Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İDMAN

Azərbaycan Gimnastika Federasiyası bu il bir neçə nüfuzlu yarışa ev sahibliyi edəcək

<b>Azərbaycan Gimnastika Federasiyası bu il bir neçə nüfuzlu yarışa ev sahibliyi edəcək</b>

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2019-cu ildə gimnastika növləri üzrə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək

AGF-dən verilən məlumata görə, cari il federasiya yenidən zəngin iş planı ilə çalışaraq 2019-cu ilə fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start verəcək. Bir ay sonra – martın 14-17-də meydança idman gimnastlarının olacaq. Belə ki, ölkəmizdə dördüncü dəfə idman gimnastikası üzrə dünya kuboku təşkil olunacaq. Aprel və may ayları isə bədii gimnastların çıxışları ilə əlamətdar olacaq. Aprelin 26-28-də bu növ üzrə dünya kuboku, mayın 17-19-da isə Avropa çempionatı keçiriləcək.
Cari il AGF ilk dəfə olaraq, gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bədii gimnastlardan sonra mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar.
İyulun 20-28-də ölkəmizdə ilk dəfə olaraq, Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu festival çərçivəsində baş tutacaq idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında keçiriləcək.
İlin sonuncu yarışı bədii gimnastika üzrə dünya çempionatıdır. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq.
Bakıda keçiriləcək hər üç dünya kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri isə məhz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olacaq.
Gimnastika növləri üzrə bütün beynəlxalq yarışların Milli Gimnastika Arenasında keçirilməsi gimnastika sevərləri daha da sevindirəcək. Belə ki, onlar sərfəli şərtlərlə “Mövsümi Bilet” əldə edərək bütün beynəlxalq gimnastika yarışlarını özlərinə məxsus oturacaqlardan izləyə biləcəklər.