Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Orxan Məmmədov: KOB Evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi böyüyəcək

<b>Orxan Məmmədov: KOB Evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi böyüyəcək </b>

KOB Evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi böyüyəcək

Bunu "KOB evi"nin layihəsinin təqdimatı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O.Məmmədov deyib: "Bir qədər əvvəl aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclasını keçirdik. Kiçik və orta biznesin inkişafı siyasətinin əlaqələndirilməsi sahəsində operativliyin artırılması, habelə, ilk KOB Evinin yaradılması sahəsində qarşıda duran vəzifələr barədə səmərəli müzakirələr aparıldı və təkliflər verildi. Hesab edirəm ki bu format çərçivəsində birgə əməkdaşlığımız Prezident İlham Əliyevin islahatlar kursunun reallaşmasına öz əhəmiyyətli töhfəsini verəcəkdir".
KOBİA sədrinin sözlərinə görə, kiçik və orta biznes sektoru, sosial-iqtisadi inkişafdakı əhəmiyyətli roluna görə müasir iqtisadiyyatların əsasında duran mühüm amillərdəndir. Buna görə də kiçik və orta biznes sektorunun inkişafı müasir iqtisadiyyatların inkişafı üzrə dövlət siyasətinin ayrıca, xüsusi önəm verilən bir istiqamətinə çevrilib:
"Davamlı inkişaf trendi nümayiş etdirən ölkəmizdə də bu sektorun inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının həmişə mərkəzində olmuş və ötən illər ərzində bu sahədə qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində sistemli tədbirlər həyata keçirilib. Sahibkarlığın inkişafının hüquqi bazasının yaradılmasından başlayaraq, bu fəaliyyətin dəstəklənməsinin müasir təşkilati modellərinin tətbiqinə kimi həyata keçirilmiş mühüm tədbirlər nəticəsində əhəmiyyətli nəticələr qazanılıb, özəl sektor ölkənin qeyri-neft sektorunun inkişafında, məşğulluqda, xarici ticarətdə əhəmiyyətli mövqeyə yiyələnib. Sahibkarların cəmiyyətimizdə rolu artıb, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilib".
O.Məmmədov vurğulayıb ki, kiçik və orta biznes sektorunun ölkə iqtisadiyyatındakı rolunun yüksəldilməsi sahəsində ölkəmizin böyük potensialı mövcuddur: "Nəzərə almaq lazımdır ki, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürmüşdür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması və fəaliyyətinin təmini ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış mühüm sənədlər bu sahəyə göstərilən diqqətin daha bir göstəricisi olmaqla yanaşı, inkişaf çağırışlarından irəli gəlmiş, sahənin yeni tələblər səviyyəsinə qaldırılması, kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq məsələləri əhatə etmişdir. Agentliyin missiyası kiçik və orta biznesin tənzimlənməsi sisteminin səmərəliliyinin artırılması, çoxsaylı dəstək mexanizmləri və onlara sahibkarların rahat çıxışının təmin edilməsi, biznes subyektlərinin maraqlarının müdafiəsi əsasında bu sektorun davamlı inkişafının təmin edilməsindən ibarətdir. Agentliyin əsas hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, Agentlik, bu missiyanın reallaşmasına yönəldilmiş, dövlət başçısının mühüm tapşırıqlarının icrası istiqamətində önəmli tədbirlər həyata keçirmiş, bir sıra strateji layihələrin icrasına başlamışdır".
İdarə Heyətinin sədri qeyd edib ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində hazırlanmış “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi yeni mərhələdə bu sektorun inkişafının hüquqi əsaslarının yaradılması baxımından önəmli təşəbbüs olub: "Layihənin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında beynəlxalq təşkilatların, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə ictimai müzakirəsi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı istiqamətində müəyyən etdiyi strateji xəttin əsas elementləri qanun layihəsində öz əksini tapmışdır. Belə ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması, dövlət adından onlara göstərilən xidmətlərin vahid elektron informasiya sistemləri vasitəsilə göstərilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı üçün əlverişli şəraitin yaradılması, sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması, biznes subyektlərinə dövlət xidmətlərinin vahid məkanda təşkil edilməsi layihədə nəzərdə tutulan yeni mexanizmlərdəndir. Bununla yanaşı, Agentlik tərəfindən ölkədə KOB-ların fəaliyyətini təşviq edən və özündə dövlətin müxtəlif dəstək mexanizmlərini nəzərdə tutan 10-dan çox normativ hüquqi aktın layihəsi hazırlanmışdır və hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılır".
O.Məmmədov kiçik və orta biznesin dəstəklənməsinin yeni təşkilati modellərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması istiqamətində Vergilər Məcəlləsinə edilmiş dəyişiklikləri xüsusilə qeyd edib: "KOB klasterlərinin yaradılması, startapların inkişafı və bu fəaliyyətlərin stimullaşdırılması istiqamətində edilmiş dəyişikliklərin kiçik və orta biznesin inkişafına, onun innovativ potensialının reallaşmasına əhəmiyyətli müsbət təsir edəcəyi qənaətindəyik. Agentlik tərəfindən hazırlanmış layihələr, eyni zamanda, kiçik və orta biznesə yeni dəstək mexanizmlərini, o cümlədən kadr potensialının artırılması, satış fəaliyyətinin genişləndirilməsi, təlim ehtiyaclarının ödənilməsi və digər istiqamətlərdə dəstəkləri nəzərdə tutur".
Qurum rəsmisi əlavə edib ki, Agentliyin fəaliyyətinin qarşıya qoyulmuş tələblər səviyyəsində təşkili yeni idarəetmə modellərinin tətbiqi ilə müşayət edilməkdədir. Bu baxımdan, ölkə Prezidentinin “Dövlət sahibkar üçün ən yaxşı tərəfdaşdır” strateji xəttinin reallaşmasına xidmət edən kiçik və orta biznesin dostu şəbəkəsinin yaradılmasına başlanılıb: "Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə sahibkar tələbləri əsasında, onlarla sıx əməkdaşlıqda həyata keçirilməkdədir. Ötən ilin sentyabr ayında ölkə Prezidentinin iştirakı ilə Masallı rayonunda sənaye məhəlləsinin açılışı zamanı Agentliyin ilk KOB Dostu fəaliyyətə başlamışdır. Bu fəaliyyət artıq qısa zaman ərzində 12 inzibati ərazi vahidində - Xaçmaz, Siyəzən-Şabran, Quba, Qusar, Yevlax, Füzuli, Qəbələ, Abşeron, Gəncə, Sumqayıt və Bakıda təşkil olunmuşdur.
KOB Dostlarının fəaliyyəti yeni KOB-ların yaranması, mövcud KOB-ların inkişafı vasitəsilə regionun inkişaf potensialının reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən edilərək onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq edilməkdədir. KOB Dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara çoxsaylı dəstəklərin verilməsindən ibarətdir. Sahibkarlarla sıx əlaqədə olacaq KOB Dostları onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcəkdir. KOB Dostları şəbəkəsinin ölkənin bütün rayon və şəhərlərində təşkili nəzərdə tutulur".
O.Məmmədov bildirib ki, yüksək keyfiyyətli dövlət xidmətləri sahibkarların fəaliyyətində mühüm rol oynayır: "Effektiv dövlət xidmətləri sosial hədəflərlə yanaşı, əlverişli investisiya mühitinin yaradılmasına, biznesin inkişafına və vətəndaşların iqtisadi həyatda geniş işitrakının stimullaşdırılmasına mühüm təsir imkanına malikdir. Ölkəmiz dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən yeniliklər, xüsusilə də dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili sahəsində zəngin təcrübə qazanmışdır".
KOBİA sədri deyib ki, KOB Evlərinin yaradılması ilə isə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcəkdir: "Bu Evlərdə bir tərəfdən sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaqdır. Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən - “e-KOB evi” vasitəsilə həyata keçiriləcək və non-stop-shop prinsipi ilə reallaşacaqdır. Əminik ki, KOB Evləri ölkəmizin yeni innovativ brendi kimi dünyaya təqdim olunacaqdır".