2017-ci ilin oktyabrından 2019-cu ilin ortalarınadək Bakı Taxıl Terminalında 350 ton taxıl aşırılıb.
Bunu Beynəlxalq Taxılçılıq Forumunda Bakı Taxıl Terminalı İdarə Heyətinin sədr müavini Erjan Baymuhametov deyib.
O bildirib ki, qiymət və tarif siyasəti terminalı digər taxıldaşıma platformaları ilə müqayisədə daha cəlbedici edir: “Belə ki, bir ton taxılın aşırılması 5,5 dollara bərabərdir. Novorossiysk terminalında isə bu rəqəm 22 dollara bərabərdir”.
Terminalın texnik parametrlərinə gəldikdə isə E.Baymuhametov bildirib ki, Bakı Taxıl Terminalı ən müasir avadanlıqlarla təchiz olunub və 15 min tonadək taxıl saxlamaq qabiliyyətindədir. Terminalın buraxılış gücü sutkada 1,5 min tondur: “Ümumilikdə, Azərbaycanda taxıla tələbat ildə 3,5 milyon tona yaxındır”.