Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

Alman filosofuna vurulan Azərbaycanlı şair

<b>Alman filosofuna vurulan Azərbaycanlı şair</b>

Yaxud Şopenhauer və Göyərçin




Oxuduğum bəzi şair və filosofların yazdıqlarından gəldiyim nəticəyə görə şairlər iki qrupa bölünür – yaşayırkən bir və ya iki dünyası olanlar. İkinci dünyası olan şairlər filosoflara daha çox yaxındırlar. Dahi olmasa da dahilik həddinə qədər ilhamlanmış hər kəsin fəth olunmuş ikinci dünyası olur. Dahi alman filosofu A. Şopenhauerin fikrinə görə bu məqama transendent immanentlik, idraki vəcd, dini nöqteyi-nəzərdən tanrıya qovuşma və s. deyilir. Filosofların əksəriyyəti fəlsəfəyə şeirdən gəlib, ən böyük şairlər də şair-filosoflardır. Fəlsəfədə şeiriyyət, şeirdə fəlsəfə olanda bu keyfiyyətlər biri-birini daha yaxşı tamamlayır. Söhbət, əlbəttə, üzdəniraq “filosof”lar və qafiyəbaz, cızmaqaraçı şeir yazanlardan getmir. Mənim məqaləmin iki qəhrəmanından biri A. Şopenhauer filosof, Göyərçin xanım isə şairdir. Göyərçin mənim rəhbərlik etdiyim “Məcməüş-şüəra” – “Şairlər məclisi”nin ən fəal üzvlərindəndir. Müxtəlif vəznli şeirlər yazır. O, poeziyanı çox sevir, ya fəlsəfəni, deyə bilmərəm, çünki həm şairdir, həm də filosof. Daim düşünməkdədir. Şeirində fəlsəfə görürsən, fəlsəfəsində şeir.
Bu günlərdə yenicə çapdan çıxmış kitabını təqdim etdi mənə. Adını oxudum və qətiyyən təəccüblənmədim. Poetik addan uzaq olan bir kitab: “Dünya iradə və təsəvvür kimi”. Kitab – Göyərçinin poemasıdır, “Dünya iradə və təsəvvür kimi” isə A. Şopenhauerin şah əsəri. Eyni adlı iki əsər. Birincidə poeziya və fəlsəfə, ikincidə fəlsəfə və poeziya. Birincidə fəlsəfədən çox poeziya, ikincidə poeziyadan çox fəlsəfə. İki sənət sahəsi və bir ədəbi-fəlsəfi bağlantı. İki yaradıcılıq sahəsi və bu iki sahəni bir-birinə birləşdirən mühüm bir qaynaq əməliyyatı. Birləşdirici qaynaq və birləşən sahələr. Elə birləşiblər ki, onları bir-birindən ayırmaq çətin məsələdir. Mən buna vəhdət də deyərdim, bədii-fəlsəfi vəsl, yaxud vüsal da!
Niyə bu filosofa müraciət etdi Göyərçin? Nə üçün alman filosofuna vuruldu bu azərbaycanlı qadın? Doğrudanmı qaçılmaz sevgidir bu? Nə üçün məhz Artur Şopenhaueri sevdi Göyərçin? Niyə alman fəlsəfəsinə müraciət etdi azərbaycanlı? Sualı verən də, cavabını söyləyən də Göyərçindir: – “Niyə bu filosofa müraciət etdim?” sualı, yəqin ki, oxuyan hər kəsi düşündürəcək. Cavabım qısadır: “İlhamın vətəni yoxdur.”
Bəli, Göyərçin ilhamının vətəni yoxdur. Axı ilhamlanan göyərçin quşuna da sərhəd mane
ola bilməz. Göyərçinin ilhamı pərvazlanır, uçur, uçur... Uçur və istəyinin ardınca gedir.
A. Şopenhauerin harada olmasının isə heç fərqi yoxdur. Bu filosof əgər İngiltərədə olsaydı, oraya uçacaqdı Göyərçinin ilham quşu. Bəlkə, bir gün Fransaya da uçar, fransız filosofuna da poema həsr eləyər Göyərçin xanım, kim bilir... Amma A. Şopenhauer, həqiqətən də, Göyərçinin sevdiyi və qiymətləndirdiyi ən böyük filosofdur! İlhamlı şairdir Göyərçin. Doğrudan da, elə özü demişkən, ilhamın vətəni yoxdur. Azərbaycanlı şair alman filosofu Artur Şopenhauerə deyir:
– Ustad, bu günləri yaxşı görmədin,
Görmədin, nə müdhiş bəhanələr var.
Sən Xocalı kimi şəhər vermədin,
Bilmədin ölkəmdə mənim nələr var.
Elə bu günlərdə Xocalı müsibətinin baş verməsindən 21 il keçdi. Diqqət yetirdinizmi? Artur Şopenhauerə müraciət və Xocalının, düşmən əlində əsir olan bir şəhərin xatırlanması... Bu poemada yerli-yerində, uyğun gəldikcə belə xatırlanmalar az deyil.
İki yüz qırx səhifədən ibarət böyük həcmli bu poemanı birnəfəsə oxumaq mümkün deyil. Biroturuma və birnəfəsə oxusan belə onu başa düşə bilməzsən. Axı alman filosofu da, elə azərbaycanlı şair də tez dərk olunan qələm sahibləri deyillər. Bu poemanı gərək yavaş-yavaş, düşünə-düşünə oxuyasan. Adlarını dəfələrlə çəkdiyim filosof da, şair də oxucunu düşündürən mütəxəssisdirlər, yoxsa “filosofanə” fikir deməyə, “şairanə” qafiyə düzməyə nə var ki?
Göyərçin dünya, iradə, zəka, təsəvvür, təfəkkür və... açar haqqında bir bənd şeirdə görün nə deyir və həmin ifadələri cəmi bircə bənddə necə məharət və nə təhər şairanə işlətməyi bacarır:
– “Dünya iradə və təsəvvür kimi”
Artur zəkasının təşəkkülüdür.
Fəlsəfə şərh edər, açar tilsimi,
Açar filosofun təfəkkürüdür.
Mən poemanı əvvəldən axıra kimi təhlil etmək fikrində deyiləm, amma bəzi məqamlara diqqət yetirməyi özümə borc bilirəm. Əsər yığcam ön sözdən – “İlhamın vətəni yoxdur” və “Giriş”, “İlk görüş”... ... “Kim qalxar və susar?” adlı iyirmi hissədən ibarətdir. Təbii ki, hər hissədə Şopenhauer, onun sevgisi, fəlsəfi dünyası, başqa filosoflara münasibəti, səfərləri, ölümü, ölümündən sonrakı ölümsüzlüyü və müəllifin yüksək şairlik qabiliyyətini əks etdirən bədii lövhələr var. Əsərdə Qərb ilə yanaşı Şərq və Şərqin kiçik parçası sayılan Azərbaycan da var. Göyərçin Şopenhauerin vətəni ilə yanaşı, məqam düşdükcə öz vətənində baş verən müsibətlərdən də bəhs etməyi unutmur və yaşadıqlarını alman filosofuna belə xitab edir:
... Bir şəhər azaldı şəhərlər içrə,
Can verən cismini bir də əzdilər.
Təsəlli yerinə paytaxtda hücrə
Yaradıb önünə əklil düzdülər...
Göyərçin çəkdiyi torpaq ağrısını, yurd həsrətini bədii boyalarla hamının anlayacağı dildə ifadə etməyə çalışır. Onda şairlik məharəti, vətəndaş qeyrətilə yanaşı, söz demək, özü də sözü yerli-yerində işlətmək istedadı var. Göyərçin – vətənpərvərdir! Bəli, vətən dərdi, vətəndaş dərdi, Göyərçin dərdi... Dərdlər Göyərçinin qəlbində göyərdi, göyərdi, göyərdi... Dərd Göyərçinə dərdli şair ləqəbi verdi. Dərdsiz şair nə şairdir ki?.. Elə Göyərçinin özünün fikridir ki, “vətənini sevən hər vətəndaşın dərdi vətəndən böyük olur”.
Poemada Artur-Regina məhəbbəti – sevənlərin qarşılıqlı hissləri, həyəcanları, iztirabları və istəkləri poetik şəkildə qeyri-adiliklə təsvir olunur:
... Yalan ayaq açmaz eşq olan yerdə,
Nisbəti həyatla eşqin əllidir.
Məhəbbət – sevənlər arası pərdə,
Ayrılıq – pərdəni qaldıran əldir...
Kitabı oxuduqca şairin kövrək poeziyasında özünü tez-tez büruzə verən vətəndaşlıq mövqeyilə tanış oluruq; həsrət və çılğınlıqla məhəbbətdən bəhs edən müəllif öz filosof qəhrəmanının timsalında onun vətənini nə qədər tərənnüm edirsə, o qədər də öz Azərbaycanına yüksək bağlılıq dərəcəsi nümayiş etdirir, əlimizdən çıxmış torpaqlarımızı ürək yanğısı və təəssüf hissi ilə xatırladır:

Ay Allah, bu dağları kim verdi qəsbkara,
Tərtərçayın vadisi görən kimlərə qalır?

Kitabda İ. Kantın “Xalis zəkanın tənqidi” əsəri haqqında A. Şopenhauerin tənqidi fikirlərindən söz açan müəllif müəlliminin müəlliminə məhəbbətini belə ifadə edir:
... Onun səhvlərini qeyd eləməyim,
Əslində, özümə bəraətimdir.
Kant böyük iş görmüş, deyim-deməyim,
Bu mənim şagirdlik qənaətimdir...
Qeyd etməliyəm ki, Göyərçin təbiətdən zövq alıb ilhama gələn və ilhama gəlib təbiətdən zövq alan şairlərdəndir. Aşağıdakı misraların üzərində sanki qələm deyil, rəssam fırçası gəzişib:
... Qorxarlar deyə hər an dağlara yağış düşə,
Bulaqlar başı üstə yarpızdan çətir bağlar.

***
Neçə rəngli mamırlar çay dibinə düzülər,
Gah qırmızı edərlər, gah yaşıl, gah ağ çayı..

Göyərçin əsər boyu dəfələrlə qeyd edir ki, insan təbiətlə üz-üzə qaldığı anlarda – zövqalma prosesində zaman və məkana tabe olmur. Gözəlliyin önündə özünü unudan insan gözəlliyə qarışıb onunla bir olur. Hər kimdə baş verir-versin, bu ağrısız hal bütün qəmin-kədərin, kinin, nifrətin, əzabların, ağrı-acının unudulduğu anlardır. A. Şopenhauerin təbirincə, şair onu da qeyd edir ki, bu anlarda uzun müddətə qalmaq ancaq dahilərə məxsus keyfiyyətdir.
Almaniya, onun ayrı-ayrı şəhərləri, çayları, gölləri, parkları, meşələri, dağları, bağları elə bir canlılıqla vəsf olunur ki, poema boyu insan özünü həmin yerlərdə hiss edir. Əsərdəki
hissələrdən birində əlil arabasına pərçimlənmiş sabiq əsgərin böyük məhəbbətindən bəhs olunur. Müharibədə ayaqlarını itirmiş Lüdviq A. Şopenhauerin həm mənəvi, həm də maddi yardımı hesabına yaşayır və xatırladılır ki, filosof özü qənaətlə yaşaya-yaşaya kasıblara, ehtiyacı olanlara mümkün olduqca əl tuturmış.
Kitabda intiharın, nəsil davam edirsə, fərdin özünü öldürməsinin mənasızlığından və bununla başqa heç kimə zərər verə bilməməsindən dönə-dönə söhbət açılır. Insan ölsə belə nəslin yaşaması ölümü mənasızlaşdırır. O da qeyd olunur ki, intihar yaşamaqdan doyma əlamətindən yox, həyata daha çox bağlı, ondan daha çox təmənnalı olmaq zərurətindən baş verir. Paraşütdən atılmaq səbəbilə sevgilisi tərəfindən tərk olunan Katrin gəlinlik donundan paraşüt düzəldib özünü qüllədən atır, amma oğlan qızı atmamışdı, təşvişə salmasın deyə yalan söyləməyə məcbur olub, vətənini qorumaq üçün cəbhəyə yollanmışdı.
Təhsilini Berlində yarımçıq buraxıb doğulduğu şəhərə – Hamburqa dönən Reginanın qarda uşaqların oyununu pəncərədən seyretmə səhnəsində şeiriyyət və fikrin vəhdəti, görün, necə təsvir olunur və “yaxşı ki” ifadəsi bir bənddə dörd dəfə təkrar olunmasına baxmayaraq, şeirin gözəlliyinə xələl gətirmir, əksinə, qulağa xoş çatan ahəng yaradır:
– Yaxşı ki, uşaqlar bəxtəvər idi,
Yaxşı ki, qan-qada arxada qalmış.
Yaxşı ki, Regina yurdsevər idi,
Yaxşı ki, Hamburqda arxa da qalmış...
Göyərçin Kərimi dünyanın subyekt ilə dərk olunmasını, dünyada baş verənlərin ancaq subyektlə şərtləndiyini, zamanın, məkanın materiyasız təsəvvür edildiyini, amma materiyanın zaman və məkansız mümkünsüzlüyünü poemada belə qələmə alır:
... Heç kəs tərəfindən dərk olunmayan,
Hər şeyi dərk edən subyektdir ancaq...

***
Özü-özlüyündə zaman və məkan,
Təsəvvür edilir materiyasız.
Əksini söyləsək, müddəa yalan...

L. N. Tolstoyun dahilər dahisi adlandırdığı Şopenhauer dünyanı xoşbəxt edə biləcəyindən əminliklə danışır. Göyərçin əsər boyu müxtəlif obrazların timsalında bu xoşbəxtliyin sirrini açmağa çalışaraq etiraf edir ki, A. Şopenhauer haqlıdır və onun fəlsəfəsini dərk edən hər kəs mütləq bəxtəvər olacaq, amma belələrini cəmiyyətə, yəqin ki, ayrı-ayrı yüzilliklər bəxş edə biləcək.
Göyərçin əsər boyu ideyanın dərk olunmasından, Şopenhauerin nəzəri qüdrətindən, böyüklüyündən heyranlıqla söz açır. Şair deyir ki, onun fəlsəfəsi bizə bu dünyaı unudub, fərqli bir dünyaya üz tutmaq imkanı verir, yəni bu nəzəriyyəni mənimsəyən insan üçün bu dünyanın hadisələri böyük hərflərlə İNSAN taleyi qədər əhəmiyyətli ola bilər:
... Cismani min əzabı öz dünyamın xətrinə,
Satın almaq fikrimi necə anladım sənə?

Fəth olunmuş yeni dünya heç kəsə fərq qoymur; sevinc ola, ya kədər bərabər paylaşır, amma ideyanı dərk etməyən heç kəs bunun mənasını anlaya bilmir. Bu məqam hər kəsin öz şəxsi təcrübəsində yaşanan, birindən o birinə ötürülə bilməyən əbədi xoşbəxtlik dünyasıdır ki, müəllif onun zövqünü yaşayıb və yaşayır:

– Bilmirəm, xoşbəxtliyin mənası omu, bumu?
Əbədi xoşbəxtliyə məhkum etdim ruhumu.

Şair minlərlə yiyəsi olan dünyanın yiyəsizliyindən, həqiqətin qəhətə çıxması, yalanın doğurduğu əks-sədanın qulağa yatması, nikbinliyin əmələ gəlməmə, səmimiyyətin gülünc hala düşmə fasilələrindən bəhs edir:

– Yalan elə böyüyüb ki,
Gülünc olub səmimiyyət.
Nikbinlik gəlmir əmələ,
Düşünə bilmir cəmiyyət.
Ancaq fəlsəfə gəlir bu anlarda köməyə...

A. Şopenhauerin qətiyyətlə söylədiyi “Mən varlğın ən böyük problemini həll etmişəm!”
fikrini Göyərçin xanım özünün Şopenhauerə olan xoşbəxtlik borcunu xüsisi minnətdarlıqla vurğulayaraq kitab boyu ayrı-ayrı obrazların timsalında söz-söz, cümlə-cümlə isbat etməyə cəhd çalışır. Əsərdə alman filosofunun idrak nəzəriyyəsi şeir dililə ifadə olunsa da, bəzi məqamlarda müəllif onun fəlsəfi üslubunu saxlamağa çalışır.
Əsərin ikinci qəhrəmanı Reginanın Anselimlə toy mərasimi pozulur, nigah baş tutmur. Səbəb isə Reginanın hasarın üstündə, guya unudulmuş kimi gözünə dəyən dağ çiçəklərdir:

... Səadət vida zamanı heç bitmiyəcək kimi
yaşanan görüşdür.

... Çiçəklərin üstə qalmış
barmaq izləri ilə təmas səadət deyilmi?
Əsərin əsas qayəsi terminləri Şopenhauer fəlsəfəsinə aid olan, iradə, ideya və təzahürün bir-birindən fərqləndirilməsidir:
... O insan ki iradəni ideyadan,
ideyanı təzahürdən ayırır,
Gərəkli olmayacaq
heç zaman onun üçün
dünya hadisələri.
Kitabın cəmiyyətlərdə diqqət mərkəzində olmaması, “Şəngül-Məngül dövrünün bitməsi –qurdun əməlinin pislənməməsi, düşüncənin ön sıraya keçməməsi şairi təəssüf hissilə qıcıqlandırır. Göyərçinin bu kitabı məndə qürurqarışıq qibtə hissi də oyatdı. Düşündüm ki, kaş bütün söz sahiblərinə A. Şopenhauer taleyi qismət olaydı:
– Artur söz mülkünün sultanı idi,
Aqillər içində öz yeri vardı.
Artur insandan da insani idi,
Ona inanmamaq günah olardı.
Gözəl deyib, vallah... Flosofa layiq ifadədir, yüksək qiymətdir! Əsəri filosofun öz fikirləri ilə tamamlayan Göyərçin ön sözdə qeyd edir ki, əsərdə qeyd olunan-olunmayan bütün fikirlər Şopenhauerə aid edilsin, çünki mən dəryada öz damlalarımı tanıya bilmədim. Necə də böyük məhəbbət – aşiqlik, nə qədər təvəzökar etiraf!
Məqalənin sonunda yenə sözümün əvvəlinə qayıdıram: Alman filosofuna vurulan azəri, yaxud Şopenhauer və Göyərçin... Əsl fəlsəfə şeiriyyət tələb edir, ən gözəl şeir də fəlsəfilik. Şair Göyərçin filosof Şopenhauerin qarşısında nə qədər əzmlə dayansa da, şagirdlik vəzifəsini, idraki vəcd borcunu bir an unutmur. Xoşbəxt filosofdur Artur Şopenhauer...

ŞAHİN FAZİL
Şərqşünas, tarix e.d, professor,









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv