Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

<b>Azərbaycanda yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb</b>

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisinə düşən hissəsində XI-XV əsrlərə aid tikinti qalıqları və maddi mədəniyyət nümunələri aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, həmin ərazidə sentyabr və oktyabr ayının əvvəllərində aparılan arxeoloji qazıntı işlərinin əsas məqsədi burada əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən, eyni zamanda kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı də üzə çıxarılıb. Qazıntı ərazisindən su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli qablar, xeyli sayda metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. tapılıb. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılıb və mədəni təbəqənin davam etdiyi müəyyən olunub.
Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə, Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv