Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
MƏDƏNİYYƏT

Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü Daşkənddə qeyd edilib

<b>Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü Daşkənddə qeyd edilib</b>

Xalq artisti Gülyanaq Məmmədovanın tamaşaçılarla birgə ifası xüsusi anşlaqla qarşılanıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin “Turkiston” Respublika Sarayında möhtəşəm konsert proqramı təşkil olunub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, konsert proqramı Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin əldə edilməsinin 27-ci ildönümünə həsr olunub.
Dostluq konsertində Azərbaycanın xalq artisti, vokalist Gülyanaq Məmmədova, əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev və Özbəkistan tərəfindən beynəlxalq müsabiqələr laureatı, tanınmış müğənni Manzura Yuldaşova, “Nixol” dövlət mükafatı laureatları Gülasal Abdullayeva, “Özbək yoşları” musiqi qrupunun üzvü, tanınmış müğənni Omad Axmedcanov çıxış ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanın Nazirlər Kabineti yanında Xarici ölkələrlə dostluq əlaqələri və millətlərarası münasibətlər üzrə komitənin sədri Rüstambek Qurbanov açaraq, xalqlarımızın əldə etdiyi müstəqillik, onun millətlər üçün verdiyi imkanlar, ötən illərdə dövlətlərimizin əldə etdiyi uğurlardan danışıblar. Səfir Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə təşkil olunan dostluq konsertinin dostluğumuzun bir göstəricisi olduğunu qeyd edib və yüksək səviyyədə olan Azərbaycan-Özbəkistan münasibətləri barədə fikirlərini bölüşüb.
Komitə sədri Rüstambek Qurbanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, Azərbaycan-Özbəkistan dostluğunun qədim tarixi haqqında məlumat verib. Xalqlarımızın eyni mədəniyyətə, dilə, adət-ənənələrə mənsubluğunu qeyd edən komitə sədri, müstəqilliyimizin, dostluğumuzun əbədi olması və bu istiqamətdə daim geniş təbliğat aparılmasının vacib olduğunu vurğulayib.
Qeyd edək ki, dostluq konsertində dövlət nümayəndələri, səfirlər, diplomatlar, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.
Azərbaycan müğənniləri öz repertuarlarında milli və özbək musiqilərini ifa ediblər. Çıxışlar tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət olunub.
Xalq artisti Gülyanaq Məmmədovanın tamaşaçılarla birgə ifası xüsusi anşlaqla qarşılanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv