Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Ekspert: Hər ölkə Azərbaycan kimi inkişaf etmir, hər ölkə inkişafın nəticələrini Azərbaycandakı kimi ictimai rifaha yönəltmir

<b>Ekspert: Hər ölkə Azərbaycan kimi inkişaf etmir, hər ölkə inkişafın nəticələrini Azərbaycandakı kimi ictimai rifaha yönəltmir</b>

Aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası dövlətimizin müxtəlif sahələr üzrə yürütdüyü siyasətin cari yekunlarını xalqa və dünya birliyinə təqdim etmək baxımından əhəmiyyətlidir və tarixi hadisədir

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, əslində iclasda səsləndirilən fakt və rəqəmlər Azərbaycan ictimaiyyəti və obyektiv dünya müşahidəçiləri üçün təəccüblü və gözlənilməz deyil: "Bu, Azərbaycanın daxilində və xaricində fəaliyyət göstərən maraqlı dairələr üçün inkişaf strategiyasının real və elmi-nəzəri cəhətdən əsaslandırılmış olduğu illərdən bəri görünən və müşahidə edilən mənzərədir. İclasda bildirilən fikir və aparılan təhlillər ötən ilin aprelində prezident seçkilərindən sonra Pezident İlham Əliyevin iki əsas vədinin tam şəkildə doğrulduğunu sübut etmək baxımından daha maraqlıdır. Dövlətimizin başçısı seçkilərdən sonra yeni iqtisadi modelə keçid ediləcəyini və aparılan islahatların 2019-cu ildə daha böyük nəticələr verəcəyini inamla söyləmişdi. İclasda təsdiqləndi ki, bu ilin ilk üç ayı bütün sosial-iqtisadi sahələrdə nəzərəçarpan nəticələr vermiş və bu uğurlar birmənalı olaraq 2018-ci ildən həyata keçirilən yeni islahatlar siyasətinin nəticəsi kimi meydana çıxıb".
Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasının əhəmiyyətli göstəricilərindən biri də odur ki, ölkəmizin sosial, iqtisadi, humanitar və mədəni inkişaf proseslərinin bir-birinə sinxron qaydada tam uyğun getdiyini, sahələrdən birinin digərindən geridə qalmadığını, inkişaf üçün kənar qüvvələrə qətiyyən ehtiyac olmadığını və dinamik inkişaf üçün kifayət qədər daxili gücə, hərəkətverici mənbələrə malik olduğunu ortaya qoydu:
"İqtisadiyyata 2,5 milyard manatdan çox investisiya yatırılması, əsas istehsal və xalqa xidmət sferalarında böyük artımı sübut edən digər rəqəmlər həqiqətən Azərbaycanın böyük inkişaf potensialına malik olduğunu və aparılan ağıllı siyasətin sayəsində potensialların fasiləsiz surətdə real gücə çevrildiyini nümayiş etdirir. Azərbaycan qədər inkişaf edən ikinci ölkənin olmadığını bildirən Prezident bununla həm Azərbaycanın əldə etdiyi hərtərəfli nəticələrə, həm kifayət qədər daxili güc mənbələrinə malik olduğumuza, həm də islahatlar və iqtisadi inkişaf strategiyasının çox dəqiq seçildiyinə əsaslandı. Azərbaycanda islahatların alternativi olmadığını deyən dövlət başçısının real və əsaslı mövqedən çıxış etdiyini sadə məntiqlə aydın izah etmək mümkündür. İslahatlarsız Azərbaycan beynəlxalq nəqliyyat və logistika layihələrinin icrasında əvəzsiz rol oynayan ölkəyə çevrilə, sosial müdafiəyə yüz milyonlarla vəsait ayıra bilməzdi".
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev iclasda bir neçə sahə üzrə yeni modellərə keçid ediləcəyi barədə qəti mövqeyini də açıqladı: "Bu modellərin mahiyyətinə görə böyük maliyyə tutumuna malik olduğunu nəzərə alsaq, məlum olur ki, Prezident bunların icra ediləcəyinə əmin olmaqla bərabər, həm də Azərbaycanın öz maliyyə ehtiyatlarının dinamik artımına dönməz təminat yarada bildiyini göstərdi. Şübhə yoxdur ki, dünyada bu baxımdan bizimlə müqayisə oluna bilən az sayda ölkə var. Dövlət başçısı hərtərəfli iqtisadi inkişafın əsas hədəfinin insan faktoru ilə bağlı olduğunu dünyaya nümunəvi model kimi təqdim etdi. Hər ölkə Azərbaycan kimi inkişaf etmir, hər ölkə inkişafın nəticələrini Azərbaycandakı kimi ictimai rifaha yönəltmir".
A.Quliyev vurğulayıb ki, Azərbaycan Prezidenti iqtisadi inkişafın vüsəti ilə Dağlıq Qarabağ probleminin həlli prosesini məharətlə əlaqələndirə bildi: "Əslində cənab İlham Əliyev "güclənən iqtisadiyyat - güclənən ordu - güclənən diplomatiya" məntiqini Azərbaycan üçün çox güclü təsir mövqeyi kimi nümayiş etdirdi. Bu mənada dostlar da, düşmənlər də Prezidentin "Qarabağ məsələsində mövqeyimiz dəyişməyib" bəyanatını sürətlə güclənən iqtisadiyyata malik Azərbaycanın dəyişməz mövqeyi kimi qəbul etdi".
O bildirib ki, Nazirlər Kabinetinin bu iclasının ölkədə ictimai etimadı möhkəmləndirmək baxımından dəyərli olan başqa bir cəhəti də var: "Prezidentin nitqi bir daha cəmiyyətdə əminlik yaratdı ki, indiyə qədər anonsu verilmiş bütün sosial-iqtisadi layihələr tam icra edildiyi kimi, hazırda təqdim edilmiş layihələr də uğurla həll ediləcək. Ümumilikdə iclas ölkədə xalqın Prezidentə inam və dəstəyini yeni pilləyə yüksəltmək gücünə malikdir".