Son xəbərlər
18 YANVAR
17 YANVAR
16 YANVAR
SİYASƏT

Qüdrət Həsənquliyev: “Sanki onların işi sərvət toplamaqdır”

<font color=red><b>Qüdrət Həsənquliyev: “Sanki onların işi sərvət toplamaqdır”</b></font>


2018-ci il ölkəmiz üçün daha çox Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, iqtisadi və siyasi sabitlik ili kimi yadda qaldı. Xarici siyasətimizdə ən böyük uğur kimi Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması və Avropa İttifaqı ilə imzalanan tərəfdaşlığın prioritetləri barədə sazişi qeyd etmək olar. Bunlarla yanaşı, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması da beynəlxalq aləmdə Azərbaycanın mövqelərini xeyli gücləndirmiş oldu.

Bu fikirləri Teleqraf.com-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev 2018-ci ilin siyasi yekunları haqqında suala cavab verərkən deyib.

Partiya sədri son günlər bloger Mehman Hüseynovun aclıq aksiyası ətrafında yaradılan ajiotaj haqqında da fikirlərini açıqlayıb. O deyib ki, Mehman Hüseynovla bağlı məsələyə artıq aydınlıq gətirilib:

“Mən bu məsələ ilə maraqlanmışam və ümid edirəm, bu məsələ tezliklə öz həllini tapacaqdır”.

İndiki mərhələdə Azərbaycanda ”5-ci kolon”un fəallaşması haqqında suala cavabında Qüdrət Həsənquliyev deyib ki, ölkəmiz strateji əhəmiyyətli bir coğrafiyada yerləşdiyi üçün böyük dövlətlərin burada maraqları həmişə toqquşub:

“Şükürlər olsun ki, Azərbaycanın böyük dövlətlərin güclərini sınadığı poliqona çevrilməsinə imkan verməmişik. Burada xarici güclərə işləyən “5-ci kolon” həmişə olub. Onları zaman-zaman aktivləşdirməklə Azərbaycan dövlətinə təzyiq edirlər. Yenə də aktivləşdiriliblər. Son vaxtlar Azərbaycanın daha da güclənməsinə yol açan iqtisadi islahatlar və Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Qarabağın işğaldan azad olunması üçün imkanların yaranması ermənipərəst qüvvələri təşvişə salıb. Onlar rəsmi Bakını qorxudub bütün təşəbbüslərə son qoyulmasını istəyirlər. Daxildə də heç kimə sirr deyil ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var.

Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir. Kimlər hədəf seçilir - Prezident və onun ailəsi, Prezidenti ölkədə sabitliyin təminatçısı kimi görüb onu qorumaqla Azərbaycanı qoruduqlarını düşünən insanlar. Elçibəy iqtidarında da belə iddialılar var idi. Elçibəy devriləndən sonra aqibətlərinin necə olduğunu hamımız gördük. Əslində dövlət orqanları da, ictimaiyyət də bir az diqqətli olsa, belələrinin kimliyini dərhal müəyyən edə bilər. Bəzən elə hadisələr baş verir ki, düşünürsən, yəqin söyüşçülər dəstəsi bu fürsəti buraxmaz, amma sonra tam bir sükut müşahidə edirsən. Sanki heç nə baş verməyib. Fikir versəniz, görərsiniz ki, həmin yüksək vəzifəli səxslər, onların yüksək vəzifələrə təyin etdiyi qohumları və övladları Prezidentin təhqir olunmasına heç bir reaksiya vermirlər. Sanki onların işi sərvət toplamaqdır. Prezidenti müdafiə etmək isə yalnız Əli Həsənova, bir neçə deputata və jurnalistlərə aid məsələdir.

Amma kimsə onları təhqir etməyib, bir balaca fəaliyyətlərinə və ya fəaliyyətsizliklərinə işıq salsa, qulbeçələri həmin adamı dövləti cinayətlərdə ittiham edər, imkanları olsa, quldarlıq dövründə olduğu kimi çarmıxa çəkib yol kənarındakı elektrik dirəklərindən asarlar. Təsadüfi deyil ki, YAP-ın aparıcı şəxslərindən olan Siyavuş Novruzov Milli Məclisin son iclaslarından birində çıxış edərək dedi ki, biz o səviyyəyə düşmək istəmirik, deyib, yaxanızı kənara çəkdiyiniz bəsdir, mövqeyinizi bildirin. Amma nə dəyişdi? Heç nə”.

ATƏT-in hazırkı sədri Miroslav Layçakın Vyanada keçirdiyi mətbuat konfransı zamanı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış imkanlardan istifadə ediləcək” bəyanatını şərh edən Qüdrət Həsənquliyev hesab edir ki, ATƏT-in Qarabağ probleminin həllinə dəstək vermək imkanları sıfra bərabərdir:

“Ona görə də biz Rusiya ilə daha aktiv formada işləməli və danışıqları Rusiya ilə aparmalıyıq. Rusiya ilə danışıqlar nəticə verməzsə, hərbi yolla torpaqlarımızı azad etməliyik”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv