Bu ilin I rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 13 mln. ABŞ dollarından artıq olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 8,3% artıb.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 2 mln. dollar olub (2020-ci ilin müvafiq dövrünün göstəricisinə bərabərdir).
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabata əsasən, cari ilin I rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 50,74 mln. kubmetr olub ki, bu da illik müqayisədə 51% çoxdur.
CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, "SOCAR Midstream Operations" isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), "Niko" (10%).