Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”

<font color=red><b>“Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya”</b></font>

“Həyat hekayələrimiz ayrı olsa da, Biz Birik”

...Söz vaxtına çəkər deyib atalarımız. 9 il öncə, elə bu vaxtı, payız aylarında yüksək qan təzyiqindən 51 yaşında dünyasını dəyişib. Siyəzən rayonunda yaşamış, bir vaxtlar dünyada qolsuz rəssam kimi tanınan Rasim Məmmədovu deyirəm.
Tanımayanlar üçün: Evlərinin yaxınlığındakı transformatorun qəfil partlaması orada təkbaşına dolaşan Rasimi ömürlük əlil qoydu: hər iki qolu dirsəkdən yuxarı kəsildi. Rasim Məmmədov hələ uşaqlıqdan əlil qalmasına baxmayaraq həyatda özünə çıxış yolu tapdı. Rəssamlığa böyük həvəsi vardı. Dəniz kənarına gedər, ayaq barmaqları ilə çubuqla qumluqlarda şəkillər çəkərdi: günəş, ağac, qayıq və s. Yavaş - yavaş bu vərdişi fırça ilə kətan üzərində, rəngli boyalarla davam etdirdi. Bu istedadı bütün dünyaya yayıldı. Onun rəsmləri Avropanın nüfuzlu jurnallarında çap edildi.
Sağlığında onunla tez-tez görüşərdim. Mənə deyərdi ki, əlilliyi olmasına baxmayaraq heç kimə möhtac deyil, dövlətin diqqət və qayğısı onu başqalarından asılı vəziyyətə salmadı. Dövlət ona beşotaqlı mənzil ayırdı, pulsuz “Niva” maşını verdi, ailə sahibi oldu. Beləcə ayaqla rəsm çəkən əlil Rasim dövlətin qayğısı ilə bu cəmiyyətə fəal inteqrasiya oldu, şöhrət sahibi - tanınmışa çevrildi...
Onu təsadüfən xatırlamadım. Hərdən metro stansiyaları qarşısında, avtobuslarda əlilliyi olanların diləndiklərinin şahidi oluruq. Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində aparılan işlər bu kateqoriyadan olan vətəndaşlarımızın hamısına şamildir. Dövlətimiz əlilliyi olan hər şəxsə hörmət və qayğı ilə yanaşır, istedadını üzə çıxarmaq, cəmiyyətə inteqrasiya olması üçün bütün imkanlar açıb, şərait yaradıb. Nə yazıqlar ki, bu imkanlardan yararlanmaq istəməyən, fiziki qüsurlu olması ilə barışanlar da var.
***
Yazının hazırlanması prosesində qoyulan mövzu üzrə internetdə saysız-hesabsız materiallar var - ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində aparılan işlər, bu təbəqədən olan şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının genişləndirilməsi ilə bağlı məsul şəxslərin açıqlamaları, müsahibələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatları, ayrı-ayrı reablitasiya mərkəzlərinin sosial səhifələrində yerləşdirilən materiallar, statistika...
Bunlardan və vaxtilə yerli mediada ictimailəşdirilən hansısa hazır materialları götürüb, onlara "bəzək, düzək" verib öznünküləşdirmədik. Əlilliyi olan şəxslərin cəmiyyətimizə inteqrasiyası istiqamətində görülən işlərlə yerində tanış olmaq, həmin insanlarla canlı ünsiyyət qurmaq məqsədilə üz tutduq Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Saglamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə.
***
Qeyd edək ki, əvvəllər internat tipli olan bu məktəb 2013-cü ilin dekabrından Reablitasiya mərkəzinə çevrilib. Gələn ayın 22-də düz 5 il olacaq ki, saglamlıq imkanları məhdud gənclərə xidmət göstərir.
Mərkəz fiziki və yüngül formalı əqli qüsuru olan 18-29 yaşında əlilliyi olan gənclərin və 15 yaşdan yuxarı sağlamlıq imkanları məhdud olan uşaqların peşə hazırlığı üsulu ilə cəmiyyətə, özünəməşğulluq və məşğulluq çərçivəsində əmək bazarına inteqrasiyasını və sosial reabilitasiyasını təşkil edir. Mərkəzdə tikişçi, toxucu, kompyuter istifadəçisi, kompyuterçi -dizayner, kişi və qadın bərbəri, aşbaz köməkçisi, xalçaçılıq, ağac üzərində oyma, rəssamlıq, idman kursları və əlavə olaraq dizayn, musiqi və teatr dərnəkləri fəaliyyət göstərir. Eyni zamanda paralimpiya üzrə idman məşqləri, stolüstü oyunlar, mədəni-kütləvi tədbirlər, ekskursiya və gəzintilər, gün ərzində 3 dəfə qidalanma, psixoloji dəstək, stomotoloji xidmət, fizioterapevtik müalicə, ilk tibbi yardım, müalicə idmanı, zərurət olarsa , müvafiq xəstəxanalarda müayinələrin aparılması təşkil olunur.
Öncə mərkəzin direktoru Rəhilə xanım Həsrətova ilə görüşdük.
***
Rəhilə xanım bildirdi ki, bura respublikanın bütün bölgələrindən reablitasiya keçmək üçün sağlamlıq imkanları məhdud gənclər gəlirlər: "Cari ildə Peşə Reabilitasiya Mərkəzinə 181 nəfər, istifadəyə verildiyi vaxtdan 1600 gənc qəbul olunub. Hazırda Mərkəzdə 100-dən çox gənc peşə təlimi keçir. Prezident İlham Əliyev mərkəzin açılışı zamanı buranın dünya dövlətləri üçün böyük təcrübə ünvanı olacağını deyib. Həqiqətən də elə oldu, mərkəzə gələn yerli və xarici qonaqlar heyranlıqlarını ifadə edirlər, öz ölkələrində də belə mərkəzlərin yaradılmasını təklif edəcəklərini bildirirlər".
Bu yerdə direktordan soruşduq ki, bəs gənclərimiz öz istedadları ilə beynəlxalq ictimiayyətə necə, nüfuz edə biliblərmi. Rəhilə xanım dedi ki, bir ildən artıqdır ki, bu istiqamətdə iş aparılır: "Türkiyənin "Sağlam Gülümsə" cəmiyyəti ilə aramızda "Avropa könüllüsü" layihəsi çərçivəsində beynəlxalq təcrübə mübadiləsi memorandiumu imzalanıb. Biz il ərzində onların 30 gəncini, onlar isə 50-dən çox gəncimizi mütəxəssislərimizlə birgə qəbul ediblər. Qarşılıqlı mübadilə aparırıq. Bizim bilmədiklərimizi onlar, onların bilmədiklərini biz öyrədirik. Davamı olaraq ikinci layihə qazanıldı. Artıq Naftalandan olan gəncimiz, Çinarə Rəhimzadə Ankarada həmkarlarına bir illik toxuma işini öyrədir. Noyabrın sonunda isə Masallıdan olan Elvin Ələkbərzadə Antaliyaya gedərək ağac üzərində oyma sənətinin sirlərini öyrədəcək. Yenidən dəvət almışıq, bu yaxınlarda daha iki sağlamlıq imkanları məhdud gəncimizi Ankaraya yola salacağıq. Biri xalçaçılıq, o biri isə muncuqlarla toxuma sənətini öyrədəcək. Onu da qeyd edim ki, azərbaycanlı gənclər Türkiyədə "Avropa könüllüsü" olaraq təkcə oranın vətəndaşlarını deyil, digər ölkələrdən gələn sağlamlıq imkanları məhdud gənclərə də bildiklərini öyrədirlər. Bu böyük nailiyyətdir, bizim əlilliyi olan gənclərin beynəlxalq arenaya çıxışdır".
***
Söhbətimiz zamanı onu da öyrəndik ki, sağlamlıq imkanları məhdud gənclər mərkəzdə müxtəlif peşələrə yiyələnmələriylə yanaşı təhsildə də uğurlara imza atıblar. Məsələn, 2015-2016-cı illərdə 3 gənc Azərbaycan Rəssamlıq Akademiyasına və Mədəniyyət və İncəsənət universitetinə daxil olub.
Əlil arabasından istifadə edən 24 yaşlı Sabunçu rayon sakini Nərmin Dadaşova ailənin tək övladıdır. 2014-cü ilin sentyabrında keçirilən sərgidə onun rəsmləri nümayiş olunub. Onun əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovda böyük maraq oyatdığından Nərminin akademiyada təhsil almasının vacibliyini bildirib. Nərmin akademiyaya hazırlaşdı, imtahan verdi, qabiliyyətdən keçdi və qəbul olundu.
Bu il isə ali məktəblərə 3 gənc daxil olub. Onlardan biri də BDU-nun filologiya fakultəsinə daxil olan Şəmkir rayon sakini 29 yaşlı Xanoğlan Sadiqovdur: "Xanoğlan 3-cü sinifdə oxuyan zaman görmə qabiliyyətini itirib. Ona görə də təhsilini davam etdirə bilməyib. 2015-ci ildə bizim mərkəzə daxil olub. Əvvəlcə muncuqlarla işləməyi öyrəndi, yaxşı əl qabiliyyəti vardı. Sonradan bu adamın içində bir elmi potensialın "yat"dığını gördüm. Onu təhsilə yönləndirdik. Attestat aldıqdan sonra yenidən bizə üz tutdu. Təsəvvür edin ki, Xanoğlan yalnız səsli proqramlar vasitəsilə imtahanlara hazırlaşdı. İlk test imtahanından 237 bal topladı, amma bununla razılaşmadı, yenidən hazırlaşdı və secim turunda 428 bal toplayaraq BDU-ya qəbul olundu. O, ilk yazısını da mərkəzimizə həsr etdi - "İnsanlıq məktəbi".
***
Mərkəzin direktoru idman sahəsində əlilliyi olan gənclərin də qələbələrə imza atdıqlarını bildirdi. Dedi ki, Masallıdan olan Bəhruz Mirzəyev bu il boccia idman növü üzrə İtaliyada keçirilən yarışda qızıl medal qazanıb.
Yeri gəlmişkən, bu il dekabrın 22-də mərkəzin yaranmasının 5 illiyi münasibətilə boccia üzrı ölkə çempionatı keçiriləcək ki, həmin yarışada mərkəzin 70-ə yaxın gənci güclərini sınayacaq.
Onu da öyrəndik ki, əlilliyi olan gənclərin əl işlərinin satış sərgiləri də keçirilib. Bu ilin yanvar ayında Nardaranda əlillərin əl işlərinin sərgisi təşkil edilib. Mart ayında isə Şirvanda region rayonlarda yaşayan və vaxtilə bu mərkəzdə müxtəlif peşələrə yiyələnən əlilliyi olan 30 şəxsin əl işlərinin satış sərgisi olub.
Cəmiyyətə intqreasiya təkcə hansısa peşəyə yiyələnməklə olmur, bu ineqrasiyanın müxtəlif növlərindən biri də Mərkəzdə reablitasiya kursu keçən gənclərin ailə qurmasıdır. Bir vaxtlar burada peşələrə yiyələnlər arasında bir-birini sevib ailə quranlar, hətta övladları olanlar da var. Rəhilə xanım masasının üstündəki toy dəvətnaməsini bizə göstərib dedi: "Baxın, bu ayın 18-də fiziki məhdudiyyətli iki gəncimizin - Ceyhun Baxışovla Ülkər Şərifovanın toyu olacaq. Hər ikisi burada tanış olublar. Ülkər Ağsudan, Ceyhun isə Suraxanıdandır. Əlil arabasına məhkum olunan Ülkərin yaxşı əl qabiliyyəti var, həm də boccia idman növü ilə də uğurla məşğul olur, hətta yarışlarda hakimlik edib. Onların ailə həyatı qurmaları bizi daha çox sevindirir".
Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq müstəvisində “British Council” tərəfindən “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi icra olunur. Layihədə məqsəd əlilliyi olan şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarına malik olmaları üçün bacarıqlarının artırılmasıdır. Bu ayın 23-də əmək yarmarkası keciriləcək. Mərkəzdə reablitasiya kursu keçən 60-dan cox gənc bu yarmarkada iştirak edəcək.
R.Həsrətova ilə söhbətimizi bitirib direktor müavini Vüqar Əsgərovun müşayəti ilə əyani şəkildə mərkəzdə yaradılan şəraitlə tanış olduq.
***
Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir.
Bir-bir otaqlara daxil olub əlilliyi olan şəxslərin iş prosesi ilə tanış oluruq. Hər kəs başını aşağa salıb öz işi ilə məşğul idi. Toxuma otağında görmə qabiliyyətlərini itirmiş iki gənc daha çox diqqətimizi çəkdi. İnsan görmədən necə incəsənət əsəri yarada bilər?
İlk olaraq Zərdabdan gələn, 27 yaşlı Müqəddəs Həmidova yaxınlaşdıq. Müqəddəs dedi ki, 13-14 yaşından görmə qabiliyyətini itirib: "20 gündür buradayam, gələndə qarşıma məqsəd qoydum ki, toxuma sənətinə dərindən bələd olam. Şükür Allaha, verilən işin öhdəsindən gəlirəm, müəllimim işimi bəyənir".
Pəncərənin qarşısında əyləşib rəngli muncuqları ipə düzərək onlardan müxtəlif bəzək əşyaları düzəldən qız isə Şamaxıdan gələn Sevincdir. Sevinc 3 yaşında avtoqəza nəticəsində gözlərini itirib: "Sənət öyrənmək yaxşıdır. Uşaqlıqdan arzum idi ki, muncuqlarla işləyim. Allah səsimi eşitdi, bura gəlib arzumu çatmışam. 3 aydır buradayam, inşallah rayonumuza qayıdıb bu sənətimi davam etdirəcəm, bəzək əşyaları düzəldib insanlara hədiyyə edəcəm".
21 yaşlı Mətanət Qüdsi isə elə bil poeziya üçün doğulub, poeziya aşiqı, onun yolunda "əlil" olub. Güclü ruha malik bu xanım özü də şeir yazır. İctimai həyata da nüfuz edə bilib, Gənclər Fondunun maliyyə dəstəyilə fərdi layihələr həyata keçirib.
"Vətən, şəhid , bayraq , torpaq , ana deyəndə mən bütün sözləri unuduram, "lal" oluram. Heç bir söz qüvvəm onları ifadə etməyə qadir olmur" - deyir Mətanət.
İdman zalında boccia idman növü üzrə ölkə çempionatına hazırlaşan gənclərin məşqlərini də izlədik...
Nəhayət, əl işlərinin saxlandığı böyük bir otaq. Möcüzəli, minlərlə əl işi, hər birində bir dünya, bir insan həyatı...
***
...Mərkəzdə həyat dolu, sevgi dolu ürək sahibi olan gənclərin ayaq üstə durmaq, özlərini təsdiq etmək üçün mübarizə apardıqlarının şahidi olduq. Təəssüflər olsun ki, onlarla söhbətimiz qəzetin bir səhifəsinə sığmadı. Onlarla sağollaşanda cəmiyyətə bir mesaj verdilər: Fiziki məhdudiyyət uğura gedən yolda əngəl təşkil etmir. Bütün əngəlləri aşmaq mümkündür və həyat hekayələrimiz ayrı olsa da, Biz Birik.

Cavid Şahverdiyev
Fotolar müəllifə məxsusdur
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv