Son xəbərlər
24 MAY
23 MAY
SOSİAL

Azərbaycan Universitetinin beynəlxalq tədbirinə 13 ölkədən məruzə daxil olub

<b>Azərbaycan Universitetinin beynəlxalq tədbirinə 13 ölkədən məruzə daxil olub</b>

Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması üçün artıq bir müddətdir ki, ardıcıl və məqsədyönlü iş aparılır, paralel olaraq ali məktəbin beynəlxalq elmi nüfuzunun artırılmasında müvafiq addımlar atılır. Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, Türkiyə və Avropanın qabaqcıl universitetləri ilə birgə beynəlxalq elmi konfransların təşkil olunması bu istiqamətdə görülən işlər sırasındadır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri hazırlıq işləri başa çatmaq ərəfəsində olan V Avropa İqtisadi Konqresidir. Aprelin 25-dən 27-dək Azərbaycan Universitetində keçiriləcək nüfuzlu beynəlxalq tədbirin digər həmtəşkilatçıları Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universitetidir. On üç ölkəni təmsil edən müəlliflərin 100-ə yaxın məqaləsi konqresdə məruzə edilmək üçün qəbul olunub. Tədbir iştirakçılarını audit, maliyyə təhlükəsizliyi, ekologiya, demoqrafiya, riyazi iqtisadi modelləşdirmə kimi istiqamət və aspektlərdə maraqlı təqdimatlar gözləyir. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin təhlili, iqlim dəyişikliyinin davamlı inkişafa təsiri, Polşa iqtisadiyyatına qoyulan investisiyaların təhlili və başqa bu kimi aktual mövzuların da müzakirəsi planlaşdırılır.
“Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanacaq konqresin dəvətli məruzəçiləri İtaliyanın Roma Tre Universitetinin professoru Roberto Ciccone, Almaniyanın Oldenburq Universitetinin professoru Hans Michael Trautvein, İspaniyanın Ekstremadura Universitetinin professoru Rui Aleksandr Castanho, Polşanın Meteorologiya və Su Təsərrüfatı İnstitutunun professoru Tomasz Kasprovicz, Türkiyədən İstanbul Ticarət Universitetinin dosenti Vahit Ferhan Benli, Azərbaycandan akademik Ziyad Səmədzadədir. Qonaq qismində isə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru professor Nazim İmanov, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev, AMEA-nın müxbir üzvü Akif Musayev, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Qənirə Paşayeva, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Polşa səfirliyinin nümayəndəsinın çıxışı planlaşdırılır.
Bu qəbildən olan əvvəlki tədbirlər dünyanın müxtəlif ölkələrində təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib. Daha ətraflı məlumatla konqresin https://ecoei.org/ saytında tanış olmaq mümkündür.