Aprelin 27-də “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin pitçinq mərhələsi keçiriləcək.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə pitçinq mərhələsi saat 10:00–15:00 arasında Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.
Bu mərhələdə 26 layihə iştirak edir.
Müsabiqənin Pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş olunacaq.
Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.
Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.
Müsabiqənin Münsiflər heyətinə kinorejissorlar Vaqif Mustafayev, Elçin Musaoğlu, Yavər Rzayev, Teymur Hacıyev, prodüser İradə Bağırzadə, kino tənqidçisi Aygün Aslanlı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev daxildir.
Xatırladaq ki, “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olunub. Müsabiqənin məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə verməkdir.