• 19 May 2024
logo
Şamil Süleymanlı: “Ölülər”də poçt müdiri rolunu oynamaq istəyərdim

Şamil Süleymanlı: “Ölülər”də poçt müdiri rolunu oynamaq istəyərdim - MÜSAHİBƏ

Dünya mədəniyyət xəzinəsinə istedadlı musiqiçi, aktyor, rəssam, memar və muğam ifaçıları bəxş etmiş Şuşa mədəniyyətimizin nadir və təkrarsız incilərindən biridir. Bu gözəl diyarda doğulub boya-başa çatmış istedadların hər biri öz adını Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə həkk edib. Bu gün onlardan biri – əslən şuşalı olan tanınmış aktyor, Azərbaycanın Xalq artisti Şamil Süleymanlı ilə AZƏRTAC-ın müxbiri həmsöhbət olub.

- Bəlkə də bunu axırda soruşmalıydım. Amma istərdim ki, müsahibəmizə elə bu sualla başlayaq. Çünki uşaqlıq illərinizin heç də xoş keçmədiyini bilirəm. Bu həyatda qazandıqlarınıza görə kimlərə borclusunuz?

- Bəli, uşaqlığım çox ağır keçib. Valideynlərimi çox erkən itirmişəm. Bu, mənim üçün nə qədər çətin olsa da, həyat davam edirdi. Yaşamaq üçün özümdə güc tapmalı, hər şeyə qaldığım yerdən davam etməli idim. Çətin anlarımda atamın dostları məni tək qoymadılar. Hər zaman yanımda oldular. Məhz onların sayəsində həyatın çətinliklərinə sinə gərib, əsl insan kimi yetişdim. Həyatda əldə etdiklərimə görə onlara borcluyam.

- Bu sənəti seçərkən qərar vermək çətin olmadı ki?

- Aktyor sənətini seçmək öz qərarım olub. Bu həyatda qarşıya qoyduğum əsas məqsəd idi. Təhsil aldığım müddətdə aktyorluğun kənardan göründüyü qədər asan olmadığını anlayırdım. Amma qorxmurdum... Çox çalışaraq sənətdə öz yerimi tapa bildim. Çəkildiyim filmlərin süjet xətti, yaratdığım obrazların xarakteri getdikcə mürəkkəbləşirdi. Nə qədər qəribə səslənsə də, fikrimcə, mənfi rolu ifa etmək daha asandır. Çünki oynadığım obrazın mənfi olduğunu bildiyin üçün baş verənlərlə barışırsan, əzab çəkmirsən. Bir aktyor kimi tamaşaçıya obrazın həm mənfi, həm də müsbət tərəflərini çatdırmalıyam ki, onlar nəyin yaxşı, nəyin pis olduğunu anlaya bilsinlər. Tamaşaçı bir anlığa da olsa, özünü mənim yerimdə təsəvvür edə bilirsə, deməli, aktyorluq məharətim sayəsində nəyəsə nail olmuşam.

- Hazırda filmə, seriala çəkilirsinizmi?

- Sözün düzünü deyim ki, televiziyada çalışmaq çox xoşuma gəlir. 2023-cü il mənim üçün çox xoş oldu. Çünki dörd-beş filmə çəkildim. Bu il isə bir serialdan təklif almışam. Cavan oğlan çəkir. Hazırda layihə üzərində işləyirik. Qabaqcadan danışmaq mənə düşmür, ona görə də layihə barəsində geniş məlumat verməyəcəm. Sadəcə bir məqamını deyə bilərəm ki, falçı rolunda oynayacağam.

- Rol aldığınız filmlər arasında ən sevdiyiniz, yaddaqalan səhnə hansı olub?

- Çəkildiyim filmlərin bir çoxu həyatımda silinməz iz qoyub. Ən xoşbəxt bir anım var. Çox sevdiyim, gözümün işığı, şair dostum Ramiz Rövşən, “Evlənmək istəyirəm” (“Papaq”) filmində adımı səsli formada çəkir. “Bu bəyzadələr də yaxşı hərifləyiblər Şamili” sözlərini həmin filmdə Ramiz Rövşən deyir. Çünki aktyor gəlməmişdi, heç kim o cümləni yaza bilmirdi. Ramiz Rövşən həmin sözləri özü yazdı. Mən də onun ayaqlarına yıxılıb dedim ki, “ay dədə, axı sən məni çox istəyirsən”. Bu gün filmin o yerini mən dünyanın heç bir filminə dəyişmərəm. Çünki orada Ramiz Rövşənin səsi gəlir. Bu, Ramiz Rövşənin səsində və dilində nəsildən-nəslə keçəcək.

Aktyor sənətimdə mənim üçün yadımda qalan səhnələrdən biri də böyük dramaturqumuz Hüseyn Cavid haqqında film çəkilərkən olub. Filmdə mənə bir rol vermişdilər. Rolda aktyor Abbas Mirzənin üzünə durmalıydım, onu satmalıydım. Rol mənə verilən zaman etiraz etdim ki, Abbas Mirzənin yuxuda belə üzünə dura bilmərəm. Rejissor məndən küsdü. Bildirdi ki, bu aktyor danışığı deyil. Rejissor Ramiz Həsənoğluna dedim ki, sənin atan Həsənağa Mirzəyev mənə dərs deyib, bildirib ki, teatr nağıldır. Öz nağılınızı qorumayacaqsınızsa, bu sənətə getməyin. Hesab et ki, Abbas Mirzə nağılı da mənim nağılımdır. Mən bu rolu oynaya bilmərəm.

- 1974-cü ildə “Baladadaşın ilk məhəbbəti” filmi ilə ilk işinizə imza atdınız. Daha sonra “Tütək səsi”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanması”... Həmin filmlərin bu qədər rəğbət qazanacağınızı təxmin edirdiniz?

- Bəli, yaradıcılığım “Baladadaşın ilk məhəbbəti”dəki Baladadaş rolu ilə başlayıb. Bu, diplom işi idi. Tale elə gətirdi ki, həmin film bizim hamımızın həyatında bir dönüş yaratdı. Amma mən bu qədər rəğbət qazanacağımı təxmin etmirdim.

- “Bu rolda tamamilə özümü tapmışam” dediyiniz rol olubmu?

- Hər dəfə kamera qarşısında dayananda anlaşılmaz hisslər keçirirdim. Əvvəllər bunu sənətdə gənc olmağımla əlaqələndirirdim. Amma illər ötdükcə, təcrübə qazandıqca yenə də keçirdiyim hisslər dəyişməz qalır... Demək olar ki, bir çox rolda özümü tapmışam. Hətta “Baladadaşın ilk məhəbbəti” filmində eşitdiyiniz “O qədər dedin a bala, a bala... Çaşdırdın qoydun adamı” məşhur frazası ssenaridə olmayıb, çəkiliş zamanı təsadüfən demişəm. Həmin rolu o qədər özüm kimi hiss etmişəm ki, istər-istəməz öz düşüncələrimi də tez-tez səsləndirmişəm.

- Daha hansı rollara çəkilmək istərdiniz?

- “Ölülər” əsərində poçt müdiri rolunu oynamaq istəyərdim. Çünki bu rol mənim üçün İsgəndərdən də böyük roldur, daha çox əhəmiyyət kəsb edir. Məncə, o da İsgəndər qədər ağıllı, bu dünyaya bələd insandır. Sadəcə, o, mübariz deyil. O bilir ki, hələ mübarizə aparmağın vaxtı çatmayıb. Onun da mübarizəsi adam dolamaqdır. Bu, mənim variantımdır. Yəqin ki, o filmi bir də çəkməyəcəklər, o rolu mənə verməyəcəklər. Amma mən öz içimdə oynadım o rolu. O filmin rejissoru da özüm oldum, aktyoru da…

- Teatr Sizin üçün nə qədər cəlbedicidir?

- Şəxsən mən teatrda işləmək istəmərəm. Teatr böyük sənətdir, düzünü desəm, mən teatrdan qorxuram. Orada özünü tamam başqa cür hiss edirsən. Kinoda isə insan özünü sərbəst hesab edir. Kino mənə daha yaxındır.

- Müsahibələrinizin birində “Şuşaya getdim, evimi tapdım” demisiniz. Sizə doğma olan bu torpağa gedəndə hansı hissləri yaşadınız?

- Deməli, 1994-cü il mayın 11-də ad günüm oldu, səhəri gün Məkkəyə getdim. Orada əhd etdim ki, qələbə qazanaq, Şuşa məscidində namaz qılmaq mənə nəsib olsun. Mənim ən böyük duam bu idi. Beləliklə, ad günümdə Məkkə ziyarətində bu duaları etdim. 27 ildən sonra böyük olan Allah Şuşa məscidində namaz qılmağı mənə nəsib etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın böyük Qələbəsi ilə başa çatdı.

Hazırda sevindirici haldır ki, Şuşada və işğaldan azad olunan bölgələrimizdə yüksək səviyyəli bərpa-quruculuq işləri gedir. Biz Şuşaya gedəndə kaş görərdiniz ordumuzun əsgərləri necə sevindilər.

Onların əsgər olduqlarını unutmuşdum. Elə bilirdim ki, öz balalarımla, oğlumla görüşə gəlmişəm. Ən gözəli isə Şuşada evimizi də tapdım. İnanıram ki, ulu baba və nənələrimin, atamın ruhu sevinir. Bundan sonra hər şey yaxşı olacaq.

P.S. Şamil müəllimlə söhbətimiz çox maraqlı oldu. O, əvvəlcədən düşünülmüş cavabları deyil, hər şeyi olduğu kimi danışmağı üstün tuturdu. Bu, sevimli aktyorumuzun səmimiyyətindən irəli gəlirdi. Müsahibə zamanı keçirdiyi həyəcanı çatdırmağı Şamil müəllim çox yaxşı bacarırdı.

Şamil Süleymanlının keçdiyi həyat yolu gənclərimiz üçün örnəkdir... Gərək hər kəs çətin vəziyyətlərə baxmayaraq, bir vaxtlar Şamil müəllimin etdiyi kimi özündə güc, inam və iman, sevgi tapıb yoluna davam etsin.