• 26 Dekabr 2024
logo
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başladı

Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başladı

İyulun 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunun Əliabad kəndində yem emalı müəssisəsi kənd sakinlərinin və aqrar sahədə fəaliyyət göstərən mikro və kiçik sahibkarların istifadəsinə verilib.
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində fəaliyyətə başlayan yem emalı müəssisəsindən Əliabad kəndi ilə yanaşı, ətraf kənd və qəsəbələrin sakinləri də istifadə edə bilər.
Bununla əlaqədar keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” Qalib Nəbiyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, USAİD-in proqram rəhbəri Eylin Louless və kənd sakinləri belə müəssisələrin bölgələrdə kənd təsərrüfatı və heyvandarlığın inkişafında, bu sahədə fəaliyyət göstərən mikro və kiçik sahibakarların yemə olan tələbatının ödənilməsində, eləcə də məşğulluğun təmin olunmasında əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Tədbir zamanı həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kənd sakinləri KOBİA-nın fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumatlandırılıb.
Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan taxıl təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, SEDA layihəsi çərçivəsində bu ilin may ayında Zaqatala rayonunun Qazangül kəndində də yem emalı müəssisəsi istifadəyə verilib.
Həmin gün həmçinin, Balakən rayonunun Gərəkli kəndində SEDA layihəsi çərçivəsində İnkubator müəssisəsi də fəaliyyətə başlayıb.