• 7 May 2024
logo
İsveçin “CawaMedia” agentliyi Bakının memarlığı barədə yazıb

İsveçin “CawaMedia” agentliyi Bakının memarlığı barədə yazıb

Ofisi Stokholm şəhərində yerləşən İsveçin “CawaMedia” agentliyi öz ətrafında milli kütləvi informasiya vasitələrinin nümayəndələrini birləşdirir və dünyanın müxtəlif media orqanları, tanınmış fotojurnalistləri ilə fəal əməkdaşlıq edir.

Baymedia.az xəbər verir ki, agentlik Bakının memarlığı barədə məqalə dərc edib.

Məqalədə keçən əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə İçərişəhər ətrafında yeni arxitektura üslubunda tikililərin görünməyə başladığı Bakının neft bumunun diqqətəlayiq memarlığına xüsusi diqqət yetirilir. Yazıda diqqətə çatdırılır ki, avropalı memarlar tərəfindən dizayn edilmiş binalar qotika, barokko, neoklassika və modern üslubların vəhdəti ilə köhnə tikililərlə kəskin kontrast yaradıb, bundan sonra Bakı “Qafqazın Parisi” adlandırılmağa başlayıb.

Məqalədə sovet dövründə neft bumu dövrünün arxitekturasının az öyrənildiyi, lakin yerli tarixçilərin və həvəskarların səyləri nəticəsində bu nadir monumental tikililərin diqqətlə tədqiq edildiyi qeyd olunur.

Məqalənin müəllifi oxuculara şəhərin heyrətamiz memarlığını əyani şəkildə görmək və gözəl binaların inanılmaz hekayələrini kəşf etmək üçün Azərbaycan paytaxtına səyahəti tövsiyə edir.