Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
SOSİAL

Xarici gənclərə təhsil üçün qrantların verilməsi vacibdir

<font color=red><b>Xarici gənclərə təhsil üçün qrantların verilməsi vacibdir</b></font>

Nəzərbəy Hacıağayev : “Bu gün bu prosesin türkdilli xalqlarla başlaması bizim üçün daha avantajdır”

Böyükağa Mikayıllı: “Bu maraqların da əsasında dayanan amillərdən ən başlıcası tələbənin təhsil haqqı ödənişidir”

Yəhya Əli Mehdi: “BAXCP sədrinə təşəkkürümüzü bildiririk ki, mövzunu gündəmdə saxlayır”

Bir neçə gün öncə Milli Məclisin iclasında "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişliklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələr zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bir daha Qoşulmama Hərəkatına üzv dövlətlərin, xüsusən də türk əsilli gənclərin Azərbaycanda təhsil almalarına dövlət dəstəyinin vacibliyini qeyd edib.
Xatırladaq ki, Q.Həsənquliyev bu məsələyə zaman-zaman toxunub. Hətta BAXCP İdarə Heyətində də müzakirəyə çıxarılaraq xüsusi qərar qəbul olunub.
Bundan başqa bu ilin fevralında Azərbaycanda səfərdə olan İraqın Türkmeneli Partiyasının sədri, sabiq millət vəkili Riyaz Sarıkahyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Q.Həsənquliyev bir daha bu mövzunu onlarla müzakirə edib.
BAXCP sədri qonaqlara bildirib ki, yenidən parlamentdə İraq türkmən gənclərinin Azərbaycanda təhsil almalarına dövlət dəstəyinin zəruriliyi və vacibliyini ictimailəşdirəcək.
Onu da bildirək ki, bu ilin yanvarında Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.
Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınmış və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
2019-cu ildə ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının 18-ci sammiti keçiriləcək və Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma növbəti üç ildə sədrlik edəcəkdir. Bütün bunlar ölkəmizin Hərəkata üzv dövlətlərlə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.
Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxundan olan vətəndaşların vaxtilə Azərbaycanın ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil almaları və sonralar aparıcı mütəxəssislər kimi tanınmaları onların bu gün ölkəmizdə təhsilə marağını daha da artırır.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Qoşulmama Hərəkatına üzv dövlətlər ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq 2018-ci ildən başlayaraq Qoşulmama Hərəkatına üzv dövlətlərinin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin.
Müəyyən edilir ki, bu sərəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır; həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Nazirlər Kabinetinə tapşırılıb ki, bu srəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini təsdiq etsin. Eyni zamanda Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirsinlər.
Təhsil Nazirliyi bu Sərəncama uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən etsin və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsis edilmiş təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etsin.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan da daxil olmaqla türk dövlətləri - Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan öz müstəqilliyini təkrar qazandığı ilk illərdə qardaş Türkiyənin yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramını xatırladıb və bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar, buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən - Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və türk toplumlarından, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza - Cənubi Azərbaycan (İran), Dağıstan (Rusiya), Borçalı (Gürcüstan), gənclərə öncüllüyün verilməsi türk dövlət və toplumları , Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımızla əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir.
Eyni zamanda, millət vəkili Q.Paşayeva ağır durumda olan türk toplumlarına, İraq türkmənləri kimi soydaşlarımızın da bu kvotalar da yer almasına toxunub. Q.Paşayeva hələ ümummilli lider Heydər Əliyev “tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq” fikrini qeyd edib və deyib ki, İraq türkmənlərinin ləhcələrinin 98% bizim ləhcəmizlə eynidir və İraq türkmənlərindən müəyyən sayda istedadlı gənclərin Azərbaycana gəlib burda Azərbaycan dövlətinin dəstəyi və maliyyəsi ilə təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmənləri, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər, həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi baxımından çox strateji bir addım olar.
Statistikaya əsasən, bu tədris ilində ali məktəblərimizdə 63 xarici ölkədən tələbə oxuyur.
Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər.
Təhsil sahəsi üzrə jurnalist Böyükağa Mikayıllı BAXCP sədrinin təklifinin reallığı əks etdirdiyini söyləyib: “Mənim fikrimcə, xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili, onların təhsil haqqı məsələləri ali məktəblərin imkanları, onların bu istiqamətdə konkret proqramları çərçivəsində nizamlanmalıdır. Dünyanın ən böyük dövlətləri, bu dövlətlərin millyardlarla büdcəsi olan universitetləri əcnəbi tələbələrin məhz onları seçmələrində maraqlıdırlar. Bu maraqların da əsasında dayanan amillərdən ən başlıcası tələbənin təhsil haqqı ödənişidir. Böyük büdcəyə malik olan universitetlər belə, əcnəbi tələbələri öz hesablarına oxutmaqda maraqlı deyillər. Onlar yalnız həyata keçirdikləri müəyyən proqramlar çərçivəsində, yaxud istedadlı tələbələr üçün bu şəraiti yaradırlar. Bunu da dövlət deyil, universitet həyata keçirir. Həmin universitetlər güzəştləri öncə öz ölkələrinin vətəndaşlarına, sonra isə əcnəbilərə şamil edir. Əgər bizim universitetlərin də belə bir imkanı olarsa, çox yaxşı olar”.
Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan "FONO” Açıköğretim” qurumunun Azərbaycan bölgə müdürlüyünün müdür müavini Nəzərbəy Hacıağayev isə bildirib ki, bu çox gözəl tendesiyadır: “Əslində bu proses Avropa və dünya təcrübəsində rastlanmış bir haldır. Avropa müxtəlif proqramların vasitəsi ilə bu prosesi həyata keçirir. Ancaq burada Aysberqin görünməyən siyasi və pisxoloji tərəfləri mövcuddur. Avropa bununla həm Şərqdə özünə insan kapitalı hazırlayır , həm də özünü dünyaya humanist dəyərlərə sadiq olduğunu göstərir. Bu gün Azərbaycanın bu prosesdən istifadə etməsi məncə ölkəmizin humanist imicininin artması ilə yanaşı Azərbaycan üçün yeni xarici dövlət vətəndaşları olan insan kapitalının toplanması deməkdir. Təssəvür edin tələbəlik dövrü ömrün ən gözəl illəri sayılır. Bu illəri xarici dövlətin himayəsi altında təhsil alırsansa demək sən getdiyin hər bir ölkədə həmin dövlətin bir növ könüllü səfiri olursan. Bu gün bu prosesin türkdilli xalqlarla başlaması bizim üçün daha avantajdır. Çünki soy və dil birliyi bu gənclərin ölkəmizə töhfəsini daha artıracaq və onlara sərf olunan sərmayənin boşa olmadığını müşahidə edəcəyik”.
Kərkük türkmənlərinin Azərbaycan təmsilçisi Yəhya Əli Mehdi bildirib ki, hazırda 28 türkmən Azərbaycanda ali təhsil alır: “Ötən il isə 18 türkmən ali təhsilini başa vurub vətənə qayıdıblar. Biz BAXCP sədri Qüdrət bəylə görüşəndə ondan xahiş etdik ki, bu məsələni bir daha parlamentdə qaldırsın və ona təşəkkürümüzü bildiririk ki, mövzunu gündəmdə saxlayır. İstərdik ki, hər il 20 türkmənin Azərbaycanda təhsil almalarına dövlət səviyyəsində şərait yaradılsın. Təhsil haqlarından azad olunsalar, bu bizə böyük köməklik olardı”.
Cavid









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv