Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib

<b>Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib </b>

Azərbaycan Respublikasının Boqotadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirib

Tədbirdə Azərbaycan-Kolumbiya Parlamentlərarası dostluq qrupunun və parlamentin hər iki palatasının üzvləri, bir sıra ölkələrin səfirləri, Kolumbiyanın Xarici İşlər Nazirliyinin əməkdaşları, ictimai-siyasi və mədəniyyət dairələrinin, Kolumbiyanın azərbaycan icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri parlamentin orkestri tərəfindən canlı ifa edildikdən sonra Azərbaycanın Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov iştirakçılara ölkəmizin şanlı müstəqillik tarixi barədə məlumat verib.
Qeyd olunub ki, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublikadır. 23 ay yaşayan, lakin xalqımızın tarixinin ən parlaq səhifələrindən olan ilk parlamentli respublika dövründə Azərbaycanda dövlət institutları, çoxpartiyalı sistem təsis edilib, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşlara bərabər hüquqlar verilib. Müvəqqəti işlər vəkili Cümhuriyyətin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırıb.
Həmid Zeynalov qeyd edib ki, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərilən Azərbaycan parlament nümayəndə heyəti ölkəmizin müstəqil dövlət kimi tanınmasına nail olub və bu barədə BMT-nin Cenevrə bölməsinin kitabxanasında yerləşən Millətlər Liqasının arxivində Azərbaycana aid 36 min səhifəni əhatə edən orijinal sənədlər saxlanılır.
Müvəqqəti işlər vəkili bildirib ki, SSRİ dağılandan sonra Azərbaycan 1990-cı il 20 Yanvar faciəsi, daxili siyasi böhran və torpaqlarının işğalı ilə üzləşib və bu çətin vəziyyətə düşən müdrik xalqımız ümummilli lider Heydər Əliyevə müraciət edib, onu respublikaya rəhbərlik etməyə çağırıb. “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını xatırladan H.Zeynalov bunun bariz nümunəsi kimi bu bayrağın ölkəmiz hələ müstəqilliyini bərpa etməzdən öncə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binasında qaldırıldığını bildirib. Diplomat qeyd edib ki, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin, dirçəlişinin başlanğıcı olub.
Heydər Əliyevin vaxtilə qoyduğu möhkəm bünövrə əsasında Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, eləcə də beynəlxalq münasibətlərdə artan nüfuzu ilə müstəqil, suveren və demokratik Azərbaycan birinci respublikanın dəyər və ideallarını reallaşdırıb.
Həmid Zeynalov BMT çərçivəsində Ermənistan–Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə Kolumbiyanın Azərbaycanın mövqeyini davamlı dəstəklədiyinə görə və Kolumbiya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul olunmuş qətnamə ilə bağlı dərin təşəkkürünü bildirib. Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran diplomat ölkəmizin beynəlxalq hüququn tələb etdiyi kimi, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə sadiq olduğunu vurğulayıb.
Sonda Həmid Zeynalov qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik olan ölkəmizin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü bildirib. Qeyd olunub ki, mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünün nadir və geostrateji mövqeyi ilə Şərq-Qərb, Şimal-Cənub arasında siyasi, ticari və mədəni körpü rolunu oynayıb. Diplomatik nümayəndəliyin rəhbəri “Ekspo 2025” Ümumdünya Sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini qeyd edib, ölkəmizin qalib gələcəyi təqdirdə bu tədbirin regionun inkişafına böyük təkan verəcəyini diqqətə çatdıraraq, Kolumbiya hökumətini Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.
Tədbirin davamı olaraq Azərbaycan-Kolumbiya Dostluq qrupunun əlaqələndiricisi, Kolumbiya Parlamentinin keçmiş vitse-prezidenti, senator Daira de Xesus Qalvis Mendez çıxış edərək, Kolumbiya Parlamenti adından Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Senator Bakıya səfərini və ölkəmizdə keçirdiyi bir sıra görüşləri xatırladaraq, uğurlu siyasət nəticəsində Azərbaycanın siyasi sabitliyə və iqtisadi tərəqqiyə nail olduğunu bildirib. O, Kolumbiyanın dost ölkə kimi Azərbaycanın uğurlarına sevindiyini diqqətə çatdırıb.
Daha sonra senator Daira de Xesus Qalvis Mendez Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Kolumbiya Senatının prezidenti Ernesto Masiasın təbrik məktubunu Həmid Zeynalova təqdim edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv