Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

“Gürcüstan rəsmilərinin Azərbaycanla bağlı çıxışlarının heç birində səmimiyyət yoxdur”

<b>“Gürcüstan rəsmilərinin Azərbaycanla bağlı çıxışlarının heç birində səmimiyyət yoxdur”</b>

“Gürcüstan hakimiyyəti ermənilərdən qorxur”. Bu fikirləri “Xalq Cəbhəsi”nə Gürcüstan Parlamentinin Vahid Milli Hərəkat partiyasından olan millət vəkili soydaşımız Azər Süleymanov Cavaxet bölgəsinin Axalkalaki rayonundakı Buğaşen kəndində terrorist erməni Mixail Avakyana ucaldılan abidənin hələ də sökülməməsinə münasibətində açıqlayıb.

Xatırladaq ki, bu ilin yanvarın 20-də Gürcüstanın adışəkilən ünvanında terrorçu Avakyana abidə ucaldılıb. Açılışa Buqaşen kəndi və ətraf kəndlərdəki ermənilər, Axalkalakinin meri, erməni Yurik Unanyan, parlamentin deputatları Enzel Mkoyan və Samvel Manukyan qatılıblar. Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan da mərasimdə rəsmi İrəvanı təmsil edib. Əvvəlcə kəndin erməni kilsəsində dəfn mərasimi keçirilib, sonra qonaqlar duz-çörəklə qarşılanıb. Erməni səfir Ruben Sadoyan və erməni biznesmen Qaqik Avaqyan qırmızı lenti kəsib.
Hadisəyə Azərbaycan və Gürcüstan ictimaiyyətindən etirazlar gəldi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi, Azərbaycanın Gürcüstandsakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyinə dəvət olundu. Spiker Oqtay Əsədov bu məsələlər üzrə iş aparıldığını, Gürcüstan hökumətinin bu məsələyə diqqət yetirəcəyini və məsələnin həllini tapacağəna güman etdiyini bildirdi. Gürcüstanda yaşayan bir qrup azərbaycanlı da ölkənin parlamenti qarşısında etiraz aksiyaları keçirdilər. Gürcüstan parlamentində təmsil olan azərbaycanlı deputatlar, bəzi gürcü həmkarları ilə birgə bəyanat qəbul etdilər, Gürcüstanın bir çox politoloqu bu məsələnin Gürcüstan-Azərbaycan münasibətlərinə sərinlik gətirəcək məqsədi daşıdığını bildirdilər. Gürcüstan prezidenti S.Zurabişvilinin fevralda Bakıya rəsmi səfərinin də bu məsələnin həllinə müsbət təsir edəcəyinə ümid edildi. Lakin sonradan “fırtına” yatdı, ümidlər, gözləntilər puça çıxdı… Bu gün hələ də Azərbaycanın dəstəyi ilə ayaqda dura bilən Gürcüstan azərbaycanlıların qatilinin əbədiləşdirilməsinə susur, hətta dəstək verir.
Qeyd edək ki, bu günlərdə Gürcüstanda rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.
Z.Dziquri Azərbaycanla Gürcüstanın strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Gürcüstan Parlamentinin Diaspora və Qafqaz məsələləri üzrə Komitəsinin rəhbəri Beka Odişariya, Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev və Azər Süleymanov da iştirak ediblər.
Azərbaycan tərəfini isə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər təmsil ediblər.
Azər Süleymanovdan yuxarıda bəhs etdiyimiz məsələ ilə bağlı soruşduq. Deputat bildirib ki, F.Muradov vitse spikerlə görüşündə abidə məsələsinə toxunub: “Fuad Muradov da buna öz etirazını bildirdi. Ciddi şəkildə abidənin sökülməsi təklifini verdi. Hətta alternativ variant olaraq Aprel döyüşlərində qəhrəmancasına həlak olan Təbriz Musazadənin Dmanisidə abidəsinin ucalmasının vacib olduğunu söylədi”.
Bu yerdə xatırladaq ki, Təbriz Musazadə 1981-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olmuş T.Musazadə 2016-cı ildə Aprel döyüşləri zamanı Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə ilə birgə ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub, Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
A.Süleymanov onu da qeyd edib ki, terrorçuya ucaldılan abidənin sökülməsi ilə bağlı gürcü hakimiyyəti və hakim “Gürcü Arzusu” partiyasının rəsmiləri ilə həmişə mübahisə edib: “Fuad Muradovun vitse spikerlə görüşündə də bu məsələyə toxundum. Bildirdim ki, hakimiyyət ermənilərdən qorxur, abidəni sökmür, Azərbaycana isə hörmət etmir. Avakyan təkcə Xocalı soyqırımında yüzlərlə azərbaycanlını qətlə yetirməyib, onun əli həmçinin gürcülərin də qanına bulaşıb. 1990-cı illərdə Abxaziyada DİN sistemində xidmət edib. Həmin illərdə DİN-də xidmət edən erməni millətçilər, başqa Avakyan olmaqla, Suximidə gürcülərin qətlində iştirak ediblər. Həmin hadisələrdə 16 gürcü öldürüldü, onlarla ağır yaralanan oldu. Bu, gürcü xalqına qarşı ilk soyqırım həmləsi idi ki, bunda da Avakyan fəal iştirak edib. İndi əli gürcü xalqının da qanına bulaşan bir erməni terrorçunun abidəsinin Gürcüstan torpağında ucaldılması gürcü xalqına da hörmətsizlikdir”.
A.Süleymanov onu da vurğulayıb ki, Gürcüstanın hakimiyyət rəsmilərinin Azərbaycanla bağlı çıxışlarının heç birində səmimiyyət yoxdur: “Hamısı pafosludur, səmimiyyət olsaydı, daim dar ayaqda ona dəstək olan Azərbaycana öz əməlləri, işləri ilə hörmət qoyardılar. Ermənilərdən qorxub, çəkinməzdilər. Hakimiyyət rəsmiləri mənə bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun da Marneulidə heykəli var. İndi bu o deməkdirmi ki, erməni terrorçusuna da abidənin ucaldılmasına göz yumaq? Onlara başa sala bilmirəm ki, Cəlil Səfərov Gürcüstanın tanıdığı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olub. Avakyan isə separatçı olub, ümumiyyətlə, Qarabağ müharibəsində həlak olan heç bir erməniyə gürcüstan ərazisində adı əbədiləşdirilməməlidir. Çünki onlar işğalçı və separatçı olublar. Separatçının adını əbədiləşdirən ölkə hakimiyyətinin mövqeyi, separatçılığı dəstəkləmək deməkdir”.
Xatırladaq ki, Cəlil Səfərov 1962-ci ildə Gürcüstanın Marneuli rayonunun Lejbəddin kəndində doğulub. C.Naxçıvanski adına ali Hərbi Litseyi bitirdikdən sonra Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olub. 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyib, 8 il sonra Azərbaycana qayıdıb. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalı. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edib. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər verib. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak olub. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
A.Süleymanov sonda onu da qeyd edib ki, Gürcüstan onun vətənidir və onun ərazi bötövlüyünü qorumaq, xalqına xidmət etmək, bir millət vəkili kimi borcudur: “Amma Azərbaycanın milli maraqlarını da qorumaq bizim borcumuzdur. Harada olmağımızdan, hansı vəzifəni tutmağımızdan asılı olmayaraq Azərbaycanın, azərbaycanlıların, haqqın, ədalətin yanında olmalıyıq. Bir əsgər olub vətənimizi qorumalıyıq”.