• 22 Dekabr 2024
logo
Müdrikləşən Elçin Mirzəbəyli poeziyasından bir yarpaq

Müdrikləşən Elçin Mirzəbəyli poeziyasından bir yarpaq

Müəllifin nəşrinədək adını bidmədiyim kitabı barədə qeydlərim

Azərbaycan ədəbiyyatının Elçin imzaları sarıdan bəxti gətirib, üzüağdır. Müasir nəsrimizin Elçin Əfəndiyev zirvəsini tanımayan yoxdur. Ədəbiyyatımızın ağsaqqallarındandır, xalq yazıçısıdır. Sayını hesablayıb başa çatdıra bilmədiyim irili-xırdalı əsərləri on cilddə toplanıb.
Məzunu olduğum Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini məndən 5 il sonra bitirən Elçin Hüseynbəyli 60-a yaxınlaşır. İki il ötəcək, ədəbiyyatsevərlər, media təmsilçiləri yubileyinə toplaşacaqlar. Bunun üçün yazıçı, tənqidçi, publisistin 18 kitabın müəllifi, dərin məna yükunün daşıyıcısı, populyar qəzet və jurnalların baş redaktoru olması və Əməkdar incəsənət xadimi fəxri adına layiq görülməsi ciddi əsaslardır.
İki il öncə yarıməsrlik yubileyinə toplaşdığımız Elçin Mirzəbəyli də oxucu diqqətini kifayət qədər özünə çəkə bilib. Hələlik bir dövlət təltifi var, «Tərəqqi» medalı alıb. Ali təhsilli mədəniyyət işçisi sözünü öncə ölkə televiziyalarında, teatrlarında nümayiş etdirilən görkəmli şəxslər barədə filmlərin müəllifi, rejissoru olması ilə deyib. Lakin öz yerini sözün əsl mənasında jurnalistikada, poeziyada tapıb. Onun rəhbərlik etdiyi «Xalq cəbhəsi» qəzeti və Baymedia İnformasiya Agentliyi Azərbaycan Mətbuat Şurasının üzvlərindəndir. Özü isə ölkə jurnalistlərinin VII qurultayında MŞ İdarə Heyətinin tərkibinə seçilib. Bu o deməkdir ki, hələlik cəmi 4 şeir kitabı («Bir gecənin tənhalığı», «İtirilmiş vaxtın adamı», «Poz bu sükutu» və «Sevgi məktubları») çıxan səmimi, tələbkar, gözəl nitqə, söz ehtiyatına malik həmkarımla həftədə azı bir dəfə görüşürük.
Elçinin prinsipiallığına, təşəbbüskarlığına bələd olduğumdan onunla daha çox ədəbiyyatdan, poeziyadan söhbət açırıq. Belə dəqiqələrdən ruhən rahatlıq, həzz alıram. Sonuncu söhbətimizdən sətirlər. «Şeir nədir» sualına cavabı:
- Duyğu və düşüncələrin, arzu və istəklərin, sevginin, bəzən də qəzəb və hiddətin inikası. Yuxusuz gecələr. llham pərisinin gəlişinə möhtac intizarlı baxışlar… Bə bir də poeziya adlı möhtəşəm sarayda əbədi yerini tutmaq iddiasında olan böyüklü-kiçikli nümunələr…
- Şeir kimdir, haralıdır?
-Tanrının minbir adından biridir. Səxavətindən dünyanın bütün ölkələrinə, xalqlarına pay düşüb. Amma görünür Azərbaycan üçün daha çox üzgörənlik edib…
İclasönü bu söhbətdən keyfim bir qədər də yüksəldi. Soruşdum ki, təzə nə yazmısan. «Bir kitablıq varımdır, hələ uzə çıxarmamışam», - dedi. Xahişimi nəzərə alıb diqqətli oxucusu kimi tanışlıq üçün 60 vərəqə yaxınını elektron poçtuma göndərdi. Ərk etdiyim üçün icazəsiz ön söz yazdım, nəşrinədək adını bilmədiyim kitabı barədə təəssüratımı qələmə aldım.
Yuxarıda kitablarının sayını vurğuladım. Adətdir, söz xəzinəsinin xiridarları oradan həcmcə kiçik, cazibədarlığına, qiymətinə görə daha ağırını seçməyə meyillidirlər. Üzü Ustad Nizamidən günümüzədək səyahətə çıxaq. Bəzən bir misra, bənd, epizod, surət şair və yazıçını tanıdır, əbədi yaşatma missiyasını öz üzərinə götürür. Bizim Elçin bu mənada xoşbəxt insanlardandır. Xalq müstəqillik uğrunda mücadiləyə qalxanda «Azadlıq» marşını yazıb. Meydanlarda minlərin dilinin əzbəri olan marş hazırda Silahlı Qüvvələrdə oxunur, məktəblərdə tədris olunur. Bu, fəxarət, xoşbəxtlik deyilmi?!
Bilirsiniz Elçin Mirzəbəyli poeziyasına vurğunluğum haradandır? Suala cavab almaq üçün əvvəlki 4 kitabına da nəzər salın, indikiyə daxil olanları da tələsmədən, fikrin süzgəcindən keçirərək nəticələr çıxarın. Bu, həssaslıq düşüncə poeziyasıdır, insanlara, ətrafdakılara, olaylara fəlsəfi baxışların təcəssümüdür. Başlayaq «Məni sevən»dən:
Məni sevən…
Bölünəndə,
Ya da çıxılanda sevər…
Qalxanda aşağı çəkər,
Yerə yıxılanda sevər…
***
Nə durmusan,
Sıx gözümü,
Bu son damla yaşı çıxar.
Başımın daşı ağırdı -
Yaxşı məzardaşı çıxar…
Arif insanı duyğulandıran, onu min illərin dərinliklərinə səyahətə çəkən, nəticə çıxarmağa səsləyən sətirlər. Müəllif qədim və müasir faciələrimizin bəşəri köklərinə varır. Biganəliyin, kin-küdurətin hələ çox canlar alacağına, digər faciələrimizə yol açacağına həyəcan təbili çalır. Fəlsəfi sətirlərin arxasında aramsız döyünən qəlb çırpıntıları ilk növbədə şairə məxsusdur. Elçin Mirzəbəyli «sonra gec olar» nidasını «Ağrı qalır»da dilə gətirir:
Bir ürəkdə həsrət bitir…
Xəzan vurmuş bağrı qalır.
Sevgi bitir…
Nifrət bitir…
Ağrı qalır…
Ağrı qalır…
Bəli, dərdlə yaşamağa öyrəşənin yurdunda-yuvasında kədər sakin olar. Oxucuya ilk baxışda elə gəlir ki, Elçinin «Amma yoxsan…» şeiri giley-güzarlı aşiqin məşuquna, sevgilisinə xitabı, şikayətidir. Diqqətli təhlil digər bəşəri hisləri ortaya çıxarır:
Bu şəhəri kim doğdu, kim böyütdü, görəsən,
Nədir bu qədər qəzəb, bu qədər kin, İllahi?!
Sevgimizi kim uddu, kim üyütdü, görəsən?
Nə vaxt sonu gələcək bu nifrətin, İllahi?!
Bəndlərin Şərq mütəfəkkirlərindən qaynaqlandığını deməyim Elçinin müstəqil seçim, təqdimat bacarığına əsla kölgə salmamalıdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun və Sankt-Peterburq Teatr, Musiqi və Kinemotoqrafiya İnstitutunun məzununun Məhəmməd Füzulinin 500 illiyi, xalq şairi Bəxtiyar Bahabzadə və başqa klassiklər barədə filmləri ərsəyə gətirməsi üçün dərin mütaliə, bilgilərlə yanaşı peşəkarlıq da başlıca tələblər sırasında yer tuturdu.
Misal çəkdiyim şeirlər isə bir neçə il əvvəl təqdimatını keçirdiyimiz «Poz bu sükutu» kitabı ilə bağlı bölüşdüyüm rəyi yada salır. Onun fəlsəfi xarakterli poetik nümunələrini müdrik yaponların hokku janrı ilə müqayisə etmişdim. Gündoğar ölkədə üç cümlədən ibarət şeirdə gör necə möcüzə yaradılır:
İnsana bax,
Dayanıb gül-çiçək içində
Əlində qılınc.
Dünyamızın təzadlarından deyilmi?!
Elçinin hüdudsuz mütaliə imkanları qibtə ediləcək bilgilərindən xəbər verir. Onun öz yolu mövcud olduğundan bəndlər 4-5 və bəzən daha çox misralıqdır.
Bəlkə Böyük Füzulinin təsir dairəsidir ki, həmkarım ustadın cazibədarlığından çıxa bilmir. Bu da xoşdur, elə həyatın əsl mənası bəşəriliyə bağlanmaqdadır:
Bağlanma mənə…
İstəyirsən qandal vur
Qollarıma…
…Əllərimin silueti uçacaq…
Xəyalımın yarıaçıq pəncərəsindən
İstəyirsən
Kündə as
Ayaqlarımdan…
Qaçacaq…
Ayaqlarımın kölgəsi
Arzularımın kimsəsiz küçəsindən.
(«Bağışla» şeirindən)
Məhz bu hislərin təsiri altında yaşayan şair seçdiyi yolun daşlı-kəsəkli olduğunu unutmayaraq «Bağlanma mənə»ni yazır. «Mən kiməm» sualını cavablandırmaq üçün özünü üşüyən mələyə, bütün yer üzünün əzablarını içinə sovuran küləyə bənzədir.
Səbirsiz oxucu tapıla bilər ki, Elçini mövzu dairəsinin geniş olmamasında qınasın. Razılaşmıram «Azadlıq» marşının müəllifi Qarabağımızın düşmən boyunduruğu altında qalmasını «bizi fatehlərin qarğışı tutub» ironiyası ilə müqayisə edir. Bəlkə yalandır?! Biz indiki durumda özümüzü onların varisləri adlandırmağa layiqikmi?!
Şair Qarabağımızın düşmən tapdağı altında qalması ilə barışmır, barışa da bilməz. Azərbaycan bayrağını qibləgahı adlandırır, onu dalğalandıran küləyə də özünü qurban verməyə hazırdır. Onun Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi «Ölümə doğru» şeiri ağı yox, qələbə naminə şanlı igidliklərə çağırış, rekviyemdir. E.Mirzəbəylinin özünü bu missiyanın icraçıları sırasında görməsi təbiidir, baxışlarından qaynaqlanır.
Dəqiq bilmirəm ki, həmkarımız rəssamlığa nə qədər meyillidir. Yaradıcılığı elə təəssurat yaradır ki, sözlə rəsm çəkir, portret cızır, mənzərələr yaradır. «Bu gecə İstambul kimiyəm» şeirini oxuyan mütləq iki qitənin qovuşacağındakı şəhərə tələsəcək. Yəqin bu mənzərələri müəllif 2013-cü ildə o şəhərdə TÜRKSOY-un Mətbuat Şərəfi Mükafatını aldığı günlərdə müşahidə edib.
Şairin misralırından təbiətin, duyğuların peyzajı, məhəbbətin, vüsal və həsrətin portreti boylanır. «Qış nağılı», «Payız etüdü - 2», «Ömrün portreti», «Minarə kölgəsi» və digərləri yuxusuz gecələrin ona bəxş etdiyi ənamlardır.
Bir divar qurursan xatirələrdən …
Dağılır,
Uçulur,
Çökür içində.
Hərə öz yükünü yığıb aparır,
Hərə öz evini tikir içində -
(« Ömrün etüdləri» şeirindən)
Yaxud:
İllərim əsr düşüb
Bir sevda qəfəsində.
Bir ömür cəzalıyam
Ayrılıq məhbəsində -
(«Bir ömür unutma məni» şeirindən)
E.Mirzəbəylinin məhəbbət motivli «Yuxu», «Səndən son istəyim», «Sev məni», «Zikr» və digər şeirləri də kitabın məna yükünü ağırlaşdırır, oxucunu saf diləklər aləminə qovuşdurur. Nəticədə mütaliə üçün sərf edilən vaxta görə yalnız xoş ovqat doğurur.
Hələlik tanış ola bilmədiyim poetik nümunələrə gəldikdə, onların təhlili digərlərin üzərinə düşür.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı