Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
17 APREL
SOSİAL

Nüvə fizikası ilə bağlı beynəlxalq seminara yekun vurulub

<b>Nüvə fizikası ilə bağlı beynəlxalq seminara yekun vurulub</b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminarın bağlanış mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarın sonuncu günü bu elm müəssisəsinin yüksək enerjilər fizikası laboratoriyasının sabiq rəhbəri, AMEA-nın müxbir üzvü Övsət Abdinovun xatirəsinə həsr olunub.
Tədbiri açan institutun direktoru, akademik Nazim Məmmədov Övsət Abdinovun əsas elmi fəaliyyətinin yüksək enerjilər fizikası olduğunu və NICA–nın (Nuclotron-based Ion Collider facility - BNTİ-nin yüksək enerji fizikası laboratoriyasının bazasında 2013-cü ildə təməli qoyulan və 2020-ci ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan layihə) bilavasitə bu sahə ilə əlaqəli olduğunu vurğulayıb. Bildirib ki, alimin institutda yüksək enerjilər fizikası sahəsində yaratdığı elmi istiqamət bu gün də davam etdirilir.
N.Məmmədov Nobel mükafatına layiq görülmüş “Hiqqs bosonu”nun (Hiqqs bosonu fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcik) kəşfində azərbaycanlı alimlərin xidmətlərindən də danışıb.
İnstitutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov çıxışında Ö.Abdinovun yetirmələrinin təkcə MDB məkanında deyil, dünyanın müxtəlif ölkələrində elmlə məşğul olduqlarını vurğulayıb.
Tədbirdə, BNTİ-nin nüvə problemləri laboratoriyasının böyük elmi işçisi Nazim Hüseynovun “Yüksək enerjilər fizikası sahəsində Fizika İnstitutu ilə BNTİ arasında əməkdaşlığın nəticələri və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
BNTİ-nin direktor müavini Mixail İtkis, bu institutun nüvə problemləri laboratoriyasının baş elmi işçisi Nikolay Rusakoviç, informasiya texnologiyaları laboratoriyasının rəhbəri Vladimir Korenkov Ö.Abdinovun tədqiqatlarının əhəmiyyətindən danışıblar.
Tədbirdə alimin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Sonra qonaqlar Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan müasir tədqiqat qurğuları və maddi-texniki baza ilə tanış olublar.
Xatırladaq ki, seminar öz işinə aprelin 8-də Bakı Dövlət Universitetində başlamışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv