Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Efiopiya laynerinin pilotları “Boeing” konserninin təlimatı üzrə hərəkət ediblər

<b>Efiopiya laynerinin pilotları “Boeing” konserninin təlimatı üzrə hərəkət ediblər</b>

Martın 10-da qəzaya uğrayan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin pilotları istehsalçının yeni təlimatı üzrə hərəkət etsələr də, layneri xilas edə bilməyiblər

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aviasiya qəzasının ilkin səbəblərinə dair aprelin 4-də Əddis-Əbəbədə dərc edilən məruzədə deyilir.
“İlkin məruzəyə əsasən, “Ethiopian Airlines” aviakompaniyasının pilotları “Boeing” tərəfindən tərtib edilən və ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi tərəfindən təsdiqlənən fövqəladə vəziyyət zamanı fəaliyyət üzrə təlimata əsasən hərəkət ediblər. Cəhdlərə baxmayaraq, təyyarə qəzasının qarşısını almaq mümkün olmayıb”, - deyə Efiopiyanın nəqliyyat naziri Daqmavit Moqes bildirib.
Nazir, həmçinin təyyarənin qara qutularının və aviakompaniya tərəfindən təqdim olunan sənədlərin istintaq tərəfindən tədqiq edildiyini bildirib. Onun sözlərinə görə, qəza barədə yekun məruzə bir il ərzində hazır olacaq.
Aviakompaniyanın baş direktoru Tevolde Hebremariam isə öz növbəsində ağır vəziyyətdə pilotların yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirdiklərini və onlarla qürur duyduqlarını vurğulayıb.
Bu arada, Efiopiyanın Qəzaların Təhqiqatı üzrə İstintaq Komissiyasının rəhbəri Amdey Fenta qəzaya uğrayan təyyarənin konstruksiyasında kənar obyektlərin səbəb olduğu zədələrin aşkarlanmadığını bildirib.
Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, son 5 ay ərzində həmin model təyyarənin uğradığı ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra dünyanın 20-dək ölkəsi, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələri təhlükəsizlik baxımından “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyası isə öz növbəsində “737 MAX” modelinin təhlükəsizliyi barədə bəyanat versə də, ABŞ-ın federal aviasiya idarəsinə (FAA) həmin modeldən olan bütün təyyarələrin uçuşlarını dayandırmağı tövsiyə edib.