Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Analitik: Saakyanın Rusiyaya qanunsuz səfərində əsas məqsəd qondarma rejimin legitimliyi üçün danışıqlar aparmaqdır

<b>Analitik: Saakyanın Rusiyaya qanunsuz səfərində əsas məqsəd qondarma rejimin legitimliyi üçün danışıqlar aparmaqdır</b>

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya qanunsuz səfərində əsas məqsəd qondarma rejimin legitimliyi üçün danışıqlar aparmaqdır

Bunu Trend-ə analitik Ehtiram Aşırlı deyib.
O qeyd edib ki, son günlər B.Saakyan “fəallığı” ilə diqqət çəkməkdədir. Belə ki, Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib:
“Təbii ki, burada ilk diqqət çəkən məqam Saakyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfər etməsidir. Maraqlıdır ki, ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz rejimlərin nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də Birləşmiş Ştatlar Krımın “yüksək rütbəli” nümayəndələrinə sanksiyalar tətbiq edib. Amma nədənsə bu, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “başçısı” Saakyana şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə, Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu qadağa Saakyana aid olunmur. Bundan əlavə, Fransanın ondan artıq şəhərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altındakı şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür”.
Analitik vurğulayıb ki, B.Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında “dövlət” kimi təmsil olunmaqdır:
“Bu səbəbdən də son səfərini Qafqazda əsas aktor olan Rusiyaya edib. Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır, digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində “narahatlıq” yaratmaq düşüncəsidir. Xüsusilə, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması ayrı bir məna kəsb edir. Ələlxüsus, Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır. Yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görə bilərik. Həmçinin Saakyan tərəfindən Paşinyanı narahat edəcək bir neçə açıqlama səsləndirilə bilər”.
E.Aşırlının sözlərinə görə, B.Saakyanı ən çox narahat edən amil N.Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə “Qarabağ klanı”nın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə bağlıdır: “Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan da təmizləmək istəyəcək. Xüsusilə də Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan “Qarabağ klanı” Saakyanın bütün səylərini dəstəkləyəcək. Lakin bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə “Qarabağ klanı”nı və Saakyanı yumşaltmağa çalışacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv