Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Azərbaycan Prezidentinin Fransaya səfəri böyük əhəmiyyətə malikdir

<b>Azərbaycan Prezidentinin Fransaya səfəri böyük əhəmiyyətə malikdir</b>



Son bir neçə gün ərzində Azərbaycanın Avropa məkanında artan nüfuzunu vurğulayan iki mühüm hadisə - İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya gəlməsi, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi inkişafı və təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Hər iki səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyü, eləcə də ikitərəfli münasibətlərin və Avropa İttifaqı ilə əlaqələrin inkişafı ilə bağlı verdikləri bəyanatlar ölkəmizin regional, subregional və qlobal müstəvidəki mövqelərini gücləndirir, bizi öz strateji hədəflərimizə daha da yaxınlaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Prezidentinin Fransaya səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər qarşılıqlı əlaqələrin çoxvektorlu inkişafı üçün geniş perspektivlər açır. Fransa əhalisinin sayına və ərazisinə görə Avropa İttifaqının ən böyük ölkəsidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Fransa iqtisadiyyatı dünyada 6-cı yeri tutur və 2016-cı ildən başlayaraq daha sürətlə inkişaf edir. Qeyd olunanlarla yanaşı, Fransanı Azərbaycanın maraqları baxımından önəmli edən məqamlardan biri də burada çoxsaylı erməni diasporunun mövcudluğu və onların uzun illər boyu ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası, Fransa-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə zərbə vurmaq niyyətləridir. Lakin erməni diasporu və lobbisinin apardığı total qarayaxma kampaniyasına, çoxsaylı təxribatlara baxmayaraq, Azərbaycan nəinki qarşılıqlı münasibətlərin inkişafına mane ola biləcək amillərin aradan qaldırılmasına, hətta əlaqələrin strateji tərəfdaşlıq perspektivi vəd edən müstəviyə qədəm qoymasına nail olub.
Elçin Mirzəbəyli deyib ki, Azərbaycan Prezidentinin Fransaya səfərinin Ermənistan rəsmiləri, kütləvi informasiya vasitələri və ekspertləri tərəfindən böyük narahatlıqla qarşılanması da qarşılıqlı münasibətlərin inkişaf perspektivləri ilə bağlı əldə olunan nəticənin effektivliyinin göstəricisidir. Erməni politoloqlar Fransa-Azərbaycan münasibətlərinin inkişafını rəsmi Yerevanın son dövrlərdə atdığı bütün addımların uğursuzluğa düçar olduğunu və bundan sonra da hər hansı perspektiv vəd etmədiyini bildirirlər. Onların qənaətinə görə, Azərbaycanın münasibətlərin inkişafına xidmət edəcək və möhkəm təməl yarada biləcək bütün resursları var. Ermənistan isə ortaqlığa heç nə qoymaq imkanında deyil, o, yalnız bu və ya digər dövlətin himayəsinə, mərhəmətinə sığına bilər. Əslində bütün bunlar Azərbaycanın dünyanın ən böyük dövlətləri ilə bərabərhüquqlu münasibət qurmasının, Ermənistanın isə bütün istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və hərbi müstəvidə müstəqil davranmaq, qarşılıqlı faydalı əməkdaşlıq etmək potensialında olmadığının etirafıdır. Erməni ekspertlər Ermənistanın dövlət kimi deyil, xarici donorlardan asılı olan qeyri-hökumət təşkilatı kimi formalaşdığını bildirirlər.
Siyasi ekspert hesab edir ki, Azərbaycan Prezidentinin Fransaya səfəri ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin perspektivi baxımından da yüksək qiymətləndirilməlidir. Fransa Prezidenti dövlətimizin başçısına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik məktubunda bildirmişdi ki, Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər. Bu, Fransanın Azərbaycana dəstəyi baxımından çox önəmli bir mesajdır və rəsmi Parisin bu yanaşması prezidentlərin görüşü zamanı da qabarıq şəkildə diqqətə çatdırıldı.
“Azərbaycan Prezidentinin Fransaya səfəri tarixi əhəmiyyət daşıyır və bu səfərin əhəmiyyəti ən yaxın zamanlarda Azərbaycan-Fransa, Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində özünü qabarıq şəkildə büruzə verəcək”, - deyə siyasi ekspert vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv