Son xəbərlər
24 MAY
23 MAY
SOSİAL

Paytaxt məktəblərində “Oxu günü” tədbirləri davam edir

<b>Paytaxt məktəblərində “Oxu günü” tədbirləri davam edir</b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərində ədəbi-bədii gecələr, qiraət axşamları, poeziya günləri, Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığı ilə bağlı toplantı, konfrans, mühazirə və dəyirmi masalar təşkil edilir.
“Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirlərdə UNESCO-nun qərarına əsasən, hər il aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti şagirdlərin diqqətinə çatdırılır. Həmçinin qeyd olunur ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şəraitin yaradılması mühüm amillərdəndir. Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, şeirlər söylənilir, Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdirilir.
“Oxu günü” çərçivəsində şagird və müəllimlərin Bakı Kitab Mərkəzinə ekskursiyası da təşkil olunur.
Qeyd edək ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” tədbiri keçiriləcək. “Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur. Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. “Oxu günü”ndə, həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların şəxsiyyətin inkişafında əhəmiyyətini vurğulayan səhnəciklər göstəriləcək, təqdimatlar olacaq.