• 19 Dekabr 2024
logo
Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilib

Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilib

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 289 milyon 239 min ABŞ dolları dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 14.4% və ya 130 min 187 ədəd, dəyər baxımından isə 21% və ya 50.1 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində ölkəyə 239 milyon 116 min dollar dəyərində 906 min 676 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 474 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 448 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (811 340 ədəd), Vyetnamdan (161 684 ədəd), Hindistandan (59 496 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 150 ədəd ) gətirilib. Bu məhsul Çindən 450 manata, Vyetnamdan 586.5 manata, Hindistandan 406 manata, Amerika Birləşmiş Ştatlarından isə 1920 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 176.5 min ABŞ dolları dəyərində 944 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (354 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 317.8 manat təşkil edib.