Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Azərbaycan diasporu: yeni mərhələ olacaqmı?

<font color=red><b>Azərbaycan diasporu: yeni mərhələ olacaqmı?</b></font>

Effektiv fəaliyyət üçün nələrə diqqət edilməlidir?

Bu gün Azərbaycan diasporunun çox ciddi problemləri var və bu çatışmazlıqların yaranma səbəbləri müxtəlifdir. Mövzumuz səbəbləri deyil, nəticəni araşdırmaq və irəliyə baxmaqdır. Reallıq odur ki, problemlər var, ciddidir və bunlar aradan qaldırılmalıdır. Bunun üçün də hazırda Azərbaycan üçün strateji əhəmiyyət daşıyan diasporun inkişafı və effektiv fəaliyyəti üçün yeniliklərə ehtiyac var. İndiyə qədər problemlərin nədən qaynaqlandığı barədə dəfələrlə yazmışıq və təəssüf ki, bunların heç biri diqqətə alınmayıb. Ona görə də hesab edirik ki, öncə strateji yanlışlıqlar aradan qaldırılmalıdır.
Bunlardan birincisi diaspor təmsilçilərimiz arasında kadr seçimi ilə bağlıdır və bu faktor müstəsna, eyni zamanda həlledici əhəmiyyət daşıyır. Onsuz da yerli cəmiyyətlərə inteqrasiya olunan, dili və yerli xalqın psixologiyasını bilən kadrlarımız barmaqla sayılacaq qədərdir. Kadr seçiminin nəyə görə strateji əhəmiyyət daşıdığını faktlarla əsaslandırmağa çalışacağam.
Əvvəlcə onu qeyd edək ki, hər kəs (diaspor təmsilçilərimiz) öz potensialına uyğun missiyanı öz üzərinə götürməlidir ki, qaş düzəltdiyimiz yerdə vurub göz çıxarmayaq. Dövlətə xidmət edirəm adı altında dövlətə zərbə vurmayaq. Məsələn...

Yersiz şüarlar hara aparır?

Konkret faktalara nəzər salaq. Aprel döyüşlərindən sonra Niderlandda Azərbaycan diasporu bir mitinq keçirdi. Orada səsləndirilən şüarlar yanlış idi, aqressiya və təhdid xarakterli olduğu üçün bizim ziyanımıza işlədi. Onu da təəssüflə qeyd edək ki, bu cür yersiz addımlar Azərbaycan diplomatik korpusunun və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının gözü qarşısında keçirilirdi...
Yaxşı, deyək ki, bəzi diaspor təmsilçilərimiz səhvə yol verə bilərlər. Bəs əlaqədar qurumların əməkdaşları hara baxırdılar? Niyə əvvəlcədən bunun bizim xeyrimizə olmaması əsaslandırılmadı? Ümumiyyətlə hansı şüarların səsləndiriləcəyi ilə bağlı əvvəlcədən müəyyənləşdirmə aparıldımı?
Xatırladaq ki, orada “Qarabağı ermənilərə məzar edəcəyik”, “ermənilərə ölüm”, “Allahu Əkbər” və dağıtmaq, vurmaq, öldürmək anlamı verən yersiz şüarlar səsləndirilirdi. Təbii ki, bu şüarlar mitinqə şahidlik edən yerli xalq tərəfindən müsbət qarşılanmaz. Onların əksəriyyəti Qarabağ problemi və onun mahiyyəti, bizim ermənilər tərəfindən nələrə məruz qaldığımız barədə məlumatlı deyil. Ona görə də bu cür şüarlarla bizim nə demək istədiyimiz anlaşılmır, nəticədə yerli xalq aqressiyanı təbliğ edirik deyə bizdən qaçır. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, bu cür addımlarla dövlətə zərbə vururuq. Ən acınacaqlısı isə biz bunu bilməyərəkdən (diaspor təmsilçilərimiz arasında əməkdaşlıq üçün kadr seçiminin yanlışlığı nəticəsində) edirik və dövlət üçün iş görürük deyə dövlətin apardığı siyasi strategiyaya zərbə vururq.

Dövlətə necə dəstək verək?

Təbii ki, hər bir azərbaycanlı minlərlə soydaşımızı qətlə yetirən, başını kəsən erməni vandallarına qarşı hiddətlidir. Amma bunu emosional şəkildə avropalılara təqdim etmək bizə uğur gətirmir. Bu bizim işimizə yaramayacaq axı. Əksinəq, dövlətin siyasətinə qarşı yönələcək. Niyə? Çünki Qarabağ məsələsində Azərbaycanın yürütdüyü strateji xətt var. Bu nədən ibarətdir? Azərbaycan dövləti xarici dövlətlərə, eyni zamanda beynəlxalq təşkilatlara bildirir ki, Azərbaycanın tərkibində olması şərtilə Qarabağa ən yüksək səviyyədə muxtariyyat verməyə hazırdır. Eyni zamanda biz deyirik ki, Qarabağda ermənilərlə birgə yaşaya bilərik, bu barədə heç bir problem və əngəl yoxdur. Yetər ki, ermənilər işğala son qoysunlar.
Amma bəzən bizim bəzi diaspor təşkilatlarımız bu strateji xəttə qarşı çıxaraq ermənilərin kökünü kəsmək istədiyini ortaya qoyur. Erməni lobbisi də bunun videoçəkilişlərini apararq beynəlxalq təşkilatlara göndərir və “Azərbaycan sizi aldadır”, “Azərbaycana aldanmayın” mesajını verərək, “biz bunlarla bir yerdə yaşaya bilmərik”, “bunlar bizi öldürərlər” anlamı daşıyan addımlar atır və bunu əsaslandırmağa çalışırlar. Ən acınacaqlısı da bu cür addımlarla özümüz ermənilərin fəaliyyətinə dəstək veririk. Onlara əsas yaradırıq.
Bundan başqa, o da məlumdur ki, erməni lobbisi uzun illər, ermənilərin guya azərbaycanlılar tərəfindən təzyiqə, təcavüzə məruz qaldıqları haqqında yalan informasiyalar yayıblar və azərbaycanlılarla bağlı aqressiv imic formalaşdırmağa çalışıblar. Bu səbəbdən də bu cür yanaşma tərzi əks effekt verir və ermənilərin uzun illər apardığı yalan təbliğata əsas yaradırıq.
Ona görə də hesab edirik ki, bu aqressiya döyüş meydanlarına saxlanmalı və Azərbaycanın daxilinə hesablanmalıdır. Xaricdə isə düşünülmüş, strateji hədəfə hesablanan, ağıllı, siyasi cəhətdən xeyrimizə olan addımlar atmalıyıq.

Avropada dini motiv kimə lazımdır?

Məhz bu amil bizim bir çox hallartda xaricdə - xüsusilə Avropada təşkil olunan kütləvi tədbirlərdə yanlış şüarlar səsləndirməyimizə səbəb olur. Bu da əks-effekt verir.
Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bu mitinqdən təqribən bir həftə sonra erməni mediası İŞİD-in aprel döyüşlərində Azərbaycana dəstək verdiyini yazırdı. Sizcə, bu təsadüfidirmi?
Qeyd edək ki, erməni lobbisi bəzən din faktorundan hiyləgərcəsinə istifadə edir və bu da əksər hallarda effektli olur.
Eyni zamanda, transmilli medianın İslam dünyasını İŞİD simasında təqdim etməsi avropalılarda İslam ölkələrinə və müsəlmanlara münasibəti də dəyişib.
Məhz bu amili nəzərə alan erməni lobbisi hiyləgər gediş edir.
Eyni zamanda, bu cür diaspor təmsilçilərinin verdiyi pasdan çox məharətlə yararlanaraq prosesləri həm də dini müstəviyə çəkir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hamısı xristian dövlətidir. Eyni zamanda, ciddi təsir gücü olan təşkilatlarda xristian dövlətləri dominantlıq edir. Belə olan halda hansı ağılla məsələni dini müstəviyə çəkirik? Bizim istinad nöqtəmiz beynəlxalq hüquq olmalı deyilmi?
Təbii ki, ermənilər bundan yararlanacaq. Onlar bu dezinformasiyanı yaymaqla, Avropa cəmiyyətlərinə “baxın, biz sizə daha yaxınıq və vəhşi, başkəsən müsəlman deyilik” mesajını verdi. Eyni zamanda, uzun illər boyu Azərbaycan tərəfindən hücumlara, təqiblərə məruz qaldıqlarını, Xocalıda soyqırıma biz uğradığımız halda azərbaycanlılar tərəfindən öldürüldüklərini əksər ölkələrdə cəmiyyətlərə yedirə biliblər.
Azərbaycan diasporu bütün bu amilləri və yuxarıda dediyimiz kimi, yerli xalqın dünyagörüşünü dəqiq bilməlidir ki, ona uyğun addım atsın.
Amma biz nə edirik? Bəzən bütün bunların əksini etməklə ağıllı və düşünülmüş taktiki ssenari ilə deyil, emosiyalarla, eyni zamanda yanlış hərəkət edir, nəticədə ciddi səhvələrə yol veririk.

Potensialı olan kadrlarımız – onları tanıyırıqmı?

Bütün bunların kökü isə kadr seçiminin yanlışlığıdır. Əcəba, biz niyə kadr seçimini yanlış aparırıq? Diaspor təmsilçilərini tanımırıqmı, kimin nəyə qadir olduğunu, hansı potensiala sahib olduğunu bilmirikmi? Bunu bilmək bu qədərmi çətindir? Təbii ki, bütün bunlar kadr seçimində yanılmaq üçün əsas deyil...
Məsələn, Amerikada Amerika Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azəri, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) direktoru Adil Bağırov, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, eyni zamanda Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, Belçikada Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Almaniyada Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal, İtaliyada İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Kesaplı (İtaliya hazırda Atətin sədridir), Yeni Zelandiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı və siyasətçi Tofiq Məmmədov, Macarıstanda fəaliyyət göstərən Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirli və.s kimi kadrları göstərə bilərik. Təbii ki bu siyahını genişləndirmək də olar, sadəcə, mən misal olaraq bu şəxslərin adını çəkdim. Bu cür insanlar niyə prosesdən kənarda qalıblar, niyə bunların imkanlarından, əlaqələrindən yararlanılmayıb? Hesab edirəm ki, belə kadrlarla işləmək son dərəcədə önəmlidir. Bundan başqa, yeni, eyni zamanda gənc kadrların üzə çıxarılması, onlara önəmli missiyaların verilməsi çox vacibdir ki, yuxarıda sadaladığım bəsit səhvlər təkrarlanmasın...
Bütün bunlar onu göstərir ki, diaspor fəaliyyətində yeni mərhələyə ehtiyac var. Amma bu yeni mərhələ doğru nöqtədən başlayacaq və yanaşma modeli fərqli olması ilə bərabər incəliyinə qədər hesablanacaqsa uğurlu və effektiv fəaliyyət müşahidə edə biləcəyik. Yox, əgər əvvəllər olduğu kimi səhvlər başqa formalarda təzahür edəcəksə, erməni lobbisinə uduzmaqda davam edəcəyik...

Əli Zülfüqaroğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv