Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
MƏDƏNİYYƏT

Fleytası ilə ABŞ-a səs salan azərbaycanlı xanım

<b>Fleytası ilə ABŞ-a səs salan azərbaycanlı xanım</b>

Ceyran Həsən ABŞ-da doğulub, burada boya-başa çatıb. Klivlent Musiqi İnistitutunu bitirib. Magistr və doktoranturanı Ayova Universitetində oxuyub. Sonradan öz ixtisası üzrə elmi iş müdafiə edərək musiqi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Azərbaycanca gözəl bilir. Anası amerikalı olsa da Azərbaycan adət-ənələrini sevir və riayət edir. Deyir ki, bütün bunlara görə atama borcluyam...
Atası Zikrət Həsən Nefçalada doğulub, ailənin beş uşağından üçüncüsü olub. Uşaqlığını Lənkəranda keçirib. Musiqiyə olan həvəsi onu Bakıya gətirib. İndiki Bakı Musiqi Akademiyasına qəbul olunub. Oranı nəfəs alətləri üzrə müvəffəqiyyətlə bitirib. Bir müddət Bakıda müxtəlif caz qruplarında ifa edib. Sonradan Moskvaya yollanaraq öz peşəsi üzrə çalışıb...
Anası Miçiqan ştatında dünyaya gəlib. Valideynləri Ukrayna və Macarstandan olub. Orta məktəbi bitirdikdən sonra Miçiqan Dövlət Universitetinə qəbul olunub və orada tibb fakultəsində təhsil alıb. Finlandiyada Nokia şirkətində işləyərkən yolu tez-tez Rusiyaya düşərmiş. Və bu səfərlərin birində Zikrət Həsənlə Moskvada görüşür, bir müddət sonra ailə qururlar. Bu ailə ABŞ-a köçərək burada məskunlaşır. Tezliklə Ceyran dünyaya gəlir…
İlk vaxtlar ABŞ-da yaşamaq Zikrət kişi üçün çox çətin olub. Öz peşəsindən uzaq düşüb. Dil kurslarına gedib, ingilis dilini mükəmməl öyrənib. Miçiqan Dövlət Universitetinə qəbul olunub, oranı bitirib…
Ceyran uşaq olarkən ona Azərbaycandan ABŞ-a gələn nənəsi Safura xanım baxıb. Ceyranın dediyinə görə, onu çox yaxşı xatırlayır. Deyir ki, ondan mənə Azərbaycandan gətirdiyi bir neçə ziynət əşyası yadigar qalıb. Mən onları sevə-sevə öz gələcək uşaqlarım üçün qoruyub saxlayıram. Nənəm mənə Azərbaycan dilində danışmağı öyrədib, buna görə ona həmişə minnətdaram. O vaxt atamın kiçik qardaşı dünyasını qəfil dəyişəndən sonra, nənəm Azərbaycana qayıtdı və mən onu bir daha görə bilmədim…
Safura xanım ABŞ-da olarkən oğlu Zikrətə, eləcə də onun həyat yoldaşına Azərbaycan mətbəxinin təamlarını hazırlamağı öyrədir. Evdə tez-tez dolma, ləvəngi, plov bişirərmişlər…
Ceyran fleytada mükəmməl ifa edir. Azərbaycan musiqisi haqqında bir sıra xarici jurnallarda məqalələri çap olunub. Deyir ki, Azərbaycanda bir neçə dəfə olmuşam, birinci dəfə üç, ikinci dəfə olanda on üç yaşım vardı. On üç yaşım olanda biz Azərbaycana ailəliklə getmişdik. Mən bu ölkənin gözəlliyinə, mədəniyyətinə vuruldum, xüsusən də Lənkəranın gözəlliyi məni məftun elədi. Amerikalılardan fərqli olaraq azərbaycanlıların adımı düzün tələffüs etməsi mənə çox xoş gəlirdi. Və məni bu ölkəyə daha da bağlayırdı. Atam mənə doqquz yaşımdan fleyta çalmağı öyrətmişdi. Musiqidən az-çox anlayışım var idi. Mən burada Fikrət Əmirov musiqisi ilə tanış oldum və o vaxt hələ bilmirdim ki, on üç il sonra, mən Azərbaycan musiqisi haqqında dissertasiya müdafiə eləyib, alimlik dərəcəsi alacam…
ABŞ hökuməti üçün bir neçə dilin öyrənilməsi vacib sayılır və bu dilləri öyrənmək üçün dünyanın müxtəlif ölkələrinə tələbələr göndərir. O cümlədən Azərbaycan dili də bu dillər sırasındadır. Ceyran 2010 və 2011-ci illərdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil proqramlarından olan Tənqidi Dil Təqaüdünə layiq görülən qaliblərindən biri olur və Azərbaycana gedir. Azərbaycan Dillər Universitetində iki il dalbadal, yay aylarında dil kurslarında oxuyur. Burada Vəfa Yunusova, Səbinə Əliyeva, Fialə Abdullayeva ona Azərbaycan dilinin incəliklərini öyrədir. Deyir ki, minnətdarlığım təkcə bu müəllimlərə deyil, bu dili mənə sevdirən gözəl Azərbaycan xalqınadır…
Bakıda olarkən əmisigildə yaşayır, bu da ona qan qohumları ilə yenidən birləşmək fürsəti yaradır. Proqram çərçivəsində Azərbaycanın müxtəlif guşələrini, muzeyləri ziyarət edir. Deyir ki, bütün bunlardan sonra Azərbaycan dili biliklərim mükəmməlləşir və bu ölkə haqqında məlumatım əhəmiyyətli dərəcədə artır. Ceyran həmçinin Bakı Milli Konservatoriyasında balaban dərsləri alır və bu alət üçün yazılmış musiqiləri öyrənməyə fürsət tapır…
Azərbaycanda olarkən atasının dostları- Nicat Salmanov və Salman Qəmbərovla görüşür. Nicat Salmanov Filarmoniyanın əsas fleyta ifaçısıdır, həmin vaxt onunla birlikdə duet də ifa edirlər…
2016-cı ilin yanvar ayında Tofiq Bakıxanov və Arif Məlikovla tanış olur. Onlar üçün fleytada ifa edib, məsləhətlər alır…
Sonradan Nicat Salmanov və Salman Qəmbərovla birlikdə trio ifa edir. 2018-ci ilin yanvar ayında ABŞ-ın Ayova ştatına gələn Salman Qəmbərovla yenidən görüşür. Ceyran bu görüşdən məmnun qaldığını dilə gətirərək, onunla qürur duyduğunu söyləyir…
2014-cü ilin avqust ayında Ayova ştatında, müəllimi Nikole Espositonun elmi rəhbərliyi altında musiqi sənəti üzrə doktoranturaya qəbul olur və 2018-ci ilin aprelində "Fikrət Əmirov, Arif Məlikov və Tofiq Bakıxanovun fleyta üçün bəstələdikləri əsərlərin müqayisəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir…
Ceyran gələcəkdə milli və beynəlxalq jurnallar üçün Azərbaycan musiqisi haqqında daha çox elmi məqalə yazmaq, bu məlumatları müxtəlif konfranslarda təqdim etmək, bir azərbaycanlı pianoçu ilə CD diskləri buraxmaq, onları geniş auditoriyaya təqdim etməyi düşünür…
2018-ci ilin noyabr ayında Amerika Qırğızıstan Fondu tərəfindən maliyyələşdirilən Avroasiya festivalının sənətçisi seçilib. Festivalda Azərbaycanın musiqi əsərlərini təqdim edib…
Ceyran hələ gəncdir, Azərbaycan musiqisinin təbliq olunmasında çalışmaq, əzmkarlıq göstərmək həvəsi ilə yaşayır. Planları çoxdur, 2019-cu ilin avqustunda dünyada ən böyük beynəlxalq fleyta qrupunun Milli Fleyta Asossasiyasının Konvensiyasında Azərbaycanı təmsil edəcək…
Arzusu professor olmaq və tez-tez Azərbaycana getmək, konsertlər verməkdir. Azərbaycanı ikinci vətəni sanır. Deyir ki, mən Amerikada Azərbaycan musiqisini təbliğ etməkdən zövq alır, qürur duyuram…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


photoslide_title photoslide_title photoslide_title


Xəbər - 48 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv