Son xəbərlər
22 MAY
21 MAY
MEDİA

“Birinci növbədə Azərbaycan dilini gözəl bilməlisən”

<font color=red><b>“Birinci növbədə Azərbaycan dilini gözəl bilməlisən”</b></font>

Sona Vəliyeva: “Azərbaycançılığın qorunmasında üç əsas amil var – Azərbaycan insanı, məkanı və bir də dilimiz”


Yetişən nəslin beynində, barmaq və göz yaddaşında sahman yaradana qədər monitorinqlər davam etməlidir. Heç bir ziyalı kənarda qala bilməz, hamı münasibətini bildirməlidir. Bu dil televiziya və ya qəzet rəhbərinin deyil, Azərbaycan dili hamımızın dilidir və onun qorunması hər birimizin borcudur.
Bu sözləri dünən Azərbaycan Dillər Universitetində Universitetin Filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda keçirilən dəyirmi masada çıxışında “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib. Sona Vəliyeva bildirib ki, dilin saflığının qorunması ilə əlaqədar KİV-də aparılan monitorinqlər mütəmadi olmalıdır: “Bir neçə il əvvəl KİV-də dilin təmizliyinin qorunub saxlanması istiqamətində işlərə başlanıldı. O vaxt ortaya belə məsələ çıxdı ki, türk cizgi filmləri və serialların Azərbaycan məkanını zəbt etməsindən irəli gələrək, dilimiz korlanmağa başlayıb. Bu məsələni həyəcan təbili kimi çaldıq və cənab Prezident İlham Əliyev bu məsələyə ən yüksək səviyyədə diqqət göstərdi. Serialların çəkilməsi üçün xeyli pul ayrıldı, hər televiziya üçün ayrıca məbləğ müəyyən olundu və televiziyaların özü seriallar çəkməyə başladı. Onun məzmununun tamaşaçını qane edib-etməyəcəyi başqa məsələdir. Çünki onların bəzilərinin səviyyəsi bizi qane eləmədi. Seriallara pul ona görə ayrılmışdı ki, həm dilin saflığı qorunsun, həm də material olsun, bizim insanlar Azərbaycanın istehsal etdiyi seriallara baxsın. Birinci növbədə vətənpərvərlik mövzusunu, müstəqillik dövründə prokuror, müstəntiq, ailə xanımı, müəllim, neftçi obrazlarını əsas qoymuşduq. Bu məsələləri şou üzərinə yönəltsələr də, hər halda bir formalaşma oldu. Əsas problem ondan ibarət idi ki, Azərbaycan dili türk dilinin içində əriyib gedirdi. Biz çox basqı gördük, “niyə bizim dilimizi bizə tərcümə edirsiniz” kimi mesajlar, zənglər gəlirdi, məktublar alırdıq. Beynəlxalq Mətbuat Mərkəzində böyük tədbir keçirdik, məsələnin məğzinin nədən ibarət olduğunu izah elədik ki, dilimiz əriyib gedir”.
Sona Vəliyeva vurğulayıb ki, dilimizin türk dilinin içərisində əriməsi müstəqillik dövründə aldığımız ən böyük zərbə ola bilərdi: “Ona görə də bu addımı atdıq. Düşünürəm ki, çox doğru elədik. Bəzən telekanallarda dilimizin normalarının pozulduğunu eşidəndə dərhal televiziya rəhbərliyinə zəng edib məsələyə münasibətimi bildirirəm. Ötən gün eşidirəm ki, ədalı bir xanım “adapteyşn olunmuş” ifadəsini işlətdi. Bu, Azərbaycan dilinə bir ziyalının vurduğu zərbədir. İngilis dilindən çoxlu sayda sözlər var ki, dilimizdə işlənir. Aparıcının ekrandan birbaşa üzümüzə hər dəqiqə “okey” sözünü oxuması dilimizə zərbə vurur. Azərbaycançılığın qorunmasında üç əsas amil var – Azərbaycan insanı, məkanı və bir də dilimiz. Bu üç komponent bir yerdə azərbaycançılığın, həm də dövlətçiliyin ideologiyasına çevrilməsində rol oynayıb. Düşünürəm ki, bu məsələlərdə ziyalı olaraq öz səsimizi qaldırmalı, dərhal münasibətimizi bildirməliyik. Qəzetdə, jurnalda gördüyümüz orfoqrafik, üslub səhvləri, yerində olmayan alınma sözlərlə bağlı iradlarımızı həm yazılı bildirməli, həm də zəng edib çatdırmalıyıq. Bəzən baxırsan ki, sözün Azərbaycan dilində gözəl ifadəsi olduğu halda, işlətmirik. Bir az ədalı, sanki daha “ziyalı” görünmək istəyirik kimi təəssüratlar olur. Həm də qəzet rəhbəri olduğum üçün hər planlaşdırmada deyirəm ki, alınma sözlərin dilimizdə heç bir qarşılığı yoxdursa, işlədə bilərik, qarşılığı varsa, dilimiz çox zəngindir, öz sözlərimizdən istifadə edək. Bəzən kimlərsə rusdilli olduqlarını deyir və bununla da qürur duyurlar. Rusdilli ol, rus dilini gözəl bil, amma birinci növbədə Azərbaycan dilini gözəl bilməlisən. Bu, sənin üstünlüyündür. Ölkə rəhbəri rus dilində təhsil alıb və ali məktəbi Moskvada bitirib. Dilimizdə elə arxaik sözlər var ki, cənab Prezident onları dilə qaytarır, fikrin qüvvətləndirilməsi üçün təkrirlərdən yerində istifadə edir. Bir cümlədə eyni sözdən ikinci dəfə istifadə etməz, o sözün dilimizdəki başqa ifadəsinə müraciət edərək fikri qüvvətləndirir. Bu kimi keyfiyyətlər, dilin zənginliyindən istifadə etmək həm natiqin, həm də aparıcının, KİV rəhbərinin ziyalılığına və savadlılığına dəlaət edir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv