• 27 Dekabr 2024
logo
Azərbaycanda ilk müasir tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır

Azərbaycanda ilk müasir tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır

Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti xüsusi gəmilərlə Hövsandakı tikinti meydançasından gətirilərək quraşıdırılıb.
Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tulantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir. Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib. Xəttin quraşdırlıması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sualtı boru kəmərlərinin tikintisi və metal konstruksiyaların korroziyadan mühafizəsi sahəsində ixtisaslaşmış “Neftqaztikinti” trestinin Hövsan qəsəbəsi yaxınlığında yerləşən tikinti meydançasında həyata keçirilib.
Xəttin korroziyaya qarşı davamlılığını təmin etmək üçün borular daxildən və xaricdən xüsusi materialllarla izolyasiya olunub. Bu yaxınlarda boruların quraşdırılması işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilb.
Hidrometeoroloji proqnozlar əsasında hava şəraiti nəzərə alınaraq və dənizdə dalğaların sabit olması əsas götürülməklə xəttin daşınması üçün münasib vaxt seçilib. Xəttin uzunluğu və ağırlığı nəzərə alınaraq daşınma işlərinə xüsusi təyinatlı gəmilər cəlb olunub. Azərbaycan və koreyalı mütəxəssislərin iştirakı ilə kəmərin daşınmasına bütün marşrut boyu ciddi nəzarət olunub. Çıxış xətti 2 gün ərzində Pirşağıya çatdırılıb və əvvəlcədən hazırlanmış xəndəyə yerləşdirilib. 4 gün davam edən mürəkkəb texnoloji proses nəzərdə tutulmuş vaxtda, keyfiyyətlə və təhlükəsiz şəraitdə icra edilib. Pirşağı tullantı sutəmizləyici qurğunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Bütün bunlar nəzərə alınaraq əvvəlcədənv dənizin dibi ilə marşrut müəyyən edilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.
Qeyd edək ki, 2017-ci ildə tikintisinə başlanılmış Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90 faizdən çoxu yerinə yetirilib. Ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır. Qurğuda tullantı suları 3 mərhələdə təmizlənəcək. Əvvəlcə tullantı sularının tərkibində olan iri cismlər barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri həyata keçirilir. Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də yekunlaşmaq üzrədir. Sonuncu mərhələdə tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi nəzərdə tutulur.
Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.