Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
İQTİSADİYYAT

Özəlləşdirmənin əhatə dairəsi genişləndirilməlidir

<b>Özəlləşdirmənin əhatə dairəsi genişləndirilməlidir</b>

BAXCP dövlətin yükünü azaltmaq üçün iri səhmdar cəmiyyətlərinin özəlləşdirilməsini təklif edir

Aprelin 9-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub. Diqqətimizi çəkən odur ki, hərraclarda əsasən kiçik müəssisələr satışa çıxarılır, orta və iri müəssisələrin özəlləşdirilməsi aparılmır. İqtisadiyyatın effektif idarə olunması, rəqabət mühitinin formalaşdırılması, dövlətin iqtisadiyyatda rolunun azaldılması və əlavə yükdən azad olması baxımından isə böyük özəlləşdirmə mühüm əhəmiyyət daşıyır.
Komitənin məlumatına görə, özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir. Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Rəqabətli mühitdə özəlləşən dövlət əmlakı Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 405,3 kvadratmetr olan bu obyekt 89,5 min manata özəlləşdirilib. Elektron formada hərracda iştirak statusu qazanan vətəndaş isə Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki mehmanxananın sahibinə çevrilib. Ümumi faydalı sahəsi 582,5 kvadratmetr olan bu dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları sırasındadır. Lənkəran şəhərinin Heydər Əliyev prospektindəki zavodun ümumi faydalı sahəsi 3,9 min kvadratmetrdir. Bu dövlət əmlakı 29,3 min kvadratmetrlik torpaq sahəsi ilə birgə 350 min manata özəlləşdirilib. Rəqabətli mühitdə keçən hərrac paytaxtın Yasamal rayonunun M.Müşfiq küçəsindəki qeyri-yaşayış binası üçün də xarakterikdir. Bu dövlət əmlakının hərracında 6 vətəndaş iştirak edib. Ümumi faydalı sahəsi 84,1 kvadratmetr olan qeyri-yaşayış binasına ilkin hərrac qiyməti 50 min manat təyin edilib. Rəqabət nəticəsində dövlət əmlakının son hərrac qiyməti 78 min manata yüksəlib.
Komitə tərəfindən aprelin 16-da keçiriləcək növbəti hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Güründüyü kimi, növbəti dəfə də özəlləşdirməyə təqdim olunan əsas əmlaklar kiçik müəssisə və obyektlər, nəqliyyat vasitələridir. Müsbət haldır ki, onların arasında 19 səhmdar cəmiyyəti də var. 1996-2018-ci illərdə Azərbaycanda 49 min kiçik dövlət müəssisə və obyektləri özəlləşdirilib. Habelə həmin dövrdə dövlət müəssisələrinin bazasında 1607 səhmdar cəmiyyətləri yaradılıb.
Bununla yanaşı, fikrimizcə, özəlləşdirmənin əhatə dairəsi genişləndirilməlidir, orta və iri müəssisələrin özəlləşdirilməsi də həyata keçirilməlidir. Azərbaycanda onlarla səmdar cəmiyyəti var ki, çox səmərəsiz fəaliyyət göstərir, gəlirləri çox aşağı səviyyədədir. Dövlətin iştirak payı ilə yaradılan bəzi səhmdar cəmiyyətləri bir çox hallarda dövlət üçün əlavə yükdür. Hansı ki, onları özəlləşdirməklə həmin sahələrdə həm dövlətin yükünü azaltmaq mümkündür, həm də rəqabət mühiti formalaşdırmaq, qiymətlərin optimallaşdırılmasına nail olmaq və xidmətin keyfiyyətini yüksəltmək olar. Məsələn, qaz və elektrik paylayıcı şəbəkələri özəlləşdirmək və yaxud özəl şirkətlətə uzun müddətli idarəetməyə vermək olar.
Qeyd edək ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev müxtəlif vaxtlarda dövlət üçün əlavə yükə çevrilən “Azəriqaz”, “Azərişıq”, “Azəristiliktəchizat", “Azərsu”, “Bakı Bus" kimi bütün xidmət sahələrinin özəlləşdirilməli olduğu badərə məsələ qaldırıb. Bildirib ki, özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir, burada ləngiməyə yol vermək olmaz: "Belə müəssisələr özəlləşdirilməlidir ki, dövlətin yükü azalsın. "Azərışiq", "Azəriqaz", AZAL kimi dövlət müəssisələrinin özəlləşdirilməsinin vaxtı çoxdan çatıb".
“Azəristiliktəchizatı” kimi problemli müəssisələrin özəlləşdirilməsi bu sahədə xidmətlərin müasirləşdirilməsinə və səmərəli idarəetməyə imkan verər. Büdcə xərclərinin azaldılması baxımdan bu tip müəssisələrin özəlləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Dövlət büdcəsindən subsidiya alan bütün müəssisələrin tədricən özəlləşdirilməsinə başlamaq lazımdır, çünki onlar dövlət bücəsi üçün əlavə yükdür. Özəllşədirmə prosesində isə həm dövlət büdcəsinə əlavə vəsait gəlir, həm dövlət əlavə yükdən azad olur, həm də xidmətlər, idarəetmə müasirləşir.
Mahir Həmzəoğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv