• 21 May 2025
logo
Tikdim ki izim qala: istedadlı memar Aqil İsmayıl oğlu Yusifov

Tikdim ki izim qala: istedadlı memar Aqil İsmayıl oğlu Yusifov

Elə insanlar var ki, adları özlərindən çox yaşayır. Onlar cismən bizi tərk etsələr də tez-tez xatırlanır, yad edilirlər. Belə şəxslərin sırasına alimlər, yazıçılar, incəsənət adamları ilə yanaşı istedadlı memarlar da daxildir. Onlar ona görə yad edilirlər ki, qoyub getdikləri əsərlər insanlara xidmət etdikcə ruhlarına da rəhmət oxunur. Belə insanlardan biri də Aqil İsmayıl oğlu Yusifovdur. Aqil Yusifov 1948-ci il aprelin 25-də Bərdə rayonunun Lənbəran kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurduqdan sonra indiki Azərbaycan Texniki Universitetinə daxil olub. Orada oxuduğu müddətdə və əsgəri xidməti başa vurduqdan sonra Azərdövlət Layihə Dövlət Baş Layihə İnstitutunda işləyib. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Layihə İnstitunda çalışıb. 1973-cü ildən 1976-cı ilə qədər Azərbaycan Tikinti Nazirliyində işləyib. Ailə qurduqdan sonra fəaliyyətini Bərdə rayonunda baş memar kimi davam etdirib. Müxtəlif tikinti təşkilatlarında iş icraçısı və mühəndis vəzifələrində çalışıb. 1974-cü ildə Bərdə rayon İcraiyyə Komitəsinə baş memar təyin olunub. Bərdə şəhər Xalq Deputatları sovetinə üzv seçilib. Həyat yoldaşı ali təhsilli müəllimdir, 4 övladı var. Hamısı da ali təhsilli...
...Sakit təbiətli və etibarlı insan kimi yaddaşlarda qalan Aqil Yusifovun güclü riyazi zəkası olub. Tanıyanlar onu səbirli, məsuliyyətli, humanist və istiqanlı insan kimi xatırlayırlar. Dostları ona həmişə ümid yeri kimi tanıyıb. Maddiyyatdan çox, mənəvi dəyərlərə üstünlük verib. Çalışqan və zəhmətkeş, üzləşdiyi problemləri soyuqqanlı həll etməyi bacaran bir insan olub...
Aqil Yusifovun layihələndirdiyi binalar çoxdur. Bərdə rayonunda Mədəniyyət sarayının inşasına, 2 çoxmərtəbəli yaşayış binası, çoxlu sayda 5 mərtəbəli binanın tikintisinə məhz o rəhbərlik edib. Rayon ərazisində “Xam Torpaq” adlanan qəsəbənin baş planının müəllifidir və icrası onu rəhbərliyi ilə həyata keçirilib. Rayonun qədim memarlıq abidələrindən olan “İmamzadə” kompleksinə aid olan “Axund evi” məscidinin layihə və eskiz müəllifi Aqil Yusifovdur.
Bunlarla yanaşı, şəhərdə tikilən böyük fərdi yaşayış evlərinin layihəsi də Aqil Yusifov tərəfindən hazırlanıb. Bərdə şəhərinin giriş qapısının layihəsini də, o hazırlayıb. Onun doğulduğu Lənbəran kəndində inşa olunan məscidin layihəsini də o çəkib. Rayonda tikilən bəzi binalarda istifadə olunan şəbəkə sistemini ilk dəfə Aqil Yusifov yaradıb...

İstedad və peşəkarlığın vəhdəti

...Gözəllik aşiqi olub. Gözəl görünən əşyaların estetik görünüşünə önəm verib. Bu onun yaradıcılığına da təsir edib. Pul qazanmaq ondan ötrü şöhrət və ya üstünlük üçün deyil, istədiyi keyfiyyətli həyatı yaşamağa görə vacib olub. Həyatını dinc, gözəl və düzgün yaşamaq onun xarakterini formalaşdırıb. Təbii ki, bu xarakter, istedad və peşəkarlığın vəhdəti onu insanların xidmətçisinə çevirib və bu, həm də hələ də insanların xidmətində olan tikililərin ərsəyə gəlməsində rol oynayıb.
Onun xidmətləri bununla bitmir. 2009-2011-ci illərdə Lənkəran və Masallı şəhərində 2 bank binasının tikintisinə rəhbərlik edib. Çoxsaylı layihələrin müəllifi olmaqla yanaşı, o eyni zamanda müxtəlif heykəllər və milli musiqimizə aid alətlər düzəldib, rəsm əsərləri çəkib. Doğulduğu Bərdə rayonunun memarlıq nümunələri əsasən onun adı ilə bağlıdır...
O, eyni zamanda “Azərbaycan” restoranının layihə rəhbəri olub, Şəhidlər xiyabanı və 1500 evlik yaşayış massivinin planlamasını həyata keçirib. Təbii ki, bu sıranı genişləndirmək mümkünür. Onu da əlavə edək ki, Aqil Yusifov Lənbərandan çıxan ilk memardır.
...Sarsılmaz iradəyə malik Aqil Yusifov məqsədinə doğru əzmlə irəliləməyi bacaran insan kimi özünə qarşı çox tələbkar olub. Yalandan, riyakarlıqdan çox uzaq bir şəxsiyyət olan Aqil Yusifov üçün etibar və sədaqət önəm kəsb edib.

“Qədim Bərdəmizin ən gözəl hissəsi...”

Aqil Yusifovla dostluq edən və eyni dövrdə çalışan insanlar onu hörmət və ehtiramla yad edir, xidmətlərini yüksək qiymətləndirirlər.
Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov Aqil Yusifov haqqında xatirələrində deyir: “Aqil Yusifovu 1979-cu ildən birgə əmək fəaliyyətdə olan iş yoldaşı kimi tanıyırdım. O, savadlı, bacarıqlı, səriştəli bir memar idi. Vətəndaş kimi insanları sevən, onlarla ünsiyyət qurmağı bacaran, əməlləri və xüsusiyyətlərinə görə onların hörmətini qazanmağı bacaran bir rəhbər işçi idi. 15 ildən çox rayonun, sonradan isə şəhərin baş memarı vəzifəsində çalışıb. Bərdə şəhərinin 1980-cı ildə qüvvəyə minən baş planının həmmüəlliflərindən biri olub. 1980-ci ildə şəhərdə tikilən çoxmərtəbəli yaşayış binalarının yerləşdirilməsində görünüş və küçə gözəlliklərinin həyata keçirilməsində, beşmərtəbəli binaların həyətlərinin sakinlərin istədiklərinə uyğun abadlaşdırılmasında digər vəzifəli şəxslərin təzyiqlərinə baxmayaraq öz mövqeyində durmağı bacarıb”.
Yaşar Zamanov həmçinin əlavə edib: “Melioratorlar qəsəbəsinin abadlaşdırılmasının faktiki layihəsi onun beyninin və əlinin işi idi.
Dövrünün tələblərinə cavab verən bu qəsəbənin gözəlliyi kənd rayonları içərisində yeganə idi. Uzun müddət ev həsrəti ilə yaşayan rayon əhalisinə (1500-ə qədər) həyətyanı torpaq sahələrinin verilməsi komissiyasına rəhbərlik etdiyim zaman Aqil Yusifovun mütəxəssis kimi necə canıyananlıqla, məsuliyyətlə, sevinə-sevinə bu işdə iştirak etdiyi, sonradan isə vətəndaşlara verilən bu torpaqlarda onların ev tikmələrinə şərait yaradılması üçün yaşayış massivlərinin, küçələrin layihələrinin, yerləşdirmə sxemlərini necə həvəslə, məmnuniyyətlə, məsuliyyətlə, tikinti norma və qaydalarına əməl etməklə hazırladığının şahidi olmuşam. O, 6 ay çəkən bu prosesdə gündə 15-16 saat çalışmaqla 10-15 il ev tikmək həsrətində olan vətəndaşlarımızın sevincinə sevinc qatırdı. Sanki bu işi özü üçün görürdü. Aqil Yusifovu insan kimi də yaxından tanıyırdım. Aqil yaxşı vətəndaş, yararlı qonşu, valideynləri üçün yaxşı övlad, ailəsi üçün qayğıkeş ailə başçısı, yurdu üçün yaxşı vətəndaş, dövləti, xalqı üçün çalışan dəyərli insan idi. Tikilməsi prosesi başlayanda indiki Heydər Əliyev adına prospektlə Üzeyir Hacıbəyov adına küçənin kəsişməsində salınan çoxmərtəbəli yaşayış evlərinin və sosial obyektlərin yerləşməsi, abadlıq işlərinin təşkili Aqilin beyninin və əlinin məhsulu idi. Hazırda həmin ərazi qədim Bərdəmizin ən gözəl hissəsi olaraq qalır”.

Hörmətə layiq insan

Aqil Yusifovun yaxın dostu Qurban Aşirov: “Mən, Aşirov Qurban Hacı oğlu, 1966-cı ildə Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuşam.
Təhsilimin ilk illərində kirayədə qalmağa məcbur idim. Qaldığımız həyət evində Bərdə rayonunun Ləmbəran kəndindən olan üç tələbə ilə birlikdə yaşayırdıq. Onlardan biri – Aqil Yusifovla yaxın münasibətimiz tez bir zamanda formalaşdı.
O vaxtlar mən institutda gündüz şöbəsində oxuyurdum, Aqil isə Politexnik İnstitutunun axşam şöbəsində təhsil alır, gündüzlər isə layihə institutunda çalışırdı. Ailəsindən atası İsmayıl müəllim bizə tez-tez baş çəkərdi. O, İkinci Dünya müharibəsi iştirakçısı idi və hər görüşdə bizə maraqlı xatirələr danışar, öyüd-nəsihətlər verərdi.
Aqil çoxuşaqlı bir ailədə böyümüşdü. Ailələrindəki mehribanlıq və qarşılıqlı hörmət dərhal hiss olunurdu. İnstitutu bitirdikdən sonra Aqil doğma rayonu olan Bərdəyə qayıtdı və orada memarlıq sahəsində çalışmağa başladı. Qısa zamanda Bərdə rayonunun baş memarı vəzifəsinə yüksəldi. O dövrdə rayonun katibi olan Səfərəliyev tərəfindən yüksək qiymətləndirilirdi – Aqilin həm peşəkarlığına, həm də dürüstlüyünə xüsusi hörmət vardı.
Yaxın dost kimi mən Aqilin toyunda iştirak etmişəm. Həyat yoldaşı Sevda müəllimə məktəbdə rus dili müəlliməsi işləyirdi. Bir il sonra, mən evlənən zaman Aqil ailəsi ilə birlikdə Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində mənim toyumda iştirak edib”.
Qurban Aşirov həmçinin qeyd edib: “Biz dostluğumuzu daha da dərinləşdirdik və qərara gəldik ki, hər il Yeni il bayramında Aqil ailəsi ilə birlikdə Sumqayıta (evlənəndən sonra Sumqayıtda yaşayırdıq) bizə qonaq gəlsin, Novruz bayramında isə biz Bərdəyə gedib onlara baş çəkək. Bu gözəl ənənə illər boyu davam etdi və dostluğumuzun bir simvoluna çevrildi.
Aqilin dörd övladı var. Böyük qızı Büllurə Bakı Neft-Kimya İnstitutunu bitirmiş, hazırda Sankt-Peterburqda yaşayır. Kiçik qızı Gülxanım Gəncə Musiqi Texnikumunu başa vurub və hazırda Bərdə şəhərində yaşayır. Böyük oğlu Ramin İqtisad İnstitutunu bitirib, hazırda otelçilik sahəsində çalışır. Kiçik oğlu Kənan isə Pedoqoji Universitetinin ingilis dili fakültəsini qurtarıb, hazırda ABŞ-də yaşayır.
Aqil bir dost kimi olduqca qayğıkeş, işgüzar və hörmətə layiq bir insan idi. Bərdə rayonunda memarlıq sahəsində həyata keçirdiyi layihələr ona həm peşəkar çevrədə, həm də cəmiyyətdə böyük nüfuz qazandırmışdı. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra o, Bakıda və Lənkəranda bir neçə tikinti şirkətində məsul vəzifələrdə çalışdı.
Evində isə əsl ailə başçısı idi – hər şeyin yerini bilən, ailəsinə dayaq olan bir insan. El sənətinə də marağı vardı – özü üçün tar aləti düzəltmişdi. Həmin tar bu gün oğlu Ramin tərəfindən bir ailə yadigarı kimi böyük ehtiramla qorunur.
Təəssüf ki, zaman hər şeyi dəyişir. Aqilin həyatla yolları ayrıldı. Lənbəran kəndinin yetişdirdiyi bu dəyərli insan bu dünyadan köç etsə də, onun dostluğu, işgüzarlığı, ailəsinə və dostlarına olan bağlılığı bizim yaddaşımızda hər zaman yaşayacaq. Allah ona rəhmət eləsin, ruhu şad olsun!”.
Göründüyü kimi, həm memar, həm də unikal bir insan olan Aqil Yusifov Azərbaycan memarlığında iz qoymuş bir şəxsdir. Onun yaratdığı əsərlər bu gün də insaların istifadəsindədir. O, 2011-ci il noyabrın 1-də haqqın dərgahına qovuşub. Allah rəhmət eləsin!
İstedadlar diyarı Azərbaycanın daha da gözəlləşməsində xidmətləri olan övladlarının tanıdılması vacib amildir. Çünki belə insanların həyat və yaradıcılığı örnəkdir. Məşhur bayatıda deyildiyi kimi: “Tikmədim özüm qalam, tikdim ki, izim qala...”.

Elnur Eltürk