Son xəbərlər
16 OKTYABR
15 OKTYABR
12 OKTYABR
HADİSƏ

İlham Əliyev fərman imzaladı

<b>İlham Əliyev fərman imzaladı</b>

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb

Fərmanın mətnini təqdim edirik:
1. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilsin.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilsin.
3. “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
5. Müəyyən edilsin ki:
5.1. Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə (bundan sonra – Fond) keçir;
5.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılır;
5.3. Müşahidə Şurasının 5 (beş) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
5.3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
5.3.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
5.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
5.3.4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;
5.4. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;
5.5. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir;
5.6. Fondun nizamnamə fondu 1 094 254 581 (bir milyard doxsan dörd milyon iki yüz əlli dörd min beş yüz səksən bir) manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.
6. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
6.1. Azərbaycan Respublikasının Prezidentinə:
6.1.1. Fondun nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
6.1.2. Fondun yenidən təşkil və ləğv edilməsi;
6.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
6.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Fondun strukturunun, əməkhaqqı fondunun, işçilərinin say həddinin, əməyin ödənilməsi formalarının və miqdarının müəyyənləşdirilməsi;
6.2.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun ştat cədvəlinin təsdiq edilməsi;
6.2.3. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. Fondun vergi öhdəliklərindən azad edilməsi, habelə bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, ayrılmış güzəştli kreditlər üzrə müvəkkil kredit təşkilatlarının Fonda ödəyəcəyi bütün vəsaitin vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.5. Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun istifadəsində olan dövlət əmlakının inventarizasiyasını və qiymətləndirilməsini apararaq, həmin dövlət əmlakının Fondun istifadəsinə verilməsi ilə bağlı tədbirlər görsün;
7.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
8.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş təminatın həyata keçirilməsi məqsədi ilə dövlət qulluğuna xitam verilmiş şəxslərin, öz razılığı əsasında, Fondun ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində Fondda analoji vakant vəzifəyə təyin edilməsini təmin etsin;
8.2. dövlət qulluğuna xitam verilmiş və Fondda analoji vakant vəzifədən imtina etmiş şəxslərin dövlət qulluğunda ehtiyat kadr kimi saxlanılmasını təmin etmək məqsədi ilə həmin şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim etsin;
8.3. bu Fərmanın 8.1-ci və 8.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn məsələləri həll etsin;
8.4. Fondun dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
8.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Fondun dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
10. Bu Fərmanın 5.3–5.5-ci bəndlərinə müvafiq olaraq aidiyyəti dövlət qurumları bir ay müddətində Fondun Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin təyin olunmasını təmin etsinlər.
11. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 775; 2011, №10, maddə 886; 2013, № 8, maddə 904; 2014, № 6, maddə 645; 2016, № 8, maddə 1384, № 10, maddə 1631) 1-ci və 2-ci hissələri ləğv edilsin.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə Nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılsın.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etsin, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etsin.
3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 143 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” üzrə:
3.1.1. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:
“8. Nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”;
3.1.2. 10.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“10.10. Dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə yerlərdə kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi üçün tədbirlər görmək, onlara müxtəlif xidmətlər göstərilməsini təşkil etmək, Nazirliyin yerli qurumlarının fəaliyyətini əlaqələndirmək;”;
3.1.3. aşağıdakı məzmunda 18.2-1-ci bənd əlavə edilsin:
“18.2-1. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;”;
3.1.4. aşağıdakı məzmunda 18.7-1-ci bənd əlavə edilsin:
“18.7-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;”;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamə” üzrə:
3.2.1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Dövlət Xidmətinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”;
3.2.2. 14.5-ci bənddə “ayrılmış” sözündən sonra “, həmçinin büdcədənkənar xüsusi hesabındakı” sözləri əlavə edilsin;
3.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti haqqında Əsasnamə” üzrə:
3.3.1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Dövlət Xidmətinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”;
3.3.2. 14.6-cı bənddə “ayrılmış” sözündən sonra “, həmçinin büdcədənkənar xüsusi hesabındakı” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv