• 14 Mart 2025
logo
Azərbaycanda 5 ildə özəlləşdirmədən dövlət büdcəsinə 515 mln. manat daxil olub

Azərbaycanda 5 ildə özəlləşdirmədən dövlət büdcəsinə 515 mln. manat daxil olub

2020-2024-cü illərdə Azərbaycanda 52 açıq səhmdar cəmiyyətinin səhmləri, 1.237 kiçik müəssisə, obyekt və icarəyə verilmiş qeyri-yaşayış sahəsi, 2.043 nəqliyyat vasitəsi, 961 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib.

Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu dövrdə 12 dövlət müəssisə və əmlak kompleksinin özəlləşdirilməsi isə investisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.

Hesabat dövrü ərzində özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub. Həmçinin, son 5 ildə özəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiya yatırılıb.

Fəaliyyətsiz və ya potensialından aşağı səviyyədə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, həmin müəssisələrə investorların cəlbi istiqamətində də işlər görülüb. Belə ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və "Aqrarkredit" QSC-nin tabeliyindəki müəssisələr, eləcə də Energetika Nazirliyinin alternativ enerji istehsalı obyektləri özəlləşdirilməyə açılıb. Həmçinin, ləğv edilmiş “Azərkontrakt” ASC-nin özəlləşdirilməsi məqsədəuyğun hesab olunan əmlakları müəyyən edilib.

Qeyd edək ki, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdə ilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiya tədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formaları qanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalı mövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilə dəqiqləşdirilib.

2020-2024-cü illərdə "Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "Şəki Şərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı Alüminium Profil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və “Bakı Beton Konstruksiyaları” MMC kimi istehsal müəssisələri uğurla özəlləşdirilib.