Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SİYASƏT

Marneuli meri postu uğrunda mübarizə

<font color=red><b>Marneuli meri postu uğrunda mübarizə</b></font>

Gürcüstanda, azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunda mer seçkiləri yaxınlaşır

Qeyri rəsmi məlumatlara görə, növbədən kənar yerli özünüidarəetmə seçkiləri güman ki, 19 mayda keçiriləcək. Çünki keçmiş mer Temur Abazov məhkəmə proseslərinin gedişatına görə, Marneuli merliyi statusundan imtina edib.
Hələ bu haqda məlumat 20 martda baş tutan Mərkəzi Seçki Komissiyaının iclasında məlum olub. MSK-nın mətbuat katibi Ana Dolidze media ilə söhbətində bildirib ki, MSK 19 mayda növbədənkənar mer və bələdiyyə məclislərinin aralıq seçkilərinin keçirilməsini planlaşdırır.
Xatırladaq ki, 10 iyun 2018-ci ildə iki yeniyetmənin qətlinə etiraz olaraq Tbilisidə keçirilən kütləvi etiraz aksiyasında nümayişçilərdən biri keçmiş mer T.Abazovun həyat yoldaşını təhqir etmişdi.
Buna biganə qalmayan mer digər şübhəlilərlə birlikdə həmin şəxsə bədən xəsarətləri yetirib və onu təhqir edib. İnsidentdən sonra T.Abazov aksiya iştirakçısını alçaltma ittihamı ilə polis tərəfindən saxlanılmışdı.
“Məhkəmə prosesləri, yəqin ki, bir neçə ay davam edəcək. Mən məhkəmə işində təqsirləndirilən şəxs ola-ola mer postunu tutmaq istəmirəm”, – deyə Abazov bildirib.
T.Abazovun vəkilləri fevralın 13-də Marneulinin sakrebulosuna (nümayəndəlik orqanı) onun istefa ərizəsini təqdim edib.
T.Abazov ərizəyə yaxın günlərdə baxılacağına və hakimin işlə bağlı obyektiv qərar çıxaracağına ümid etdiyini bildirib.
Xatırladaq ki, 2018-ci ilin dekabr ayında T.Abazov 10 min lari (6,5 min manat -red) girov müqabilində şərti azad edilib. Məhkəmədə təqsirli olduğu sübuta yetirilsə, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Artıq mer uğrunda mübarizəyə hələ ki, 3 azərbaycanlı qoşulub - “Gürcü Arzusu”ndan Zaur Darğallı, “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev və müstəqil namizəd olaraq Əli Bədirov.
Bir ara gürcü mətbuatında, eləcə də Marneuli ictimaiyyəti arasında dolaşan söz-söhbətə görə, “Gürcü arzusu” partiyası Marneuli rayon merliyinə azərbaycanlı deyil, məhz gürcü əsilli birinin namizədliyini irəli sürəcək.
Məsələ ilə bağlı Marneulini Gürcüstan parlamentində təmsil edən deputat Mahir Dərziyev qeyd edib ki, Gürcüstanın seçki qanunvericiliyinə görə, orada aralıq seçkilər keçirilir. Çünki seçkili orqanlarda yerlər müəyyən səbəblərdən boşalır. Bu boşluğu doldurmaq üçün ehtiyac yarandıqda aralıq seçkilər keçirilir. Ona görə bu ilin may ayında Gürcüstanın 5 rayonunda, o cümlədən Tiflis şəhərinin bir majoritar dairəsində də aralıq seçkilər keçiriləcək:
“Marneulidə keçiriləcək seçkilər ölkə miqyasında keçirilən seçki prosesinin tərkib hissəsidir. Artıq ayrı-ayrı siyasi partiyalar öz namizədlərini açıqlamaqdadırlar. Məsələn, bizim təmsil olunduğumuz “Gürcü arzusu” - Demokratik Gürcüstan partiyası Marneuli meri vəzifəsinə Zaur Darğallının namizədliyini irəli sürdü. O, gənc olsa da burada kifayət qədər tanınmış bir şəxsdir. Bəli, söhbət gəzirdi ki, guya Marnueli meri vəzifəsinə gürcü əsilli şəxslərin namizədliyi irəli sürüləcək. Bu şayiələrin yayılmasında müxalif qüvvələrin də rolu az olmadı. Məqsəd də əhali arasında iqtidar partiyaya qarşı etimadsızlıq yaratmaq, onları birtərəfli siyasət yürütməkdə ittiham etmək idi. Lakin gördüyünüz kimi, namizədliyi irəli sürülən Zaur Darğallı əslən azərbaycanlıdır”.
Deputat namizədlər arasında Zaur Darğallının şansını daha yüksək dəyərləndirdi. “Dediyim kimi, gənc olmasına baxmayaraq, talantlıdır, tanınan isimdir. Ən əsası da onu “Gürcü arzusu” kimi bir partiya dəstəkləyir”-deyə, o fikrini tamamladı.
O da qeyd olunur ki, “Vahid Milli Hərəkat” partiyası Marneulidə mer seçkilərində Aqil Mustafayevin namizədliyini irəli sürəcək. Bu haqda məlumatı “Marneuli” radiosuna Aqil Mustafayevin özü də təsdiqləyib. O, bildirib ki, 28 mart tarixində partiyanın Marneuli ofisində partiya üzvləri və liderləri ilə görüş keçirilib. Görüşdə qərara alınıb ki, mer seçkilərində “VMH” partiyası da öz namizədini təqdim etsin və bu qərar partiyanın mərkəzi ofisi tərəfindən də müsbət qarşılanıb.
Gəlin hazırkı namizədlərlə tanış olaq: Namizədliyi hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülən, 31 yaşlı Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub.
2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.
2017-ci ildə Z.Darğallı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunub. O, bu vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri olub.
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili deyib ki, Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir.
Onun sözlərinə görə, Z.Darğallı hakim partiyanın komandasında fəal iştirak edir: “O, hazırda Kvemo Kartli qubernatorunun müavinidir. Zaur Darğallının Kvemo Kartli bölgəsində uğurlu fəaliyyətlə bağlı böyük iş təcrübəsi var. İnanırıq ki, onun Marneuli rayonunda da fəaliyyəti uğurlu olacaq”.
Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi isə Əhməd İmamquliyevdir.
Ə.İmamquliyev də Marneulidə tanınan simalardan biridir, ancaq bir neçə parlament, mer seçkisində iştirak etsə də qalib gəlməyib. 2017-ci ilin oktyabrında Ə.İmamquliyev bir daha özünü Marneuli mer seçkisində sınayıb və 21,33 faiz səs toplayaraq məğlub olub.
Bu dəfə Ə.İmamquliyevin namizədliyini partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib.
D.Bakradze Ə.İmamquliyevin Marneuli rayon icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib: "Əhməd İmamquliyev vicdanlı insandır və ona inanmaq olar. Seçkilərdə iştirakımızın əsas məqsədi qələbədir. Hər bir seçki daha yaxşı yaşayışa nail olmaq üçün şansdır və biz bu şansdan istifadə etməliyik. Bunun üçün Marneulidəki namizədimiz qələbə üçün və daha yaxşı həyat üçün mübarizə aparacaq”.
Ə.İmamquliyev partiya rəhbərliyinə ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O deyib ki, Marneuli rayonunun icra başçısı seçiləcəyi təqdirdə əmək haqqının 50%-ni xüsusi fonda köçürəcək və həmin məbləğ tələbələr üçün sərf olunacaq.
Üçüncü şəxsin namizədliyi isə Gürcüstanda gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən irəli sürülən Əli Bədirovdur. Təşəbbüs qrupunda azərbaycanlı və gürcü gənclər təmsil olunub.
Ə.Bədirov bildirib ki, təşəbbüs qrupunun qərarı onun üçün gözlənilməz olub: “Qrupun qərarı ilə bağlı rəsmi cavabım olacaq. Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədliyimi mütləq irəli sürəcəyəm”.
Qeyd edək ki, Ə.Bədirov Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistridir. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Hələ namizədlərin qeydə alınması prosesinə yekun vurulmayıb. Çox güman ki, daha bir neçə nəfər mer olmaq iddiasında olacaq. Ancaq Marneuli seçicilərinin hansı namizədi daha çox dəyərləndirib özlərinə mer seçəcəyi məlum olmasa da, aparılan müşahidələr və mediada keçirilən sorğular, üzdə olan tanınan simaların açıqlamalarına əsasən daha şanslı Zaur Darğallıdır. Bunu da əsalandıran amillərdən biri onun yüksək təşkilatçılıq qabiliyyətinə, bölgədə böyük nüfuz, hörmət və söz sahibi olması göstərilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv