Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Kəfəni boynunda olan dəvə

<font color=red><b>Kəfəni boynunda olan dəvə</b></font>

Atalarımız yaxşı deyib: “Qırxında öyrənən, gorunda çalar”

Prezidentin əfv etdiyi sabiq səhiyyə naziri Əli İnsanov da siyasətə baş vurmaq fikrində olduğunu “Amerikanın səsi”nə açıqlayıb. Demokratiya, söz və fikir prülarizminin qorunduğu, inkişaf etdiyi Azərbaycanda Əli İnsanovun siyasətə qoşulmasına heç bir qadağa qoyulmur. Amma gərək Əli İnsanov bu barədə dərindən düşünməliydi. 73 yaşında, özü də bütün həyatı, fəaliyyəti çirkaba bulaşan bir insanın Azərbaycan müxalifətini birləşdirəcək bir qurumun lideri olmaq arzusu... Axı özü etiraf edir ki, “kəfən boynunda” bu yola çıxıb. O həqiqətdir ki, Azərbaycan müxalifətinin liderə böyük ehtiyacı var, amma 25 ildir radikallar öz aralarında birini lider edə bilmirlər, hərə özlüyündə müxalifətin “ana”sıdır. Bu yandan da Əli İnsanov “yorğan davasına” qoşulacaq. Əli İnsanov elə bilir ki, “Amerikanın səsi”nə Azərbaycan hakimiyyətini tənqid etməklə Əli Kərimli “ana”lıq yerini ona təhvil verəcək, keçmiş nazirin çətiri altında yağışdan qorunacaq. Kərimli heç Əli İnsanovun azadlıqdan çıxmasına sevinmədi də. Bilirdi ki, Əli İnsanov həbsdən çıxandan sonra müxalifətçilik edəcək, özü də liderlik iddiasında olacaq. Bu da Kərimliyə və digər radikalların şəxsi maraqlarına uyğun gəlmirdi. Digər tərəfdən elə Əli Kərimlinin inhisarında olan media səhiyyə naziri olduğu vaxtlar İnsanovun dövlətdən çapıb-taladığı milyonları barədə yazırdı. Bu zaman istər-istəməz belə bir sual yaranır ki, bir insan məlum cinayətlərinə görə həbsə düşdüyü müddətə qədər müxalifətin ən qatı düşməniydisə, nədən həbs olunan kimi onların dostuna çevrildi? Cavab sadədir - onları birləşdirən yalnız bir amal var – hakimiyyəti devirmək, xalqı üsyana sövq etmək, qarşıdurma, çaşqınlıq yaratmaq... Fikir verin, Əli İnsanovun “Amerikanın səsi”nə verdiyi məlum açıqlamaların hər bir cümləsi Qərbdə antiAzərbaycan təbliğatı aparanların, ermənilərin fikridir, düşüncəsidir. Sanki, Əli İnsanov onların dilindən sualları cavablandırıb. Sabiq nazir açıqlamaları ilə Qərbin antiAzərbaycan qüvvələrinin, elə Azərbaycandakı bəzi radikalların rəğbətini qazana bilər, amma xalqın etimadını qazanmaq mümkün deyil. Axı xalq Əli İnsanovun kim olduğunu yaxşı bilir. Bu gün hansı haqla hakimiyyəti bu ölkənin varını, dövlətini talamaqda ittiham edir. Hansı ki, Əli İnsanov həbs edildikdən sonra evindən çıxan külçə qızıllar, milyonlarla dollarlar efirdə nümayiş olunanda xalq ona nifrət edib. O nifrət bu gün də var, xalq kadrları yaddan çıxarmayıb. Çünki o, insanların sağlamlığı üçün nəzərdə tutulan vəsaiti mənimsəmişdi. Əli bu insan ovuna çıxaraq bu milyonları əldə etmişdi. İndi necə özünü xalqın elçisi kimi qələmə verə bilər...
Politoloq Vasif Əfəndi deyir ki, həbsxana qarşısında hakimiyyət əleyhinə kəskin çıxış edən Əli İnsanov bir müddət kölgədə qaldıqdan sonra yenidən öz bəyanatları ilə gündəmə gəlib: “Hər bir insanın vətənin və millətin gələcəyi üçün fəaliyyət göstərmək və siyasəti təşkilatlar quraraq ona rəhbərlik etmək hüququ var. Azərbaycan qanunlarına görə şəxsinə heç vaxt hörmət etmədiyim Əli İnsanovun da hüquqi olaraq belə bir haqqı var. Mən məsələnin hüquqi deyil, mənəvi tərəfinə toxunmaq istərdim. Əli Insanovun indi sıralarına qatılmaq istədiyi düşərgənin sıravi üzvlərindən tutmuş liderlərinə qədər ən kəskin ifadələrlə tənqid etdiyi günləri unutmamışıq. Əli İnsanov hansı üzlə bu düşərgəyə üz tutmaq niyyətindədir. Tutaq ki, “incidilmiş” Əli İnsanovun bütün bunları qisas hissi etdiyini qəbul etdik. Bəs o zaman keçmiş nazirin ağır ifadələrinin hədəfi olan bəzi müxalifət liderlərinin bu adamı öz sıralarında görmək istəyi hansı mənəvi dəyərlərlə ölçülür. ”Düşmənimin düşməni dostumdur“ prinsipi atalar sözündən gəlsə də, günün tələblərinə uyğun deyil. Bu gün haqqa gedən yol vicdanlı və təmiz siyasətdən keçməlidir. Keçmişi çirkli və qaranlıq olan şəxslərin bu gün xalqın adından danışmağa haqqı yoxdur. Əli İnsanovun özünü qərbi azərbaycanlıların lideri kimi təqdim etməsi isə mağara düşüncəsidir. Ermənistandan qovulmuş soydaşlarımız tarixi torpaqlarımızdan qovulmaq acısını yaşasalar da onlar Azərbaycanda, öz doğma torpaqlarında sığınacaq tapdılar. Bu insanlar yerləşdikləri bölgələrdə aktiv olaraq yaşam tərzini seçdilər. Bu illər ərzində bütövləşərək bir xalqa çevirlidik. Bu insanlara yol göstərən ağsaqqal lazım deyil, onlar həyatımızın bütün sahələrində aktiv olaraq iştirak edirlər. İnsanları bölgə prinsipi ilə ayırmaq cəhdi mağara düşüncəsidir və müasir dövlət quruculuğu prinsiplərinə yaddır. Əli İnsanovun məqsədi isə xalqın hakimiyyətini qurmaq yox, hakimiyyəti ələ keçirməkdir”.
Onun müsahibələrində tez-tez qərb dəyərlərini Azərbaycana örnək göstərməsinin arxasında da şəxsi maraqlar dayanır. Əli İnsanovun hər cümləsində şəxsi maraqlar dayanır, heç də güman etməsin ki, söylədiklərini xalqımız onun fikirləşdiyi kimi qəbul edəcək. Əli İnsanov belə bir təbliğat yürütməklə qərbdən pul almaq niyyətindədir. Özünü qərbə güc kimi təqdim etmək istəyir. Qərbi inandırmağa çalışır ki, illərdir ölkədə qarşıdurma yaratmaq üçün Əli Kərimliyə, Milli Şuraya milyonlar xərclədiniz, nəticəsi olmadı, indi o kranın ağzını mənim cibimə yönləndirin”.
Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Əli İnsanov həm fiziki, həm də mənəvi cəhətdən qocalıb, eyni zamanda ciddi fiqur kimi qəbul olunmur: “Düzdür, Əli İnsanovun nə zamansa əfv ediləcəyi təqdirdə maliyyə durumunu nəzərə alıb özlərini onun yanında görmək istəyənlər oldu. Amma həbsdən çıxandan sonra verdiyi açıqlamalar, “ağsaqqal”lıq, liderlik iddiaları radikal müxalifət düşərgəsi liderlərinin narazılığına səbəb olduğundan yanlarında ona yer göstərmədilər. O siyasətə qoşulsa da aktivliyi heç bir effekt verməyəcək. Əgər o müxalifətdə yer alarsa, heç vaxt dostlarına qarşı səmimi olmayacaq. Necə ki, vaxtilə onu nazir kürsüsünə gətirən hakimiyyətə qarşı səmimi ola bilməmişdi. Onun fəaliyyəti xalqa, millətə yox, şəxsi ambisiyalara söykənəcək və əsaslanacaq. Yaxşı olardı ki, bundan sonra ailəsində fəaliyyət göstərsin, qalan ömrünü onlara həsr etsin”.
Əli İnsanov məlum müsahibəsində qeyd edib ki, “Dəvəni zınqırovla” qorxutmaq istəyirlər, çox güman ki, özünü nəzərdə tutur. Ataların yaxşı bir misalı da var: Dəvədən soruşdular: boynun niyə əyridi, dedi: haram düzdü?..

Fateh Murad