Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Bu ölkədə sayımız azalır, yoxsa məktəblərimiz?

<b>Bu ölkədə sayımız azalır, yoxsa məktəblərimiz?</b>

1989-cu ildən bu vaxta qədər Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin, eləcə də orada dərs deyən müəllimlərin və təhsil alanların sayının kəskin şəkildə azalmasının obyektiv və subyektiv səbəbləri var

Subyektiv səbəbləri odur ki, 1989-cu ildən sonra azərbaycanlıların böyük bir hissəsi Gürcüstandakı durumun ağırlığından dolayı ölkədən getmək məcburiyyətində qaldı. 90-cı illərdə Gürcüstanda milliyətçi düşüncəyə sahib hakimiyyət var idi. Bu da oradakı soydaşlarımızın sıxışdırılması ilə nəticələnirdi.
Bu sözləri Axar.az-a açıqlamasında "Birlik" jurnalının baş redaktoru, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri barədə danışarkən deyib.
“Hazırda Gürcüstandakı milli məktəblərdə çalışan müəllimlərin sayının azalması ilə yanaşı, bir problemi də ondan ibarətdir ki, Azərbaycan məktəblərində direktorların gürcü millətindən təyin edilməsi ilə bağlı cəhdlər var. Bu da öz növbəsində müəyyən problemlər yaradır”, - İ.İlkin deyib.
İ.İlkinin sözlərinə görə, bu təkcə soydaşlarımızn problemi deyil, ölkələrarası dostluğa və strateji əməkdaşlığa bağlı olan bir məsələdir:
“10 il əvvəl Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini daha qabarıq şəkildə önə sürürdüksə, bu gün daha az diqqət yetiririk. Əvvəllər azərbaycalıların gürcü cəmiyyətinə inteqrasiya olunmasını gözləyirdiksə, artıq son 5 ildə bu proses başlayıb. Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsinə önəm verməsi sevindirici haldır. Bu həm də oradakı soydaşlarımızın dövlət qulluğunda çalışa bilməsi üçün vacibdir. Ancaq bu o demək deyil ki, biz onillərlə mövcud olan anadilli təhsili, mədəni muxtariyyəti unutmalıyıq. Gürcü dilini öyrənmək ayrı, anadilli təhsil ayrı məsələdir. Ana dilində olan məktəblərdə gürcücəni mükəmməl öyrənmək daha doğrudur”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov hazırda Gürcüstanda işləyən azərbaycandilli məktəblərdəki müəllimlərin 80 faizinin təqaüdçü olduğunu və orada ciddi şəkildə kadr çatışmazlığı yaşandığını bildirib. Ekspert həmçinin qeyd edib ki, 1989-cu ildə 183 azərbaycandilli məktəb, bu məktəblərdə 6922 müəllim var idisə, 2018-ci ildə məktəbin sayı 80-ə, müəllimlərin sayı isə 3628-ə düşüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv