• 27 Dekabr 2024
logo
Sənaye bitkilərinin istehsalı və emalı kooperativi yaradıldı

Sənaye bitkilərinin istehsalı və emalı kooperativi yaradıldı

İmişli rayonunda Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin təsis konfransı keçirilib.
Trend-in məlumatına görə, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çələnginin qoyularaq xatirəsinin ehtiramla yad edilməsindən sonra başlayan tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, İmişli rayonu icra başçısının birinci müavini Səfa Ağayev, Kənd Təsərrüfatı nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, digər rəsmi şəxslər və fermerlər iştirak ediblər.
Tədbirdə Sənaye Bitkilərinin istehsalı və Emalı Kooperativinin fermerlərin və emalçıların fəaliyyətinə verəcəyi müsbət töhfələr və yaranan perspektivlər barədə ətraflı məlumat verilib. Təsis yığıncağında çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirakçıları nazir İnam Kərimovun adından salamlayaraq ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Daha sonra kooperativlərin üstünlükləri barədə danışan nazir müavini bu yeniliyin fermerlərin fəaliyyəti üçün çox səmərələi olacağını qeyd edib. O, Kooperativə üzv olacaq fermerlərin daimi alıcı imkanı və ölkə başçısı tərəfindən yeni imzalanan "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 10 faiz daha artıq subsidiya alacaqlarını, aqrotexniki dəstəklə təmin ediləcəklərini, torpaqların analizi zamanı əlavə güzəştlər əldə edəcəklərini bildirib.
İştirakçılar qarşısında çıxış edən “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Əhməd Gözəl Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın adından qonaqları salamlayaraq kooperativin fəaliyyətinin bütün tərəflər üçün çox səmərəli olacağını bildirib. Şəkər çuğunduru emalı nəticəsində melas və yanqar kimi yan məhsulların da əldə olunduğunu qeyd edən “Azərsun” rəsmisi ölkəyə melas idxalının tamamilə dayandırıldığını və çörək mayası istehsalının əsas komponenti olan bu məhsulun yerli məhsul hesabına təmin edildiyini bildirib. Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin yaradılması təşəbbüsünün faydalı olduğunu bildirən Əhməd Gözəl bütün üzvlərə uğurlar arzu edib.
Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov çıxış edərək kooperativin iş mexanizmi barədə məlumat verdi xərclər və risklərin bir neçə subyektə bölündüyü üçün kooperativə qoşulacaq şəxslərin daha çox qazanc əldə edə biləcəyini bildirib.
Onun sözlərinə görə, satınalmanın vahid mərkəzdən həyata keçirilməsi, yeni texnologiyaların əlçatanlığı və kooperativin birlik kimi kredit resurslarından daha rahat istifadə etmə imkanı bütün üzvlər üçün yeni imkanlar və daha rahat fəaliyyət şəraiti yaradacaq.
“Azərsun Holdinq”in Korporativ Əlaqələr üzrə Direktoru İlham Abdullayev də çıxışı zamanı kooperativin müsbət tərəfləri barədə məlumat verərək bütün üzvlərə uğurlar arzulayıb.
Sonda “Azərsun Holdinq”in baş aqronomu Rövşən Əliyev çuğundur sahələrinin ildən ilə genişləndiyini və kooperativin işə başlamasının hər kəsə əlavə üstünlüklər verəcəyini bildirib.
Təsis yığıncağının sonunda seçki keçirilərək fermerlər arasından Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin İdarə Heyəti və Təftiş Şurasına üzvləri seçilib.
Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xeyir-duası ilə inşasına başlanmış İmişli Şəkər Zavodu 2006-cı ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istismara verilib. Ölkəmizin qeyri-neft sektorunun ən böyük müəssisələrindən biri olan bu müəssisə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq insanların məşğulluğunun artırılması və sosial-rifah halının yüksəlməsində mühüm rol oynayır. Son illər ərzində, İmişli Şəkər Zavodunda illik 400 -450 000 ton şəkər çuğunduru emal edilir ki, bu da ölkənin şəkər tələbatının 11%-dən çoxunun yerli məhsul hesabına təmin edilməsinə şərait yaradır. Eyni zamanda, şəkər çuğunduru emalı zamanı yan məhsul kimi yaranan şəkər yonqarı mühüm yem bazası təşkil etməkdədir. Qeyd olunmuş həcmdə çuğundurdan təqribən 3000 baş südlük cins inəyin bəslənməsi üçün tələb olunan yem vahidi ödənilə billər.
Şəkər çuğundurunun əkini və becərilməsi dövrü xarakter daşıyır, yəni eyni ərazidə çuğundur 4 ildən tez olmamaqla əkilməlidir. Həmçinin çuğundurdan sonra əkin planı düzgün tərtib edildiyi təqdirdə əkilən dənli btikilərinin məhsuldarlığı minimum 30-40% daha yüksək olur. Çuğundurun da daxil olduğu rotasiyalı əkin planına əməl edilərsə, burada həm əkinçilər üçün daimi iş, həm də əvvəlcədən proqnozlaşdırıla bilinən emal məqsədli daimi məhsullar əldə olunacaq.