal vəziyyətdə dövlət qan-tər içində insanları evakuasiya edən, həyəcan keçirənlərə ilkin tibbi yardım göstərən polisin, FHN əməkdaşlarının və vəzifələrini ləyaqətlə icra edən bütün digər qurumların təmsilçilərinin timsalında vətəndaşın yanında idi... Baş verənləri anlayışla, səbrlə qarşılayan, hər şeyin əvvəlkindən daha yaxşı olacağına inanan, güvənən vətəndaş da dövlətin yanında...
...Bu hadisə dönüş nöqtəsi oldu. Təfərrütına varmayacağam. Amma bundan sonra işinin öhdəsindən gələ bilməyən etibarsızlara etimad göstəriləyəcəyi heç müzakirə mövzusu ola bilməz. Etibarlı olmaq lazımdı, həm də sözün bütün mənalarında...
Bu gün “hansı tərəfə gedək” dilemması qarşısında qalmamışıq. Yolumuz da, izimiz də, hədəflərimiz də bəllidir.
Yazının əvvəlində “Cırtdanın nağılı” ilə bağlı uşaqlıq xatirələrimdən söz açmışdım. Elə indicə ağlıma gəldiyi üçün bu nağılla bağlı bir məqama diqqət çəkmək istəyirəm: Mənə elə gəlir ki, uşaqlığımın sevimli nağılının sonluğunda böyük bir boşluq var. Bu nağılda Cırdtan dostlarını işıq gələn tərəfə aparır, divi aldadıb yuxuya verir və geri, mənim qənaətimə görə it hürən tərəfə qayıdır. Amma işığı özü ilə götürmür, divin yanında saxlayır. Bu baxımdan, qənaətimə görə, hər bir azərbaycanlının uşaqlığının leytmotiv nağılı olan “Cırtdanın nağılı”nda nəticə yoxdur. Və bu nəticəsizlik ola bilsik ki, nağıldan düşüncə tərzimizə və sonra da həyatımıza daxil olub. Zənnimcə, bu nağılı yenidən yazmaq, işığı divin əlindən alıb it hürən tərəfə aparmaq lazındır.
Həmişə işıqlıqda!
P.S. Baş verənlər sübuta yetirdi ki, işığı və işıqlı adamları qorumaq lazımdır...
İşıqdan qaranlığı görmək olmur, amma qaranlıqdan işıq daha aydın görünür. ...Buna baxmayaraq işığı işıqdan görmək daha gözəldir!
Lənət qaranlıqlara!
Gələcək işıqda, işıqlı təfəkkürdə, elmdə, təhsildə, mədəniyyətdədir. İşıqlı Azərbaycanı sevin, zülmətə, qaranlığa tabe etdirməyin!
Bircə günün qaranlığına dözmək olmur!
İşığı qoruyun, həm də məsuliyyətlə, göz bəbəyiniz kimi, övladınıza olan sevgi kimi qoruyun!


Elçin Mirzəbəyli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv