Son xəbərlər
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm...

<font color=red><b>Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm...</b></font>

Vaxt az olduğundan ehtiramımı göstərməkdən ötrü onu qonaq dəvət edib, xidmətində durmaqdan başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiz, bu xanımın Azərbaycan musiqisinin təbliğində necə də böyük xidmətləri var…

Bir başqa aləmdir, Aida xanım. Duyğusal, romantik. Bir o qədər də əzmkar, iradəli…
Deyir ki, ailədə ilk və yeganə musiqiçidir. Atası Nemət Hüseynov mikroelektronika üzrə ölkənin aparıcı mütəxəssislərindən biri olub, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır. Məşhur Azon zavodunun yaradıcılarından biridir, ötən əsrin 70-80-ci illərində həmin zavodun baş mühəndisi vəzifəsində çalışıb. Anası Natella Kazımova kimya elmləri doktoru olub, bütün ömrünü Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışıb. 2012-ci ildə dünyasını dəyişib.
Qardaşı Emin Hüseynov isə texnika üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitabların və dərslikərin müəllifi, çalışdığı təhsil ocağının beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli payı olan alim və müəllimdir…
Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb.
1992-ci ildə Sankt- Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş namizədlik dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi ad alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında müəllimlik edib...
2000-ci ildən elmi və tədris fəaliyyəti Amerika Birləşmiş Ştatlarının İndiana Universiteti ilə bağlıdır. Daha dəqiqi həmin universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində çalışır. Həmin məktəb ABŞ-nın, eləcə də bütün dünyanın ən nüfuzlu ali musiqi təhsil ocaqlarından biridir. Beş kitab və 200-dən çox məqalənin müəllifidir…
Özünü şanslı adam sayır. Söyləyir ki, tale onu çox gözəl müəllimlərlə rastlaşdırıb. 8 nömrəli musiqi məktəbinin direktoru, mərhum Rəna Rəhimova onun ilk musiqi müəllimi olub. Sonradan 16 nömrəli məktəbdə təhsil alıb, burada o, Zemfira İsmayılzadənin sinfində oxuyub. Tezliklə Azərbaycanın gənc pianoçular müsabiqəsinin laureatı olub və Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. Dediyinə görə, həmin vaxtlar 16 nömrəli musiqi məktəbinin direktoru vəzifəsində çalışan, Azərbaycan musiqisinin canlı əfsanəsi, pianoçu Çingiz Sadıxovun onun haəyatında əvəzsiz rolu olub…
Nəsibinə bir çox ali musiqi məktəblərində olmaq düşüb, dünyanın ən nüfuzlu universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Berkli, Stanford, Kolumbiya universitetlərində, Böyük Britaniyanın Kəmbric Universitetində mühazirələrlə çıxış edib, müxtəlif konfransların iştirakçısı olub...
Deyir ki, elmi və pedaqoji fəaliyyətində üç ali təhsil ocağının xüsusi rolu var və bunlardan ilki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Bu tədris ocağında o, həm musiqişünas, həm də pianoçu kimi püxtələşib və uzun illər müəllimlik edib…
Sankt Peterburq Konservatoriyasının da onun həyatında az rolu olmayıb. 1992-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə orada yiyələniib…
Hazırda çalışdığı kafedranın müdiri professor Konstans Qlen o vaxt ona elmi təcrübəsi ilə əlaqəli fənnlərin yaradılması təklifi ilə müraciət edib. Nəticədə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnlərini yaradılıb və 2000-ci ildən bu günədək həmin kursları tədris etməklə məşğuldur…
Deyir ki, çox maraqlı təcrübədir. Canlı ifaya böyük önəm verir və İpək Yolu musiqi ənənələrini təmsil edən musiqiçiləri tez-tez auditoriyaya dəvət edir. Bəzən "Skype" və digər internet vasitələrinin yardımı ilə də görkəmli musiqiçi və alimlərlə əlaqə qurub, onları tələbələri ilə görüşdürür. Həmin fənnləri tədris edərkən Azərbaycan musiqisinə böyük önəm verir və həm ənənəvi musiqimiz, həm də bəstəkar yaradıcılığımız, eləcə də milli caz haqqında bilgilərini tələbələrinə çatdırmağa çalışır. Ümumiyyətlə, gənc amerikalıların musiqimizə göstərdikləri maraq və bu sahədə biliklərinin artması iş prosesinin ən sevindirici cəhətlərindən biridir…
Elmi işinin əsas obyekti, Azərbaycan musiqisində baş verən inqilabi dönüş, musiqi ənənələrimizin Qərb musiqisinin formaları ilə sintezidir...
1997-ci və 2003-cü illərdə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev haqqında iki kitab yazıb, onlardan biri bəstəkarın nəvəsi, böyük müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olunub. Azərbaycan piano məktəbinin inkişafı haqqında da yazıları var. Müəllimi Elmira Nəzirovanın ifaçılıq və pedaqoji fəaliyyətini araşdırıb, görkəmli pianoçumuz Fərhad Bədəlbəylinin 50 illik yubileyinə həsr olunmuş kitabın tərtibçilərindən biridir...
Deyir ki, 2001-cü ildə Ayna Mətbu Evindən Ekson şirkətinin Uşaq Ensiklopediyası layihəsi çərçivəsində ərsəyə gələn kitabların musiqiyə həsr olunmuş cildini yazmaq təklifini alıb və yazdığı “Musiqi: Səmimiyyət Məbədi” adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası dərc olunan ilk ensiklopediyadır. Həmin nəşr əvvəlcə qaçqın uşaqlara pulsuz paylanılıb. Layihə böyük əks-səda doğurduğundan 2004-cı ildə ensiklopediyanın təkrar nəşri işıq üzü görüb. Həmin nəşrə təhsil nazirliyi tərəfindən orta məktəb dərsliyi statusu verilib…
Elmi məqalələri Azərbaycanda, ABŞ-da, Almaniyada, Hollandiyada, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb. Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində qadınlar” musiqi ensiklopediyası, ABŞ-nın Kəmbric Xor Ensiklopediyası üçün yazdığı məqalələri xüsusilə qeyd edir. Bu yaxında ABŞ-da işıq üzü görmüş “Orta Asiyanın Musiqisi” adlı sanballı nəşrin tərtibçi redaktorlardan biri olub.
ABŞ-ın tanınmış musiqişünas alimi, professor Ted Levin dərc olunacaq yeni kitabda ona Azərbaycan musiqisinə dair bir fəsil yazmağı həvalə edib. Dəvəti məmnuniyyətlə qəbul etdən Aida xanım həmin kitabda “XX əsrdə Azərbaycan muğamının yeni təzahür formaları” adlı fəsili ərsəyə gətirib. Kitab dərslik kimi nəzərdə tutulub və bu o deməkdir ki, Azərbaycan musiqisi haqqında bilgilər ABŞ-ın ali musiqi məktəblərində çalışan yüzlərlə tələbə və müəllimlər tərəfindən öyrəniləcək….
“Azərbaycan musicisi: muğamdan operaya doğru” kitabına gəldikdə isə o, dedi:
- Adını çəkdiyiniz kitabım müasir Azərbaycan musiqisi haqda ingilis dilində yazılan və sanballı akademik nəşriyyatında işıq üzü görən ilk nəşrdir. Bu iri miqyaslı layihəni ərisəyə gətirməyim on ildən çox vaxt apardı. Çox şadam ki, kitabımın sayəsində Azərbaycan bəstəkarları, ifaçıları və caz sənəti, ümumiyyətlə Azərbaycan musiqisinin XX əsrdəki nailiyyətləri ilə dünyanın hər bir yerində ingilis dilini bilən oxuyucular tanış ola bilərlər…
ABŞ-nın müxtəlif şəhərlərində keçirilən bir çox tədbirlərdə iştirak edib. 2005-ci ildə San Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şürasının üzvü olub, Azərbaycan musiqisinin həmin nüfuzlu tədbirdə ləyaqətlə təmsil olunması üçün əlindən gələni əsirgəməyib.
2006-cı ildə isə görkəmli bəstəkarımız Firəngiz Əlizadə ilə bərabər Sietldə keçirilən “Buzları yararaq” müasir musiqi festivalında iştirak edib. Çağdaş azərbaycan musiqisi haqda mühazirə oxuyub. 2017-ci ilin may aynda çalışdığı İndiana Universitetində “Musiqi, biznes və sülh” mövzusunda, dünya şöhrətli alimlərin iştirakı ilə keçirilən böyük bir tədbirin təşkilat komitəsinin üzvü olub və s..
2006-cı ildən başlayaraq həm Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən İpək Yolu Ansamblının, həm də Kronos kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində elmi məsləhətçi kimi çalışır. Konsertlərdən öncə mühazirələrlə çıxış edir, konsertlər üçün hazırlanan proqram və broşurlara materiallar tərtib edir, tamaşaçıların suallarını cavablandırır. Azərbaycan musiqisi, muğam haqqında, bəstəkarlarımız, ifaçılarımız barəsində məlumatlar verir...
Deyir ki, bir iri miqyaslı, sözün əsil mənasında tarixi layihə haqqında söhbət açmaq istərdim. Bu, iki dünya şöhrətli musiqiçinin- Azərbaycanın böyük muğam ustası Alim Qasımovun və ABŞ-nın məşhur violonçelçalanı Yo-Yo Manın iştirakı ilə həyata keçirilən “Leyli və Məcnun” layihəsidir. Həmin layihədə iştirakımı yaradıcı və elmi işimin ən dəyərli, ən yaddaqalan sahələrindən biri hesab edirəm. Hamımıza bəllidir ki, Üzeyir Hacıbəylinin 1908-ci ildə Məhəmməd Füzulinin poeması əsasında yazdığı “Leyli və Məcnun” operasın Azərbaycan musiqisinin tarixində yeni səhifə açmiş, indiyədək ölkəmizdə mütəmadi olaraq ifa olunan və sevilən əsərdir. Amma Qərbdə bu opera haqda təsəvvür olduqca məhdud idi. Bunun da obyektiv səbəbləri var: operanın çox məxsusi estetikası var, bundan əlavə, onun səhnələşdirilməsində muğam ustaları iştirak etməlidir və bu səbəbdən ölkə xaricində operanı tam şəkildə ifa etmək, demək olar ki, qeyri mümkündür.
2006-cı ildə Alim Qasımov Yo-Yo Maya “Leyli və Məcnun” operasının yeni, yığcam versiyasını yaratmaq təklifi ilə müraciət etdi. Bu təklif Yo-Yo Ma tərəfindən böyük maraqla qarşılandı və tezliklə operanın yeni variantının məşqləri başlandı. Həmin operada Alim Qasımov Məcnunun partiyasını, qızı və tələbəsi olan, artıq muğam sənətində öz sözünü demiş Fərqanə Qasımova isə Leylinin partiyasını ifa ediblər. Bizim istedadlı xanəndələrimiz, ansamblın digər üzvləri, o cümlədən kamançaçalan Rauf İslamov, tarzən Zəki Vəliyev də İpək yolu ansamblının musiqiçiləri və təbii ki, Yo-Yo Ma ilə birlikdə oldular. Onlar “Leyli və Məcnun”u Amerikanın, Avropanın və Asiyanın ən mötəbər səhnələrində inanılmaz səviyydə təqdim etdilər…
Söyləyir ki, Nyu Yorkdakı Linkoln Mərkəzinin 50 illiyinə həsr olunmuş silsilə konsertlərin sırasında “Leyli və Məcnun” da var idi. Əsər həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya Zalında, bu təşkilatın baş katibi Ban-Ki-Munun və dünya ölkələrinin diplomatik missiyalarının nümayəndələrinin önündə ifa olundu. Unudulmaz bir gün idi! Hamı bir nəfər kimi, ayağa durub, musiqiçilərimizi salamlayır və 10-15 dəqiqə ərzində onları səhnəni tərk etməyə imkan vermirdilər...
Bostonda, Vaşınqtonda, Ənn Arborda, Providensdə, Kanadanın Toronto şəhərində, Qətərin Doha şəhrində, Fransanın Villekroz şəhərindəki ifalar da böyük əks-səda doğurub..
Bu günlərdə- noyabrın 13-dən 17-sinədək İngiltərədə səfərdə olublar. "Leyli və Məcnun" operası orada da çox uğurla nümaiş etdirilib…
ABŞ-da yaşamaq çəyin deyil ki, sualıma:
-Təbii ki, vətəndən uzaq qalmaq, ailədən, uşaqlıq dostlarından ayrılmaq heç də asan deyil. Amma dünyanın ən nüfuzlu musiqi məktəblərinin birində dərs demək, ABŞ kimi nəhəng ölkədə Azərbaycan musiqisini tanıtmaq, elmi araşdırmalar aparmaq və onların bəhrəsini görmək, dünya şöhrətli musiqiçilərin iştirakı ilə iri həcmli layihələrdə iştirak etmək, bunlar hamısı qürur vericidir. Azərbaycan musiqisini tanıtmaq üçün əlimdən gələni edirəm…
Bəli, bir gözəl soydaşımız haqqında da söhbəti yekunlaşdırdım...
Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan