• 26 Dekabr 2024
logo
Rusiyada Azərbaycana həsr olunmuş “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı keçirilib

Rusiyada Azərbaycana həsr olunmuş “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı keçirilib

Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı keçirilib.

Azərbaycan Milli Xalça Muzeyindən APA-ya verilən məlumata görə, proqram 3 saat davam edib.

Muzeyin ziyarətçiləri “Tale ipini xalçaya toxuyaraq... Azərbaycanın dekorativ və tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Yelena Leonidovna Kubel ilə sərgini gəzərkən özlərini qonaqpərvər şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları “Cənubi Qafqaz xalqları” daimi ekspozisiyasına ekskursiya edərək bu xalqların mədəniyyətinə bələd olmaq şansı qazanıblar.

Proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Azyaşlı qonaqlar həmçinin yaradıcılıq emalatxanasında keçirilən “Təəssüratlarım” ustad dərsində ənənəvi şərq ornamentləri ilə unikal açıqca nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.

Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə muzeydə “Çinar” vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub, xalq çalğı alətləri və xalça toxuma üzrə ustad dərsləri keçirilib.