Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Neftçi müharibə veteranları SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif ediliblər

<b>Neftçi müharibə veteranları SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif ediliblər</b>

Neftçi müharibə veteranları faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif olunublar

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, İkinci Dünya müharibəsində qazanılmış tarixi Qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90 faizi Azərbaycanın payına düşüb. 1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının 71,4 faizini təşkil edib. Ümumilikdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Ulu öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə Günü ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir. Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə SOCAR neft sənayesinin keçmiş əməkdaşlarından 17 nəfərini “Fəxri neftçi” döş nişanı ilə təltif edib. Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından 9-u “Azneft” İstehsalat Birliyi, 3-ü Kompleks Qazma İşləri Tresti, biri “Neftqaztikinti” Tresti, biri “Azərikimya” İB, biri Heydər Əliyev adına Neft Emalı Zavodu, biri “Neftqazelmitədqiqatlayihə” İnstitutu, bir nəfəri isə Geologiya və Geofizika İdarəsində çalışıblar. SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək onları təbrik edib, “Fəxri neftçi” döş nişanları və pul mükafatlarını onlara təqdim ediblər.
Xatırladaq ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında döyüş cəbhələrinə 700 min oğul və qızını yollamış Azərbaycan xalqının xüsusi rolu olub. Müharibədə göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Qanlı döyüşlərdə 300 mindən çox azərbaycanlı həlak olub. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.