• 22 Dekabr 2024
logo
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub.
gecədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, yazıçının “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” əsərləri Azərbaycan romanları sırasında öz layiqli yerini tutub. Onun böyük ustalıqla ərsəyə gətirmiş olduğu hekayələri də geniş oxucu auditoriyası qazanıb.
Vaqif Əliyev qeyd edib ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğinə böyük ehtiramla yanaşan dövlətimizin başçısı bu sahədə çalışan insanları yüksək qiymətləndirir və davamlı olaraq onları fəxri adlar, mükafatlarla təltif edir. Hüseyn İbrahimovun yaradıcılığına verilən qiymət də bu istiqamətdə atılan addımlardan biridir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Hüseyn İbrahimovun AYB-nin Naxçıvan bölməsində əvəzsiz xidmətlərindən danışıb.
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbi mühitində Hüseyn İbrahimovun mövqeyindən söz açıb. Qeyd edib ki, ədəbiyyatımızda “50-cilər” nəsli ayrı-ayrılıqda öyrənilməsə də, onun nümayəndəsi Hüseyn İbrahimov 60-cı illərdə Azərbaycan realist ədəbiyyatının böyük ənənələrinə qayıdışının əsasını qoyanlardan idi. Xalq şairi Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, İslam Səfərli, Xalq yazıçısı İsmayıl Şıxlı kimi Hüseyn İbrahimov da ədəbiyyatı ideologiyadan həyata yaxınlaşdıran, sadə insanların taleyini əks etdirən yazarlardan biri olub. Onun əsərlərində ilk dəfə olaraq sovet adamlarının səhvlərindən bəhs olunurdu. Bu, sovet ədəbiyyatı “buzları”nın artıq əriməyə başladığını göstərirdi.
Bədii hissə ilə davam edən tədbirdə Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı çıxış edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur. Əməkdar artist Nuriyyə Hüseynova, müğənnilər Sərxan Bünyadzadə və Rovşən Əziz “Naxçıvan təranəsi”, “O Naxçıvandır”, “Araz üstü şəhərim” və digər mahnıları səsləndiriblər.