• 7 May 2024
logo
Qeyri-neft məhsullarımızın əsas ixrac bazarı Rusiyadır

Qeyri-neft məhsullarımızın əsas ixrac bazarı Rusiyadır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon ABŞ dollarına bərabər olub.
2024-cü ilin ilk 2 ayı ərzində qara metalların ixracı 46,4%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7%, pambıq ixracı 29,3%, meyvə-tərəvəz ixracı isə 24,6% artıb. 2024-cü ilin yanvar-fevral ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (34,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (33,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Rusiyaya 154,4 milyon ABŞ dolları, Türkiyəyə 97,3 milyon ABŞ dolları, Gürcüstana 42,9 milyon ABŞ dolları, Ukraynaya 18,2 milyon ABŞ dolları, Qırğızıstana isə 18,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Cari ilin fevral ayının qeyri-neft ixracı 233 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 25% artımla 66,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 166,3 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (78,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (49,7 milyon ABŞ dolları) ikinci və Gürcüstan (17,8 milyon ABŞ dolları) üçüncü olub. Bu isə onu göstərir ki, qeyri-neft sektorunda Azərbaycanın əsas ixrac bazarı Rusiyadır.
2024-cü ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (23 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (13,4 milyon ABŞ dolları) ikinci və ilkin formalı propilen sopolimerləri (13,2 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 59,3 milyon ABŞ dolları, mart ayında isə 25 milyon ABŞ dolları olub. 2024-cü ilin yanvar-fevral ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Soil Boons” MMC, “STP Global Cable” MMC, “Technopack” MMC, “Ümüd 059” MMC, “Mors Trading” MMC, “Gözəl Təbiət” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR “Dövlət Energetika Xidməti” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2024-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. 2024-cü ilin yanvar-fevral ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 886,1 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
2024-cü ilin yanvar-fevral aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 372,2 milyon manat, yalnız fevral ayında isə 184,3 milyon manat dəyərində əməliyyat aparılıb.
Azərbaycan iqtisadiyyatının qeyr-neft sahəsində özəl sektorun investisiyalarına böyük ehtiyacı var. Bu baxımdan ölkəyə xarici sərmayələrin cəlb olunması vacib amildir. Xarici ölkələrdə ölkəmizin investisiya potensialının və iş adamlarına sərmayə yatırımı imkanlarının təqdim edilməsi faydalı ola bilər. Əslində son illər Azərbaycan iqtisadiyyatına investsiyaların azalması müşahidə olunsa da, 2023-cü ildə artım meyilləri olub. Belə ki, 2023-cü ildə əsas kapitala 20,3 milyard manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14559,6 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3,0 faiz, sair vəsaitlər isə 6,0 faiz təşkil edib.
İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət daşıyır. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var.
Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1300-ə yaxın müraciət daxil olub. Regionun turizm, kənd təsərrüfatı, aqrar-emal, xalq sənətkarlığı və s. kimi ənənəvi iqtisadi sektorlarının yenidən canlandırılması və xarici bazarlara çıxarılması böyük perspektivlər vəd edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir.
Dövlət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Stimullaşdırıcı addım kimi hətta Qarabağda sahibkarlar vergi və rüsumlardan da azad ediliblər. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri və sahibkarların yatırımlarıdır.
Qarabağda yerli iqtisadiyyatın dirçəldilməsi isə qeyr-neft sektorunun, yerli istehsalın və ölkəmizin ixrac potensilaının artırılmasına imkan verəcək. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir.

Mahir Həmzəoğlu