Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SOSİAL

Şamaxıda qədim türk tayfalarına aid damğalar aşkar edilib

<b>Şamaxıda qədim türk tayfalarına aid damğalar aşkar edilib</b>

Bu ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.
Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisi, çox güman ki, döyüş zamanı qırılıb. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisindən ilk dəfədir ki, aşkar edilir.
Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılır.
Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsi ilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.
Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi arxeoloji muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv