Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Dünya rəssamları arasında yer alan azərbaycanlı

<b>Dünya rəssamları arasında yer alan azərbaycanlı</b>

Sakit Məmmədov: “Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da olacaq”

“Azərbaycan brendi” layihəsi çərçivəsində dünya söhrətli rəssamlar arasında yer alan azərbaycanlıdan-Sakit Məmmədovdan danışacağıq. Sakit Məmmədov o azərbaycanlıdır ki, Avropada onun adına marka, orden təsis edilib. Hətta bu günlərdə Türkiyədə istehsal olunan “Dədə Qorqud” pulunun üzərində onun çəkdiyi Dədə Qorqud şəkli çap edilib. Azərbaycanın Xalq rəssamı, YUNESKO və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü və fəxri professoru, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü , Vatikan Geraldika Akademiyasının Qrafı olan Sakit Məmmədovun adı 2018-ci ildə Rusiyanın “Böyük Şəxsiyyətlər” ensiklopediyasına salınıb. Həmvətənimiz Türkiyənin “Qızıl Ulduz” ordeni, Serbiya Kral Akademiyasının mükafatı “Gran pri” və “Qızıl Mələk” medalı, Beynəlxalq Malta ordeninin Zabit xaçı və Kovaler ordeni, Leonardo Da Vinçi və Spitsberq medalı, “Müqəddəs Giorgiy” qızıl medalı, “Qızıl Tac” ordeni, Avropanın “Şərəf” ordeni, “Böyük Cəngavər qızıl ulduzu”, “Beynəlxalq Cəngavərlər İttifaqının Senator Ulduzu”, Dünya Rəssamlıq Akademiyasının təsis etdiyi “İlin Rəssamı” və “Planetin Rəssamı” mükafatları, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatı və s. orden və medallarla təltif olunub. Sakit Məmmədov “Opalizm” üslubun banisi sayılır. Onun əsərlərindən ibarət yeddi kataloq, kitabı çap olunub. Sakit Məmmədovun əsərləri tanınmış muzeylərdə və şəxsi kolleksiyalarda qorunub, saxlanılır. ABŞ, Almaniya, İtaliya, Fransa, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və bir sıra ölkələrin qalereyalarında sərgiləri keçirilib. Onun tələbələri də özü ilə bərabər Avropada bir sıra sərgilərə qatılıb.

- Rəssamın əsas işi rənglərlədir. Olubmu ki rənglərin sehrinə düşəsiz?

- Əlbəttə. Elə rənglərin sehrinə düşmüşəm ki, çıxa bilmirəm. O gün mən bu sehrdən çıxaram ki, həmin gün mən özümü dünyadan köçmüş kimi hiss edərəm. O sehrin içinə hər kəsi ki, düşsə, həmin zaman dünya tamamilə düzələr. O zaman biz dünyanı ağ qara deyil, rəngarəng görərik. Həmçinin yuxularımızı rəngarəng görərik.

- Nəzəri olaraq deyilir ki, bütü rənglər ağ rəngdən yaradılıb. Rəssamlıqda bu fikir qəbul edilirmi?

- Əslində, bütün rənglər qara rəngdən törəyib. Çünki kainat ilk olaraq qaranlıq olub. İşıq yaranandan sonra insan bilib ki, ağ var. Biz ağa qaraya nisbətən ağ deyirik. Bəlkə ağdan da çox ağ var. Uşaq belə, ana bətnindən zülmətdən işığa çıxıb. Mənim bütün gördüyünüz rəngarəng əsərlərim qardan və ağdan yaranır. Niyə? Ləkələrdən... Birinci ağ kətanı götürürəm və sonra kömürlə bütün ləklərini qeyd edirəm. Sonradan o qara qırmızıya, göyə və s. çevrilir. Ümumi beynimdə mən bilirəm o ləklər hansı forma alacaq. Dünya iki şeydən ibarətdir. Rəssamlıqda hər şey ləkələrdən ibarətdir, musiqidə isə ritmlərdən. Yaxşı rəssam, pis rəssam ləkəni bilib bilməməsində müəyyən olunur.

- Rəsm əsrlərinin mayası, bünövrəsi nədən ibarətdir?

- Bizdə bünövrə aşağıda deyil, yuxarıdan olmalıdır. Məsələn, şairdən bünövrə yuxarıdan gəlir. Rəssamlıqda da elədir. Mən iki dəfə Sovet İttifaqı Qəhrəmanı kosmonavt Volonovla görüşdüm. Onun portretini çəkirdim. Ondan soruşdum ki, siz Ayda nə gördüz? O mənə gördüklərini tam danışmadı. Mən ona dedim ki, sizdən də qabaq biz ora uçub qayıdırıq. Həmçinin bildirdim ki, biz də kosmonavtıq. Amma fərqimiz odur ki, siz ildə bir iki dəfə uçursuz, amma biz hər gün kosmosa mənən uçuruq...

- Hər yaradıcı insan çalışır ki, özündən sonra məktəb qoyub getsin. Bilirik ki, bir çox yetirmələriniz var. Rəsmi olaraq hər hansı məktəb, akademiya yaratmaq fikriniz varmı?

- Xeyir. Amma həmin istedadları bir araya toplayacaq Rəssamlıq Evi açmağı düşünürəm. Əslində, Allah o uşaqlara istedad verməsə, mənim məktəbim nəyə lazım? Hər şey birinci onlardan asılıdır. Elə uşaq gəlir ki, görürəm onun gözlərində istedad parıldayır. Ona görə mən istedadlı uşaqları götürürəm. Yəni mənim orda heç bir rolum yoxdur. Rəssamlıq öyrədilmir, öyrənilir. O uşaq məndən, ondan bundan bir az bir az öyrənməlidir. Hər kəsin kainata bir cür baxışı var. Mən necə kimsəni məcbur edə bilərəm ki, siz bunu belə görün. Ona görə mən belə başa düşürəm ki, insan özü öyrənir. Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da olacaq.

- Sizin bütün əsrlərinizdə müsbət enerji, xoş əhval var. Belə başa düşülür ki, ancaq əhvalınız olanda rəsm çəkirsiz?

- Mən dərdi içimdə çəkirəm. Amma kətana çəkmirəm. Çünki onsuz da insanların problemi var. İnsanlara sevgidən doğan əsərlər bəxş etmək lazımdır.

- Siz kosmik ünsiyyətə inanırsızmı? Yəni sizdə elə bir an olurmu ki, özünüzdə bilmədən mənən hansısa yüksəkliyə qalxasız?

- Kainatin yaradılışını dərindən dərk etməyə çalışan insanlar namaz qılarkən mənəvi olaraq fəzaya yüksələ bilirlər. Rəssamlıq da elədir ki, bir anlıq özün də bilmədən kosmik fəzaya gedirsən. Istəyəndə isə gedə bilmirsən. Bəzən ola bilər səsli küylü yerdə ola bilirsən, amma bir anlığa özün də bilmədən bu vəziyyətə düşürsən. Məsələn, mən çəkilib kənardan Yer kürəsinə baxa bilirəm. Bunu təsəvvürünə gətirirsən və yaşayırsan. İnsan beyninin çox az hissəsini işlədir. Ancaq Nizami, Nəsimi və digər dahilər tərki dünya ola bilib. O dövrdə onlar o cür qəzəlləri elə belə yaza bilməzdilər. O olmasa yarada bilməzlər. Dünyada bundan gözəl bir şey yoxdur. Bunun tərifi, düsturu yoxdur. O necə olur bilmirəm...
Mən hər zaman şəkli çəkməyə “Bismillah”la, yəni Allahın adını deməklə başlayıram. Əsl rəssamlıq odur ki, sənin şəkil çəkmək içindən gəlməlidir. Təsəvvür edin, emalatxanaya gəlirsən. Ağ kətan və bir də özün olursan... Sonra elə bilirəm ki, heç zaman dadmadığım qidanı qəbul edəcəm. Təsəvvür edin ki, susundan yanan adama su verirsən. Bu zaman işdən inanılmaz şəkildə zövq alırsan. İsan professional olanda, onun ruhu ortaya çıxır. Ruh da şəxsiyyəti üzə çıxarır. Əgər insan şəxsiyyət olmursa, demək o, faydasız ömür yaşayır.

- Hər bir rəssamın bir idealı olur. Siz necə, idealınız olan əsəri çəkmisinsizmi?

- Mən gözəl xanımları və ağıllı kişilərin əsərlərini yaradıram. Lakin əsərlərimdə gözəl xanımlar üstünlük təşkil edir.

- Siz Papanın da portretini çəkmisiniz. Necə oldu ki, onun portretini çəkmək sizə təklif olundu?

- Papanın portretini çəkmək üçün bir fransız, bir belçikalı rəssam və məni çağırmışlar. Belə oldu ki, Papanın şəklini çəkmək mənə həvalə olundu. Əsərdə Papanın masasının üzərində dörd müqəddəs kitabı, döşəmədə isə Qarabağ xalçasını təsvir etdim. Mən çalışdım ki, bu əsər bizim dövlətimiz adından Vatikanda təqdim olunsun. Və elə də oldu, Prezident İlham Əliyev İtaliyaya səfər edərkən Vatikanda məhz bu əsəri təqdim etdi. Hazırda əsər Vatikan muzeyindədir.

- Bildiyimiz kimi, 2016-cı ildə İngiltərə Kraliçasının 90 illik yubileyində olmusunuz və ona “Cıdır düzü” adlı əsərinizi hədiyyə etmisiniz. Maraqlıdır ki, Kraliçanın sizin əsərə münasibəti necə oldu?

- Protokoola görə 10 dəqiqə nəzərdə tutulan görüş 30 dəqiqə çəkdi. Kraliça bu əsərə təxminən 5 dəqiqə tamaşa etdi. Sonra o mənə dedi ki, bu Polo oyunudur. Mən isə cavab verdim: “ xeyir bu Polo deyil, Çövkən oyundur və XII əsrdə Qarabağda yaranıb”. Görüşdə Xarı bülbüldən, Qarabağ atlarından, Qarabağ xalçasından və s. danışdım.
Ümumiyyətlə, əsər Kraliçanın çox xoşuna gəldi və hisslərini belə ifadə rtdi: “Bu gün mənim üçün çox gözəl bir gün oldu, mən çox sevindim”. Sonra göstəriş verdi ki, əsər Vinzer Sarayından asılsın.

- Bizim əsas məqsədimiz odur ki, gənclərimiz sizin kimi insanların mesajlarını alsınlar. Sizcə, bu gün Azərbaycan gənci necə olmalıdır?

- Əvvəla, Allah dünyanı, insanı ədalətli yaradıb və Allah üçün millət yoxdur. Allah üçün insan var. Ona görə də Allah istedadı bəşəriyyətə verir. Necə Allah öz peyğəmbərini göndərdi ki, onun kəlamının insanlara çatdırsın. Ona görə də Allah rəng duyumunu rəssamının əli ilə çatdırır. İkincisi, Leonado da Vinçi, Rembrandt van Reyn və s. kimi məşhur rəssamlar Yer kürəsinə xidmət ediblər. Ona görə də onlar öz yaşadıqları yerdən çox-çox böyükdürlər. Biz də onlardan bəhrələnmişik. Belə ki, mənim mesajım tək azərbaycanlılara deyil, bütün dünya insanlarınadır. Məsələlərə ümumbəşəri yanaşmaq lazımdır. Bu dövlət qram-qram qurulub. Məqsəd odur ki, Azərbaycanımızı, doğulduğumuz yeri sevək və tanıdaq. Mən Azərbaycanı ona görə sevirəm ki, mənə ruh burada verilib. Qəribədir ki, bütün mənalı yuxularımı məhz doğulduğum evdə görürəm. Demək ki, ruh orda verilib. Ruhun da yuxu ilə bağlılığı var. Ona görə də Vətəni ən azından sənə verilən ruha görə sevməlisən. Allah iki şeyi insana verir: müqəddəs ruh və istedad. Hamının istedadı var, sadəcə ondan istifadə etmək lazımdır. Mən elə başa düşürəm ki, mesaj o ola bilər ki, dünyamız qorumalıyıq. Çünki tək Azərbaycan qorusaq, dünya dağılsa xəbərimizi olmayacaq. Dünya dağısa biz də onun içində dağılacağıq. Ona görə də bəşəriyyətə mesaj budur: dünyanı qoruyaq ki, bizə ruh verilən məkanı da qoruya bilək.

- Bəzən tanınmış insanlara xaricdə Azərbaycanın təbliğatını necə aparması ilə bağlı sual veririk. Amma sizdə fərqlidir, yəni sizin adınız, şöhrətiniz elə brenddir, təbliğatdır...

- Portuqaliyada 650 rəssamın iştirakı ilə sərgi keçirilirdi. Bu rəssamlardan üçün qalib seçildi, onlardan da bir mən oldum. Orada bizim ölkəmizin adının çəkilməsi mənim üçün böyük fəxrdir.
Dünya rəssamları qardaşdır. Bir rəssam kimi mənim üçün sərhəd yoxdur. Yeri gəlmişkən, iki nəfər portuqaliyalı fotoqraf “Sərhədsiz dünya” adlı film çəkirdilər. Onlar bütün dünyanı gəzirdilər. Azərbaycanda olanda biz onlara yüksək səviyyədə qonaqpərvərlik göstərdik. Azərbaycanın gəzməli, görməli yerlərinə onları apardım. Portuqaliyada filim təqdimatında Azərbaycan haqqında məlumat verildi və görüntülər veriləndə hamı şoka düşdü. Hətta Tahir Salahovun gözləri yaşardı.
Mənə yüz dəfə artıq maaş da versələr mən gedib başqa ölkədə yaşamaram. Deyirlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxdır. Ölməyə yox, ümumiyyətlə, yaşmağa vətən yaxşıdır. Vətən yaşamaq üçündür. Allah insana ölümsüzlüyü sənəti, istedadı ilə verir. O insanlar ölümsüz olurlar. Ona görə də Nizamimiz, Füzulimiz, Nəsimimiz ölümsüzdürlər və daim yaşayırlar. Nə qədər dünya var, Azərbaycan var, onlar da yaşayacaqlar.
Azərbaycanın adını bizlər uca etməliyik. Azərbaycan adı damarımızdan axan qan kimi bizim ürəyimizdə olsun. Ən böyük xəstəliyimiz elə Azərbaycan olsun.

Qeyd: İnsan kapitalının üzərində brendləşməyə xidmət edən “Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra edilir.
Devizi “Azərbaycanın brendi onun insanıdır” (The Brand of Azerbaijan is a human) olan layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır.