• 15 Yanvar 2025
logo
“Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsi keçiriləcək

“Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafar-zadə, Muzey və Qalareyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva və layihənin kuratoru Angelo Bucarelli jurnalistlərin suallarını cavablayıb və layihə haqqında ətraflı məlumat verib.
Bildirilib ki, sözügedən layihə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Şöbə müdiri Nərgiz Abdullayeva layihədə 4 ölkədən fotoqrafın iştirak edəcəyini bildirib: "Layihədə Türkiyə, Almaniya, İsveçrə, Finlandiya fotoqrafları iştirak edəcək. Həmçinin ölkəmizin gənc və fəal, fərqlənən fotoqrafçılarının da cəlb olunması nəzərdə tutulub. Düşünürük ki, bu, onların təcrübə baxımından inkişafına ciddi təkan verəcək".
O, həmçinin qeyd edib ki, layihənin yekununda fotoların dünyanın bir sıra ölkəsində sərgilənməsi də nəzərdə tutulub: "Sözügedən fotolar layihə yekunlaşdıqdan sonra həmin fotoqrafların öz ölkələrində, eyni zamanda, dünyanın bir sıra ölkəsində sərgi şəklində nümayiş olunacaq".
Layihənin kuratoru Angelo Bucarelli isə layihənin yaranma səbəbindən danışıb: "Şuşa və ümumilikdə Qarabağ regionunu dünyaya tanıtmaq, mədəni irsini dünyaya nümayiş etdirməkdən ötrü bu layihəni düşündük və reallaşdırdıq. Düşünürəm ki, layihə Şuşa və onun tarixini işıqlandırmaqda önəmli rol oynayacaq".
Kurator həmçinin qeyd edib ki, layihə müxtəlif mədəniyyətlərin birləşməsi və vəhdəti də hesab oluna bilər: "Dörd fərqli ölkənin iştirakı həm də mədəni vəhdət və birlik deməkdir. Sərgi isə ilk olaraq Bakıdan başlayacaq, sonra fotoqrafların öz ölkələrində, daha sonra isə dünyanın müxtəlif ölkələrində fotolar kitab-kataloq və sərgi şəklində nümayiş olunacaq. Həmçinin layihənin veb-saytının yaradılması da nəzərdə tutulub".
Məryəm Qafar-zadəAngelo BucarelliMəryəm Qafar-zadəNərgiz Abdullayeva