• 26 Dekabr 2024
logo
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb

Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.
Onun sözlərinə görə, qalanın 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək:
"Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə bərpa işlərinə start verilib".
F.Hüseynov qeyd edib ki, Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb: "Ümumilikdə isə qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də qala divarları boyu yol salınacaq".
Xidmət rəsmisi bildirib ki, Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub: "Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər".